Modern.az

Makedoniyada seçkilərin II turu mayın 5-də keçiriləcək

Makedoniyada  seçkilərin II turu mayın 5-də keçiriləcək

Dünya

22 Aprel 2019, 23:29

Aprelin 21-də Şimali Makedoniya Respublikasında keçirilən prezident seçkilərində namizədlərin heç biri yetərincə səs toplaya bilməyib. Səsvermənin ikinci turu mayın 5-də keçiriləcək.

Modern.az xəbər verir ki, bunu Şimali Makedoniyanın xarici sərmayə üzrə dövlət naziri, bu ölkədə fəaliyyət göstərən Türk Hərəkat Partiyasının sədr müavini Elvin Həsən söyləyib.

Türk Hərəkat Partiyası ilə Sosial Demokrat Partiyasının bir blokda seçkilərə qatıldığını diqqətə çatdıran nazir deyib: “Şimali Makedoniya Respublikasının türk icması olaraq ölkəmizdə birlik və bərabərlik tərəfdarıyıq. Biz ölkəmizdə demokratiyanın inkişafı üçün böyük səylər göstəririk. Hazırkı prezident seçkilərində namizədimiz Stevo Pendarovskidir. Əminik ki, Stevo Pendarovski səsvermənin ikinci turunda seçicilərin əksəriyyətinin etimadını qazanaraq prezident seçiləcək. Hədəfimiz Avropa İttifaqının ən fəal üzvü olmaq, sabitlik və inkişaf yolu keçməkdir. Biz ölkəmizdə hər bir problemin demokratik yolla, ədalətli olaraq çözülməsini istəyirik”.

Nazir Elvin Həsən açıqlamasında Azərbaycana olan böyük sevgisini ifadə edərək bildirib ki, ölkəmizin inkişafı avropalı türklər üçün qürurvericidir. Bütün haqq işində Azərbaycanın və azərbaycanlıların yanındayıq. Hər bir fürsətdə azərbaycanlı qardaşlarımızın hüquq və maraqlarını müdafiə etməyə hazırıq.

Qeyd edək ki, Elvin Həsən Şimali Makedoniya Respublikasının hökumətində təmsil olunan yeganə türkəsilli nazirdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır