Modern.az

“Hamı düşünürdü ki, yeni sədr bu işlərin öhdəsindən necə gələcək” - Şura üzvlərindən AÇIQLAMA

“Hamı düşünürdü ki, yeni sədr bu işlərin öhdəsindən necə gələcək” - Şura üzvlərindən AÇIQLAMA

İqtisadiyyat

28 İyun 2019, 09:53

Qaçqınların və Məcburi Köçkünlərinin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyinin dəyişməsindən bir ildən çox vaxt keçir.  Bu müddətdə xeyli işlər görülüb, paytaxtda və bölgələrdə yeni köçkün şəhrəciklərinin açılışı gerçəkləşib.


Bəs Komitənin son bir ildəki fəaliyyəti necə qiymətləndirilir?


Modern.az saytı bununla bağlı Komitə yanında İctimai Nəzarət Şurasının üzvlərinin fikirlərini öyrənib. 

 

Şuranın üzvü, Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu öncə xatırladıb ki, komitənin sədri Rövşən Rzayev özü də işğal olunmuş region təmsil edir:


“Onu çoxdan tanıyırıq. Qaçqın və məcburi köçkünlərlə bağlı problemlərin içərisində qovrulub bişən birisidir. Xatırlayıram ki, İctimai Şura formalaşarkən ilk görüşümüzdə Rövşən müəllim belə ifadə işlətdi: “Mən sizə kişi sözü verirəm ki, imkanım çatdığı qədər çalışacam ki, yeni komandamız tam ədalətlə, şəffaf işləsin”. O, verdiyi sözün üzərində elə kişi kimi də dura bildi. Biz İctimai Şura olaraq, tez-tez toplaşmağa çalışır və komitənin fəaliyyətində yaxından iştirak edirik”.


U.Rəhimoğlu qeyd edib ki, ictimai şuranın üzvləri Bakıda və Sumqayıtda, eləcə də digər regionlarda məcburi köçkünlərin həyat şəraiti ilə tez-tez tanış olurlar:


“Mənzillərin bölüşdürülməsi, köçkünlərə yönəlik sosial problemlərin həlli məsələlərində Şura üzvləri həmişə prosesin içərisindədirlər. Hesab edirəm ki, “Dövlətqaçqınkom”un son 1 ildəki fəaliyyəti cəmiyyətimiz, dövlətimiz üçün çox faydalı olub”.


“Xankəndi-Məcburi Köçkünlərə Dəstək” ictimai birliyinin sədri Xatirə Vəliyeva bildirib ki, “Dövlətqaçqınkom”un hazırkı fəaliyyətindəki şəffaflıq açıq-aydın hiss olunur:


“Mən İctimai Şurada təmsil olunduğuma görə, bunu əminliklə deyirəm. Məsələn, biz köçkünlərin məskunlaşdığı yataqxanalara getmişdik. İnsanlarda sanki bir növ inamsızlıq, qorxu, fobiya var idi ki, pul alıb, ev verəcəklər. Köçkünləri ev almaq üçün heç bir məbləğ ödəməyəcəkləri haqqında maarifləndirməyə çalışdıq. Hətta nömrələrimizi verdik ki, onlardan pul tələb edildiyi təqdirdə bizimlə əlaqə saxlasınlar. Həqiqətən də sakinlərdən pul alıb, ev vermək vədi ilə aldadan dələduzlar olub. Həmin şəxslər “Qaçqınkom”un adını ləkələməyə çalışıblar. Belə əməllərin qarşısı vaxtında alındı”.


Xatirə Vəliyevanın sözlərinə görə, Dövlət Komitəsinin fəaliyyətinə nəzarət üçün jurnalistlərin, qeyri-hökumət təşkilatları nümayəndələrinin dəvət olunması qurumun sosiallaşması istiqamətində müsbət addımdır:


“Elə bir məcburi köçkün ola bilməz ki, komitəyə ünvanladığı sualın cavabsız qaldığını iddia etsin. “Qaçqınkom”un sosial şəbəkə hesablarında, əlaqə nömrələrində ciddi aktivləşmə var və bütün müraciətlərə baxılır”.


“Dövlətqaçqınkom” yanında İctimai Şuranın digər üzvü, “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev də komitənin yeni rəhbərlik dönəmindəki fəaliyyətindən razılıq edib:


“Qaçqın və məcburi köçkünlərin problemləri birbaşa, yeni yanaşmalar tətbiq edilərək həll olunur. Rövşən Rzayev bu işlərin öhdəsindən uğurla gəlir. “Qaçqınkom” sədri bütün qaçqın və məcburi köçkünlərin problemləri ilə yaxından tanış olur, onları birbaşa dinləyib, tapşırıqlar verir. O, qəbulları açıq şəkildə, geniş miqyasda həyata keçirdi. Rövşən müəllim praktikanı dərindən öyrənərək, ölkə başçısının onun qarşısına qoyduğu məsələləri yerinə yetirməyə çalışdı. Onun təyinatına qədər qurumun fəaliyyətində ciddi narazılıq var idi. Qaçqın və məcburi köçkünlərə verilən evlərin bölüşdürülməsi məsələsində problemlər qalırdı. Bu sahədə dələduzların fəaliyyətini məhdudlaşdırmaq üçün “Qaçqınkom”un yeni rəhbərliyi şəffaflığı təmin edə bildi.

 

Məcburi köçkünlərin məskunlaşması üçün yeni binaların tikilməsi ən vacib məsələlərdən biridir. Burada xüsusi məqam obyektivliyin təmin edilməsi oldu. Bərbad yataqxanalarda qalanların yeni evlərə köçürülməsi istiqamətində mühüm işlər görülüb. Ən əsası komitə artıq qaçqın və məcburi köçkünlərin inamını, etimadını qazana bilib. Hər bir vətəndaş üçün “açıq qapı” prinsipi, sədrlə birbaşa görüş imkanı yaradılıb”.


Ə.Nuriyev onu da əlavə edib ki, komitənin fəaliyyətində daha bir yenilik ictimai nəzarətin təmin olunmasıdır:


“Bütün bunlar göstərir ki, Komitə sədri qurum işini aktiv qurmağa çalışır və hətta buna nail olub”.


Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu da “Dövlətqaçqınkom”un son 1 ildəki fəaliyyətini yüksək dəyərləndirib:


“Mən hər zaman obyektivliyin tərəfdarı olmuşam. Rövşən Rzayev komitə sədri təyin ediləndən indiyə qədər vicdanı, qanı-canı ilə çalışır. O, obyektivliyi təmin etməyə, məcburi köçkünlərin problemlərinə can yandırmağa çalışır. Onun kimi insanların vəzifəyə qoyulmağını arzu edərdim.

Azərbaycanda ən ağır sahə köçkünlərin problemləri, onlarla məşğul olmaqdır. Sevindirici haldır ki, Rövşən Rzayev bu işin öhdəsindən gələ bilir. Adam hansısa problemi  aradan qaldırmağa can yandırır. Ümid edirəm ki, Rövşən müəllimin fəaliyyəti nəticəsində “Qaçqınkom”un əvvəlki dövründə mövcud olan nöqsanlar tamamilə aradan qalxacaq”.


“Zəfər” Şəhid ailələrinə dəstək İctimai Birliyinin rəhbəri, Aprel şəhidi Raquf Orucovun həyat yoldaşı Sevinc Alıyevanın sözlərinə görə, Rövşən Rzayev “Dövlətqaçqınkom”a sədr təyin olunanda hamının bir düşüncəsi var idi – o, ən çətin sahəyə gətirilir:


“Hər kəs düşünürdü ki, yeni sədr bu işin öhdəsindən necə gələcək. Onun əksəriyyəti gənclərdən ibarət olan peşəkar komandası böyük işlər görə bildi. Biz hər ay komandanın yeniliklərini, siyasətinin dəyişdiyini gördük. İnsanlar artıq “Qaçqınkom”a istədiyi kimi gəlib, əlaqə yarada bilirlər. Sədrin qaçqın və məcburi köçkünlərlə mütəmadı görüşləri, onlarla ünsiyyəti göstərdi ki, Rövşən Rzayev işinin öhdəsindən layiqincə gələ bilir. Problemlər çoxdur. İndiyə qədər yığılıb qalmış problemlərin hamısının cəmi 1 ildə həllini Rövşən müəllimdən gözləsək, ədalətsizlik olar. Əsas odur ki, o problemləri həll etməyə çalışır və daim köçkünlərlə bir yerdədir. Mənə elə gəlir ki, “Qaçqınkom”un bundan sonrakı fəaliyyətində daha yaxşı işlərə şahidlik edəcəyik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?