Modern.az

Səadət Məmmədova: Jurnalistlər “qırmızı xətt”in harada olduğunu bilməlidirlər

Səadət Məmmədova: Jurnalistlər “qırmızı xətt”in harada olduğunu bilməlidirlər

Media

Bu gün, 18:39

Qusarda keçirilən konfrans çərçivəsində “Rəqəmsal media və dini diskurs: informasiya manipulyasiyası və dezinformasiya” mövzusunda panel sessiya təşkil olunub.

Modern.az xəbər verir ki, Azərbaycan milli mətbuatının 151 illiyinə həsr edilmiş “Dini mövzuların mediada təqdimatı: Dini sabitliyin qorunmasında birgə məsuliyyət” adlı konfrans çərçivəsində baş tutan panelə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov moderatorluq edib.

Sessiyada Azərbaycan Mətbuat Şurasının sədr müavini, Əməkdar jurnalist Səadət Məmmədova, Azərbaycan İlahiyyat İnstitutunun “Dinşünaslıq” kafedrasının müdiri Anar Qafarov və Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyeva çıxış ediblər.

Paneldə açılış nitqi ilə çıxış edən Gündüz İsmayılov bildirib ki, Azərbaycanın ən böyük üstünlüyü milli birlik və qarşılıqlı hörmət mühitidir. Onun sözlərinə görə, bu dəyərlərin qorunması istiqamətində ziyalıların, media nümayəndələrinin və ictimai rəy formalaşdıran şəxslərin üzərinə mühüm məsuliyyət düşür.

Sədr müavini vurğulayıb ki, hər bir jurnalist paylaşdığı informasiya və səsləndirdiyi fikrə görə məsuliyyət daşıyır. O, qeyd edib ki, dini mövzuların işıqlandırılmasında tərəfsizlik, obyektivlik və peşəkarlıq əsas prinsip olmalı, cəmiyyətə dəqiq, balanslı və etibarlı informasiya təqdim edilməlidir. Bu yanaşmanın milli birliyin möhkəmlənməsinə və sağlam informasiya mühitinin formalaşmasına töhfə verəcəyini söyləyib.

Azərbaycan Mətbuat Şurasının sədr müavini Səadət Məmmədova isə çıxışında dini savadlılığın hər hansı dini baxışın və ya təriqətin təbliği anlamına gəlmədiyini bildirib.

Onun sözlərinə görə, dini savadlılıq dinlərə sosioloji, tarixi və mədəni fenomen kimi yanaşa bilmək bacarığıdır. Bu yanaşma formalaşarsa, dini mövzuların işıqlandırılması da manipulyasiyadan uzaq olar.

Səadət Məmmədova qeyd edib ki, sosial şəbəkələrdə dini məzmunun təsirinin artdığı bir dövrdə peşəkar medianın ictimai məsuliyyəti daha da artır. O, vurğulayıb ki, dini mövzuların işıqlandırılmasında yalnız peşəkarlıq və obyektivlik kifayət etmir, eyni zamanda ictimai məsuliyyət hissi də vacibdir. Bunun üçün jurnalistlərin hansı mövzuda “qırmızı xətt”in harada olduğunu bilməsinin zəruri olduğunu, bunun da dini savadlılıqdan keçdiyini deyib.

Əməkdar jurnalist əlavə edib ki, dini məsələlər cəmiyyətdə həssas qarşılandığından jurnalistlər bu mövzuları işıqlandırarkən əksər hallarda cəsarətdən çox ehtiyatlı davranmağa üstünlük verirlər. O bildirib ki, insanların dünya görüşü, dini baxışları və inancları fərqli olduğundan bəzən adi bir sual belə ciddi reaksiyalara səbəb ola bilir. Buna görə də dini mövzularda ehtiyatlı yanaşma ön plana çıxır.

Azərbaycan İlahiyyat İnstitutunun “Dinşünaslıq” kafedrasının müdiri Anar Qafarov çıxışında qloballaşma və rəqəmsallaşmanın milli təhlükəsizlik anlayışının məzmununu dəyişdiyini diqqətə çatdırıb.

O bildirib ki, müasir dövrdə milli təhlükəsizlik yalnız hərbi güclə ölçülmür. İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və ideoloji təhlükəsizlik də onun əsas istiqamətlərinə çevrilib. Anar Qafarovun sözlərinə görə, ideoloji təhlükəsizlik cəmiyyətin mənəvi-intellektual suverenliyinin, tarixi yaddaşının və milli-mədəni kimliyinin qorunmasını nəzərdə tutur.

Kafedra müdiri qeyd edib ki, ideoloji müharibələr görünməz xarakter daşıdığı üçün daha təhlükəlidir. Onun fikrincə, bu cür təsirlər insanların fiziki varlığını deyil, düşüncə tərzini hədəfə alır, dini anlayışlar manipulyasiya olunur, onların mahiyyəti dəyişdirilərək radikal məzmun qazandırılır.

Anar Qafarov əlavə edib ki, bütün din və məzhəbləri birləşdirən əsas dəyər əxlaqdır və dini mövzuların mediada təqdimatında da məhz bu prinsip əsas götürülməlidir.

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyeva isə bildirib ki, süni intellekt dövründə dini diskursun düzgün qurulması artıq iqtisadi deyil, daha çox sosial və mənəvi məsələ kimi qiymətləndirilməlidir.

Onun sözlərinə görə, informasiya texnologiyalarının sürətli inkişafı rəqəmsal medianın dinə təsirini əsaslı şəkildə dəyişib və bu reallıq mütləq nəzərə alınmalıdır. Şəfəq Mehrəliyeva vurğulayıb ki, dini mövzuların işıqlandırılmasında media daha məsuliyyətli davranmalıdır.

O, həmçinin diqqətə çatdırıb ki, xəbərlərin başlıqları bəzən cəmiyyətdə yanlış təsəvvür formalaşdırır. Bir xəbərin başlığı hər hansı bölgə və ya icma barədə mənfi rəy yarada bilər və sonradan bu təsəvvürü dəyişmək daha çətin olur.

Panel sessiyası iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.

Sizə yeni x var
Keçid et
İranda xalq ayağa qalxdı - Putin təcili təyyarə göndərdi