Arxiv
5 Avqust 2019, 08:33 | REPORTAJ
Yaddan çıxmış sənətkarlar: Ölümün tez apardığı aktyor - Tunc Vəli, Brodyaqa...

“Qaçaq Nəbi” filmində Tunc Vəli, “Bəyin oğurlanması”nda Brodyaqa, “Tütək səsi”ndə Muxtar və daha neçə-neçə obraz... Yəqin ki, həmin filmləri və adları çəkilən qəhrəmanları xatırladınız.. 

Modern.az
saytı “Yaddan çıxmış sənətkarlar” layihəsində bu dəfə həmin rolların ifaçısı olmuş aktyor haqqında xatirələri sizə təqdim edir.


Söhbət fəxri ad almadan bu dünyaya vida etmiş Gümrah Rəhimovdan gedir.


Gümrah Kərim oğlu Rəhimov 1944-cü ilin 6 dekabrında Gürcüstanın Borçalı mahalının Sarvan kəndində anadan olub. 1952-ci ildə Marneuli Pedaqoji Texnikumu nəzdindəki ibtidai məktəbin birinci sinfinə gedib, 1956-cı ildə 1 nömrəli Marneuli Azərbaycan orta məktəbinin 5-ci sinfinə keçib, 1963-64-cü tədris ilində həmin məktəbi bitirib. Uşaqlıqdan məlahətli səsə malik olan Gümrah çalıb-oxumağı sevirdi. Buna görə də böyük qardaşlarının məsləhətilə sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinə verir və oraya da daxil olur.
Gümrah Rəhimov institutu müvəffəqiyyətlə qurtarır, təyinatla Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının aktyorluq şöbəsinə işə götürülür. İşlədiyi az bir müddət ərzində 44 filmdə böyük və kiçik, lakin yaddaqalan rollar oynayıb.

Gümrah Rəhimov “Qaçaq Nəbi” filmində Tunc Vəli obrazına görə Azərbaycan Dövlət mükafatına layiq görülüb.

Tunc Vəli filmdə çox maraqlı obrazlardan biridir. O, mərd olduğu qədər də, saf insandır. “Bizdən yaz e, qoy görsünlər ki, analar necə oğullar doğub e”, “sən öl, ananı ağlar qoyaram” kimi sitatlar Tunc Vəlinin hesabına məşhurlaşıb. Bu gün də onlardan istifadə olunur.
Amma Tunc Vəlinin iki epizodda işlətdiyi sitatr bu gün daha məşhurdur:

“Koxa canuvu dərd-azar alsın, süpürgə bığların soyxana qalsın”.


Gümrah Rəhimov “Bəyin oğurlanması”, “Dədə Qorqud”, “Qaçaq Nəbi”, “Qərib Cinlər diyarında”, “Tütək səsi”, “Babək”, “Nəsimi” filmlərində yaddaqalan obrazlar canlandırıb..

Gümrah Rəhimov istedadının püxtələşdiyi bir dövrdə - 1994-cü il martın 26-da 49 yaşında vəfat edib.


Yaxın dostun xatirələri

Sənətkarın yaxın dostu rejissor və aktyor Əbdül Mahmudov Gümrah Rəhimovla bağlı xatirələrini Modern.az-a bölüşüb. Əbdül Mahmudovun sözlərinə görə, Gümrah onun uşaqlıq, gənclik dostu, qonşusu olmaqla bərabər, həm də yaxın sənət yoldaşı idi:

“Hələ onun kimi işinə, ailəsinə, dostlarına qarşı səmimi, qayğıkeş və diqqətli ikinci bir adam görməmişəm. Demək olar ki, rejissoru olduğum bütün filmlərdə Gümrah rol alıb. Kinostudiyada ona Gümrah deyən az adam tapılardı. Hamı ona “ölüm” deyərdi, çünki qəribə bir şirinliyi vardı, hamı da “ay ölüm, ölüm” deyə  müraciət edərdi ona. Məhlədə hər kəs onun başına and içirdi. İnanın məhləyə girəndən evədək balacadan böyüyə hər kəslə görüşə-görüşə, salamlaşa-salamlaşa gedirdi. İstər kino aləmində istərsə də dostları, yaxınları üçün Gümrahın bir başqa yeri var. İndi də o insanların yanında Gümrahın adını çəksəniz inanın ki, ancaq xoş sözlər eşidərsiniz. Uzaq və ya yaxın fərq etmirdi, hamının xeyir-şər işlərinə yarıyan biri idi. Bir də görürdün ki, zəng elədi: “Ay Əbdül, filan yerdə filan adamın yaxını ölüb e, gedək başsağlığı verək”. Ya da toy olardı o qədər həvəslə iştirak edirdi ki, baxan deyərdi ki, yəqin toy sahibinin ailəsindəndir, yaxınıdır”.


Canlandırmaq istədiyi bəzi obrazlar var idi

Əbdül Mahmudov: “Teatrdan fərqli olaraq, kinoda hər istədiyin obrazı canlandırmaq nisbətən çətin olur. Çünki bədii şura, rejissorun ssenaridən dolayı razılığı alınmalıdır.  O kino aləmində “Qanlı zəmi” (“Qaçaq Nəbi”) filmindəki Tunc Vəli obrazından sonra daha çox tanınmağa başladı. Və tez-tez bir sıra filmlərdə rol alması üçün təkliflər alırdı. Deyirlər ki, rolun böyüyü-kiçiyi olmur, aktyorun böyüyü-kiçiyi olur. Gümrahın müxtəlif janrlı filmlərdə yaratdığı epizodik rolların hər biri indi də sevilir. Bütün rejissorlar istəyirdi ki, Gümrah onun filmində oynasın. Rejissorlar canlandırdığı rollardan çox, onun xarakterini, şən əhvalını sevirdilər”.


“Kollektivin üzünü güldürməyi bacarırdı”

Əbdül Mahmudov Gümrah Rəhimovla bağlı maraqlı bir əhvalat da danışıb:


“Yadımdadır, Xarəzmdə “Nəsimi” fimini çəkirdik.  Heç bir şərait yox, xarabalıq  və dəhşətli istilər vardı. Çəkilişləri istiyə görə ancaq səhər tezdən ya da axşamlar gerçəkləşdirə bilirdik. Bir də görürüdün axşam gəlir “Ay ölüm, gəl, yığışırıq filankəsin otağına”. Yığırdı bütün kollektivi bir otağa. Kimi domino oynayırdı, kimi kart, kimi də şahmat. O çətin şəraitə baxmayaraq, hamının kefi kök olurdu. Qoymazdı ki, kollektivdə dava düşsün, söz-söhbət yaransın. Hər şeyi zarafata salıb hamını yaxşı mənada yola verirdi.  Bir dəfə Kəlbəcərdə çəkilişdə idik. Elə oldu ki, Gümrah Gürcüstana – doğulduğu bölgəyə getməli oldu. Biz də ona tapşırdıq ki, qayıdanda əliboş gəlmə, bizə siqaret gətir. Onda Gümrah çəkiliş vaxtı məşhur  aktyor Şahmar Ələkbərovla bir otaqda qalırdı. Gürcüstandan qayıdanda Şahmara, mənə, bir də Rasim Balayevə bir blok siqaret hədiyyə elədi. Bizə düşən payı çəkdik qurtardıq, gördük ki, Gümrah hər gün bir dənə siqaret çəkir. Nəysə, Rasimlə Şahmar bir gün bunu izləyib, siqaretin yerini tapdılar. Heç Gümraha demədən, hər gün bir qutu siqaret götürüb çəkirlərmiş. Gümrah da siqaretin əskildiyini görüb heç kimə bildirə bilmirmiş. Çünki hamıya demişdi ki, gətirdiyi bütün siqaretləri paylayıb. Bir gün istirahət vaxtı Şahmarla Rasim siqaret çəkəndə Gümrah dözməyib dedi ki, “ayə ölüm, mən siqareti gizlətmişəm ki, arada özüm çəkim. Utandığımdan söz də deyə bilmirəm, siz axı bütün bloku çəkib qurtardınız”.  İndiyədək o əhvalat kinostudiyada danışılır.  Baxmayaraq ki, deyirlər gürcüstanlılar möhkəm şərab içən olurlar, amma Gümrahın içki ilə arası yox idi”.


“Həmişə deyirdi ki, ad almağa ehtiyac yoxdur”


Əbdül Mahmudov: “Gümrah fəxri ad almamışdı. Deyirdi ki, “heç kimin qapısını döyüb ağız aça bilmərəm ki, mənə ad versin. Çünki birdən müraciət edərəm, mənə ad verməzlər, bu da məni çox utandırar”.  Əslində özü ürəkdən istəsəydi, bir az səy göstərsəydi heç şübhəsiz ki, o da fəxri ad alacaqdı. Bu gün Azərbaycanda Dövlət Mükafatı laueratları çox azdır. Ən qəribəsi də odur ki, Gümrah bu mükafata digərlərindən fərqli olaraq, Xalq artisi, Əməkdar artist adı almadan birbaşa layiq görüldü”.



Aktyorun ortancıl övladı danışır

Gümrah  Rəhimovun ortancıl övladı Günay Rəhimova da atası ilə bağlı öz xatirələrini Modern.az-la bölüşüb:

“O, ata kimi bizə heç nəyi qadağan etməmişdi, müasir düşüncəli insan idi. 
Sürpriz etməyi çox sevirdi. Harda dəbdə olan geyimlər var idisə, onu ilk atam alıb gətirərdi. Təbii ki, çox açıq-saçıq geyim də sevməzdi, lakin geri düşüncəli də deyildi. Biz də çalışırdıq ki, ona layiq olaq, hər şeyin həddini bilək. Ona görə də atam bizə “olmaz”  sözü demirdi. 
Bir dəfə həyətdə uşaqlarla oturmuşdum. Atam da bizi müşahidə edirmiş, görüb ki, yanımdakı uşağın ayaqqabısına maraqla baxıram. Axşam evdə olanda məndən soruşdu ki, “yaman maraqla baxırdın e qızın ayaqqabılarına, nə olub belə?”. Dedim ki, “heç e, çox  xoşum gəldi, ona görə baxırdım”.  Əslində evdə ayaqqabım çox idi, amma uşaqları bilirsiniz də, təzə nəsə olanda ondan istəyirlər. Hə, elə bircə kəlmə onu soruşdu. Səhəri gün gördüm ki, mənə həmin ayaqqabıdan alıb gətirib. Ümumiyyətlə, hədiyyə almağı çox sevirdi. Anama da  hər bayramda gül alardı. Başqa ölkələrə çəkilişə gedəndə hər ölkəyə xarakterik suvenir ya da başqa bir şey alıb gətirərdi. Mənə aldığı həmin əşyaların çoxunu hələ də saxlayıram”.


“Atama qız bəyəndirə bilmirmişlər”

“Atam gəncliyində çox yaraşıqlı olub. Ailəsi ona çox qız göstərib ki, bəlkə birini bəyənib evlənə. Ancaq atam evlənəcəyi qadını özü seçmək istəyib. O vaxt  anam atamgilə yaxın qalırmış. İkisi də bir-birini bəyənib, sevib ailə qurublar. Evlənəndən sonra atam anamı da götürüb Bakıya köçüb.  Gürcüstana ara-sıra gəzməyə  gedirdilər. Atam ölənədək Bakıda yaşadı. Çünki işi, evi burada idi”.



“Komik obrazları canlandırmazdı


Günay Rəhimova: “Atam komediya janrında olan filmlərdə rollar canlandırmayıb. Xarakter olaraq ciddi adam olduğu üçün ciddi rollarda oynayırdı. 40-dan çox filmdə, “Mozalan” kinojurnalında bir çox obrazları canlandırıb. “Mozalan”ın  özündə belə ona ciddi obrazlar verilirdi. Ona nə rol verilirdisə, hamısına sevgi ilə yanaşıb ürəklə oynayırdı. Ən sevdiyi obrazı “Tunc Vəli” idi. Gördüyü işlərdən, oynadığı rollardan bizə danışmağı sevirdi. Bir dəfə danışırdı ki, canlandırmalı olduğu səhnələrin birində at sürmək məqamı var imiş. Deyirdi ki, filmdəki digər aktyorları at sürmək epizodunda dublyorlar əvəzləyirdi, atamı isə yox. Onun özü at sürürdü. Düzdür, bir neçə dəfə atdan yıxılmışdı, amma bu işi görmək ona çox xoş gəlirdi, həm də istəyirdi ki, at sürməyi özü bacarsın.
Atamın yaxşı səsi var idi, dostları ilə bir araya yığışanda ondan oxumağı xahiş edirdilər. Düzdür, müğənni deyildi, amma kef məclisi olan kimi hamı istəyirdi ki, atam oxusun. O, müğənnilər kimi toylara getmirdi, zövq üçün oxuyurdu”.


“Aktrisalarla yaxşı münasibəti var idi


“Bayaq dediyim kimi, atam cavanlığında çox yaraşıqlı olub. Anama da demişdi ki, onunla evlənməzdən qabaq çox qızla münasibəti olub. Xanım həmkarlarıyla da münasibəti yaxşı idi. Lakin heç yadıma gəlmir ki, anam atamla qısqanclığa görə mübahisə etsin. Atam özünü hansısa üsulla sübut edib anamı inandıra bilirdi”. 
 


“Qardaşım doğulanda çox sevinmişdi”

“Kərim dünyaya gələndə atam çox xoşbəxt idi. Necə deyərlər 40 gün-40 gecə toy-bayram elədi. İki qızdan sonra oğlunun olması onu çox sevindirirdi. Qardaşıma atasının adını qoydu.  Düzdür, tale ona oğlu ilə çox vaxt keçirməyə imkan vermədi, amma Kərimi çox istəyirdi.
Atam öləndə qardaşımın 7 yaşı var idi. Kərim azyaşlı olduğu üçün atamın onunla  bağlı xüsusi arzuları hələ yox idi. Açığı, bizə də konkret olaraq hansı ixtisası, hansı sahəni seçməyimiz barədə bir söz deməmişdi. Bizi sərbəst buraxmışdı ki, özünüz seçin, sevdiyiniz sahədə işləyin”.


“Atamın yolunu heç birimiz davam etdirmədik”


“Bəzən məni özü ilə səfərlərə aparırdı. Çəkiliş prosesində də bəzən onunla birgə olurdum. Bir dəfə filmə çəkilirdim, ağlamalı idim. Atamı görüb heç cür ağlaya bilmirdim. Rejissor atama dedi ki, sən çıx get, bəlkə bu uşağı ağlada bildik. Üstümə qışqırdılar, danladılar, ancaq ağlamadım. Atamı görmüşdüm axı, bilirdim yanımdadır, necə ağlayardım. Böyüyəndən sonra filmlərdə çəkiməyə icazə vermədi. Deyirdi qadın üçün çətin işdir. Mən də israr eləmədim, onsuz da bilirdim ki, istəsəm də faydası olmayacaq”.


“Öləcəyi sanki ürəyinə dammışdı”

“Təzyiqi yüksək olduğuna görə həmişə üstündə üstündə dəmir əşya gəzdirərdi.  Bir gün halı lap pisləşdi, anam da evdə yox idi. Zəng elədik təcili yardıma, amma artıq gec idi. Damarı partlayıb beyninə qan sızmışdı. O hadisədən sonra müayinə və müalicəsi üçün bir çox həkimlərin yanına getdik. Dostlarının hamısı səfərbər oldu ki, atamı ayağa qaldırsınlar. Lakin dedilər ki, xeyri yoxdur, onda çünki insultun pis forması baş vermişdi. 
Atam vəfat edən gün anam evdə yox idi, yas yerinə getmişdi. Anam evdən çıxmazdan qabaq ona dedi ki, bəlkə getməyəsən. Anam səbəbini soruşanda dedi ki, “nəsə bir təhərəm, danışanda əziyyət çəkirəm”.
Sən demə damarı tədricən quruyubmuş, bilməmişik. Anam da zarafata saldı ki, “heç nə olmaz sənə..”.
Heç həmin söhbətin üstündən bir saat keçmədi ki, atam qalxıb mətbəxə keçdi ki, su içsin. Elə bil kimsə mənə dedi ki, dur atanın arxasınca get. İnanırsınız, elə mən onun yanına çatan kimi ayaqları boşaldı, yıxılanda mən tutdum”.



