Modern.az

Cəbhədəki erməni təxribatlarının səbəbi Paşinyandır

Cəbhədəki erməni təxribatlarının səbəbi Paşinyandır

Qarabağ

18 İyul 2019, 14:19

Bir müddət cəbhə xəttində nisbi sakitlik olsa da son günlər ermənilər yenidən təxribatlar törətməyə başlayıb. Belə ki, ötən gün Göygöldə mülki traktora atəş açılıb.

Bu gecə isə ermənilər iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub. Bəs görəsən bunun səbəbi nədir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycanın eks-xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov bildirib ki, bu təxribatların əsas səbəbi baş nazir Nikol Paşinyan adminstrasiyasıdır.

 

“Bəlli olub ki, onun əsas məqsədi hərbi əməliyyatları bu və digər şəkildə bərpa etməkdir. Çünki Paşinyan istəyir ki, daxildə olan problemləri həll etsin, bununla da xarici problemlərin bir qismi həllini tapsın. Başa düşür ki, Rusiya onu qəbul etmir. Paşinyanın məqsədi odur ki, hərbi əməliyyatın bərpası və nəticəsinə baxmayaraq Rusiya tərəfini lazım köməklik göstərmədiyinə görə ittiham etsin. Sonra da qərbyönümlü siyasətini açıq aşkar həyata keçirsin. Bununla iki məsələni həll edir, birincisi Qərbin dəstəyini alacaq, ikincisi də daxildə olan müxalifəti qarşısına keçəcək ki, sizin sevdiyiniz Rusiya bizə kömək etmədi, xəyanət etdi. Təxminən strategiyası bundan ibarətdir”.

 

T.Zülfüqarov deyib ki, təbliğat baxımından Azərbaycan Ermənistanın planlarını açmalıdır.

 

“Beynəlxalq ictimaiyyətə çatdırmalıyıq ki, nəyə görə Ermənistan bu addımları atır. Təbii ki, hərbi cəhətdən lazımi tədbirlər görülməlidir. Əgər onlar təkrar belə addımları davam etdirsələr, hərbi cəhətdən onlara elə bir zərbə vurulmalıdır ki, işğalçı siyasətlərindən ciddi şəkildə imtina etsinlər”.

 

Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, başıpozuq, heç bir qayda-qanuna tabe olmayan erməni silahlı birləşmələri cəbhədə mütəmadi olaraq atəşkəsi pozurlar.

 

“Bu gün də Müdafiə Nazirliyi məlumat verdi ki, atəşkəs 25 dəfə pozulub. Bundan əvvəl verilən məlumatlarda deyilirdi ki, atəşkəs ara-sıra pozulub. Mən düşünürəm ki, Ermənistan silahlı qüvvələri idarə olunmur.

 

İndiyə qədər mən dəfələrlə demişəm ki, onlar öz ağalarının, yəni onlara havadarlıq edənlərin sözləri ilə daha çox oturub dururlar. Onların ağaları Rəsmi Moskvadır, oradan nə göstəriş gəlirsə, onu həyata keçirirlər. Ermənistan ordusu başıpozuq dəstə olaraq qalıb, bundan sonra da bizim nəyəsə ümid etməyimiz doğru olmaz”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir