Modern.az

Dini mövzulara yanaşmada medianın rolu müzakirə olunub

Dini mövzulara yanaşmada medianın rolu müzakirə olunub

Media

Bu gün, 21:33

Azərbaycan milli mətbuatının 151 illiyinə həsr olunmuş “Dini mövzuların mediada təqdimatı: Dini sabitliyin qorunmasında birgə məsuliyyət” adlı konfrans çərçivəsində “Peşəkarlıq və dini savadlılıq: mənəvi dəyərlərin qorunmasında medianın məsuliyyəti” mövzusunda panel sessiya təşkil edilib.

Modern.az xəbər verir ki, sessiyaya Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurası sədrinin müavini, əməkdar jurnalist Vüqar Zifəroğlu moderatorluq edib.

Teleradio Akademiyasının rektoru Almaz Mahmud çıxışında bildirib ki, Azərbaycanda dini jurnalistika sahəsində ixtisaslaşmış ayrıca peşəkar qurum fəaliyyət göstərmir. Onun sözlərinə görə, ölkədə müxtəlif jurnalist təşkilatları olsa da dini jurnalistika istiqamətində fəaliyyət göstərən assosiasiya və ya qeyri-hökumət təşkilatının olmaması hiss olunur.

A.Mahmud qeyd edib ki, Azərbaycanın coğrafi mövqeyi, dini müxtəlifliyi və bu sahənin həssaslığı belə bir təşkilatın yaradılmasını zəruri edir. O hesab edir ki, bu cür qurum həm jurnalistlərin peşəkarlığının artırılmasına, həm də cəmiyyətin düzgün məlumatlandırılmasına mühüm töhfə verə bilər.

Rektor çıxışı zamanı Ermənistanın işğalı dövründə Azərbaycan məscidlərində törədilən vandalizm faktlarını da xatırladıb. O bildirib ki, həmin hadisələrin beynəlxalq ictimaiyyətə çatdırılmasında media daha fəal rol oynaya bilərdi. A.Mahmudun fikrincə, media dördüncü hakimiyyət kimi bu kimi məsələlərin beynəlxalq müstəvidə gündəmdə saxlanılmasına dövlət qurumları ilə yanaşı, öz töhfəsini verməlidir.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, “Amin” verilişinin aparıcısı, filosof Müşfiq Ötkün isə dini dəyərlərin cəmiyyətə çatdırılmasında əsas məsələ kimi onların mənəvi məzmununun izah edilməsini önə çəkib. O, bildirib ki, dinin əsasını təşkil edən əxlaq və mənəviyyat insanlara yalnız məlumat şəklində deyil, mahiyyəti ilə birlikdə çatdırılmalıdır.

Filosofun sözlərinə görə, hazırda savadlı ilahiyyatçıların sayı kifayət qədər olsa da savad anlayışı daha çox məlumatlılıq və yaddaş kimi qəbul edilir. Onun fikrincə, əsas problem məhz dinin məna yaradan tərəfinin lazımi səviyyədə təqdim olunmamasıdır.

M.Ötkün əlavə edib ki, dini müzakirələrdə çox vaxt əsas mahiyyət deyil, ikinci dərəcəli məsələlər ön plana çıxarılır. O, qeyd edib ki, hansı ayaqla haraya daxil olmaq və ya hansı əlin necə istifadə olunması kimi mövzular geniş müzakirə olunsa da, dinin insanın mənəvi dünyasını formalaşdıran tərəfi diqqətdən kənarda qalır.

Diksiya Akademiyasının direktoru, natiqlik üzrə təlimçi Cəlalə Nəzəroğlu isə çıxışında Azərbaycanda dini adət-ənənələrin qorunması məsələsinə toxunub. O bildirib ki, dini ayin və rituallar bir çox hallarda ailələrin və fərdlərin mövzuya fərdi yanaşması çərçivəsində şərh olunur.

Onun sözlərinə görə, jurnalistikada dini mövzuların işıqlandırılması isə məsələyə daha fərqli baxış formalaşdırır. C.Nəzəroğlu qeyd edib ki, insanların dünyagörüşünə təsir edən keçmişdən qalan müxtəlif tabular mövcuddur və dini-fəlsəfi mövzulara yanaşarkən hər kəs daha həssas davranmalıdır.

O, həmçinin vurğulayıb ki, din ətrafında formalaşan müxtəlif baxışlar əsasən insanların fərqli dünyagörüşü ilə bağlıdır. C.Nəzəroğlu bildirib ki, dinin ilk dövrlərində də müxtəlif fikirlər mövcud olub və həmin dövrdə missionerlər təbliğat yolu ilə insanları öz təsiri altına ala biliblər.

Panel sessiyası iştirakçıların müzakirələri və suallarının cavablandırılması ilə yekunlaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda xalq ayağa qalxdı - Putin təcili təyyarə göndərdi