Modern.az

Xalq artisti Arif Məlikov vəfat etdi

Xalq artisti Arif Məlikov vəfat etdi

9 May 2019, 12:25

Azərbaycanın dünya şöhrətli bəstəkar, Xalq artisti Arif Məlikov 85 yaşında vəfat edib.

Bu haqda Modern.az-a mərhumun sənət yoldaşları məlumat veriblər. Bildirilib ki, bəstəkarla vida mərasimi  bu gün saat 14:30-da Bakı Musiqi Akademiyasında keçirilləcək.

Bəstəkar və rəssam, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, xalq artisti, Dövlət mükafatı laureatı, professor Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1958-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirib. Həmin ildən orada dərs deməyə başlayıb. A.Məlikov son günlərədək orada professor və bəstəkarlıq kafedrasının müdiri kimi çalışırdı. 

Bəstəkar Arif Məlikovun yaradıcılığı parlaq istedad və özünəməxsuluq ilə səciyyələnir. O, öz əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış edirdi. Onun yaradıcılığına yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi xasdır.

Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri - ”Məhəbbət əfsanəsi” baleti Arif Məlikova dünya şöhrəti qazandırıb.

Bəstəkarın sonrakı yaradıcılıq uğurlarından biri özbək yazıçısı Ş.Rəşidovun ”İki qəlbin kitabı” əsəri əsasında yaratdığı ”İki qəlbin poeması” baleti olub. Arif Məlikovun əsərləri onun yeni formalar, yeni konstruktiv yollar axtarışını əks etdirməklə müəllifin yaradıcılığının genişmiqyaslı olduğunu və rəngarəngliyini nümayiş etdirir.

Arif Məlikovun əsərləri dünyanın bir çox ölkələrində - Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Yuqoslaviya, Bolqarıstan, Ruminya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Almaniya, Özbəkistan, Qazaxıstan, Moldova, Ukrayna və Gürcüstanda ifa olunub. 

Bəstəkar “Şöhrət”, “İstiqlal”, “Heydər Əliyev” ordenləri ilə təltif edilib.


Allah rəhmət eləsin...

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi