Modern.az

Dağbəyi İsmayılov: Milli mətbuat uzun və şərəfli inkişaf yolu keçib

Dağbəyi İsmayılov: Milli mətbuat uzun və şərəfli inkişaf yolu keçib

Media

Bu gün, 18:50

"Bu il Azərbaycan milli mətbuatının 151 illiyi tamam olur və bu əlamətdar tarix ölkənin media ictimaiyyəti üçün xüsusi əhəmiyyət daşıyır".

Modern.az xəbər verir ki, bu fikirləri 22 iyul – Milli Mətbuat Gününə həsr olunmuş tədbirdə Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri, AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov bildirib.

“19-cu əsrin sonlarında nəşrə başlayan “Əkinçi” qəzeti təkcə Azərbaycanda deyil, bütün Qafqazda böyük əks-səda doğurdu. Milli maarifçilik hərəkatının əsas dayaqlarından birinə çevrilən qəzetin yaradıcısı, naşiri və redaktoru görkəmli təbiətşünas Həsən bəy Zərdabinin təşəbbüsü ilə başlayan maarifçilik missiyasına dövrün digər qabaqcıl ziyalıları da qoşuldular. Onların birgə səyi nəticəsində “Əkinçi” qəzeti qısa müddətdə milli oyanışın və maarifçiliyin təbliğ olunduğu mühüm tribunaya çevrildi. Cəmi 56 nömrəsi işıq üzü görən “Əkinçi”nin ömrü qısa olsa da Azərbaycan milli mətbuatının tarixində silinməz iz qoydu”.

D.İsmayılov bildirib ki, milli mətbuat uzun və şərəfli inkişaf yolu keçərək müxtəlif ictimai-siyasi sınaqlardan uğurla çıxıb və bugünkü inkişaf mərhələsinə yüksəlib:

“Müstəqillik illərində mətbuatın inkişafında Ümummilli Lider Heydər Əliyevin xidmətləri xüsusi əhəmiyyət kəsb edir. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi, peşəkar medianın formalaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atıldı. Bu addımların ən mühümlərindən biri 1998-ci ildə senzuranın ləğv olunması oldu. Həmin qərar milli mətbuatımızın inkişaf tarixində yeni mərhələnin əsasını qoydu”.

O, qeyd edib ki, Ümummilli Liderin mətbuata və jurnalistlərə göstərdiyi diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:

“Ölkəmizdə söz və mətbuat azadlığının təmin olunması, medianın inkişafı istiqamətində ardıcıl islahatlar həyata keçirildi. Bu gün milli mətbuatımız qlobal informasiya məkanına daha çox inteqrasiya olunaraq müasir media mühitinin ayrılmaz tərkib hissəsinə çevrilib”.

MEDİA rəsmisi vurğulayıb ki, Azərbaycan mediası 44 günlük Vətən müharibəsi dövründə informasiya cəbhəsində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib:

“Mediamız operativ və obyektiv məlumatların ictimaiyyətə çatdırılmasında, dezinformasiyaya qarşı mübarizədə və Qarabağ həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılmasında mühüm rol oynadı. Postmüharibə dövründə də milli mətbuatımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sülh gündəliyi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramı barədə məlumatların ölkə və dünya ictimaiyyətinə çatdırılmasına mühüm töhfələr verir”.

Onun sözlərinə görə, müasir informasiya məkanında baş verən sürətli dəyişikliklər media sahəsində qanunvericiliyin də təkmilləşdirilməsini zəruri edib.

“Bu baxımdan 2021-ci ildə qəbul edilən “Media haqqında” Qanun media fəaliyyətinin hüquqi əsaslarını müəyyənləşdirərək vahid tənzimlənmə çərçivəsi formalaşdırıb. Sonrakı dəyişikliklər isə media mühitinin müasir çağırışlara uyğun inkişafına və peşəkar jurnalistikanın gücləndirilməsinə xidmət edib. Həmin il Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Medianın İnkişafı Agentliyi milli mətbuatımızın inkişafı və media subyektlərinin dəstəklənməsi istiqamətində mühüm rol oynayır”.

D.İsmayılov onu da əlavə edib ki, artıq dörd ildir Milli Mətbuat Günü ərəfəsində keçirilən Şuşa Qlobal Media Forumu beynəlxalq media ictimaiyyətinin diqqət mərkəzində olan nüfuzlu platformaya çevrilib:

“Dünyanın müxtəlif ölkələrindən çoxsaylı media nümayəndələrini, jurnalistləri və ekspertləri bir araya gətirən forum qlobal informasiya gündəliyinin aktual məsələlərinin müzakirəsi üçün əlverişli imkan yaradıb. Azərbaycan mediası bu platformada ölkəmizin media sahəsində əldə etdiyi nailiyyətləri və beynəlxalq informasiya məkanında artan rolunu nümayiş etdirib. Prezident İlham Əliyevin hər bir forumda şəxsən iştirak edərək beynəlxalq media nümayəndələrinin suallarını cavablandırması bu platformanın əhəmiyyətini daha da artırır. Bu il “Sülhün təbliğində medianın missiyası: həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumu da dünya ictimaiyyətinin böyük marağına səbəb oldu”.

O, bildirib ki, bu gün Azərbaycan mediası informasiya yayımı ilə yanaşı, milli maraqların qorunması və tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində də mühüm missiya yerinə yetirir:

“İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin, Böyük Qayıdış Proqramının və bölgədə formalaşan yeni reallıqların operativ işıqlandırılması Azərbaycanın mövqeyinin dünyaya çatdırılmasına, cəmiyyətdə milli həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verir”.

Sonda Dağbəyi İsmayılov media nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib:

“Əziz həmkarlar, peşə bayramınız münasibətilə hər birinizi bir daha ürəkdən təbrik edir, sizə yeni-yeni yaradıcılıq uğurları və böyük nailiyyətlər arzulayıram”, - deyə o qeyd edib.

Sizə yeni x var
Keçid et
Rusiya İlham Əliyevi hədəf aldı - Kremldə dəliliyin ən son həddi