“Dəfninə dörd bir tərəfdən axın olmuşdu”

“Hamı ilə xoş münasibəti var idi, qonşular aktyor olduğu üçün xüsusi olaraq hörmətini saxlayırdılar. İnanırsınız, o, dünyasını dəyişən gün nə evimizdə, nə də binanın blokunda oturmağa yer qalmamışdı. Çünki bacardığı qədər hamıya kömək edərdi, heç kimi əliboş qaytarmazdı. Yaxşı vəzifədə işləyən dost-tanışları var idi. Kiminsə işə ehtiyacı olurdusa, atama müraciət edirdi. Atam da çalışırdı ki, heç kimi əliboş geri qaytarmasın”.


“Dostlarının ayağı qapımızdan kəsildi”

“O öləndə mənim 15,  bacımın 16 yaşı var idi. Anam işləyirdi deyə, qardaşıma növbə ilə bacımla mən baxırdıq. 
Təəssüf ki, atam öləndən sonra bir qabdan xörək yediyi dostları bizimlə demək olar ki, heç maraqlanmadılar. Bura aktyorlar, sənət yoldaşları da daxil idi. Lakin bir dostu var idi, sağ olsun, bacımla mənim işləməyimizə çox kömək oldu.  O dostu sənət adamı deyildi, Gürcüstandan idi, atamın yerlisi...”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hamıdan uşaq, hamıdan qoca - 55 yaşlı Rəşad Məcid 21 Avqust 2019, 09:20 Xəzərin sahilindəki nəzarətsiz çimərliklər qapadılmasa, ölüm-itim ARTACAQ 21 Avqust 2019, 08:48 206 əcnəbi Azərbaycandan qaçqın statusu almaq istəyir - RƏSMİ 21 Avqust 2019, 08:28 Çempionlar Liqasında pley-off: 3 oyun keçirildi, bu gün daha 3-ü olacaq - TƏQVİM 21 Avqust 2019, 08:19 Manat bu gün hansı məzənnə ilə satılacaq... 21 Avqust 2019, 08:08 Güclü yağış 4 nəfərin ölümünə səbəb oldu 21 Avqust 2019, 00:44 Xırdalanda "Mercedes" yolda qazılan xəndəyə düşdü 21 Avqust 2019, 00:20 Leyla Əliyeva müalicə alan uşaqlara baş çəkdi - FOTOLAR 21 Avqust 2019, 00:03 Azərbaycan nefti bahalaşdı 20 Avqust 2019, 23:47 Ermənilər Ağdamda yanğın törətdi 20 Avqust 2019, 23:32 Tramdan Rusiyaya jest: "G8-ə qayıdın" 20 Avqust 2019, 23:15 Naxçıvan əhalisinin sayı artıb 20 Avqust 2019, 22:59 Norveç ikili vətəndaşlığa icazə verəcək 20 Avqust 2019, 22:44 Qaçaqmalçılardan 5 milyonluq kitab götürüldü: Əlyazmanın 5 min yaşı var 20 Avqust 2019, 22:29 Napoleon da tarixin qumsallığına gömülür 20 Avqust 2019, 22:23 Qubada dağlıq ərazidə başlayan yanğın söndürüldü 20 Avqust 2019, 22:07 Gənclərin sosiallaşması...  20 Avqust 2019, 21:44 Qabil Hüseynlidən müxalifətə ÇAĞIRIŞ:Dəfnə gəlməyin! 20 Avqust 2019, 21:33 Som “üzən məzənnəyə” keçən kimi batır 20 Avqust 2019, 21:19 Qaradağda ana və azyaşlı oğlunu yük maşını vurdu 20 Avqust 2019, 21:04 Dövlət Gömrük Komitəsindən iddialara CAVAB 20 Avqust 2019, 20:49 Helikopter dənizə düşdü: ölənlər var 20 Avqust 2019, 20:33 Sərnişinlə dolu avtobusu girov götürən belə zərərsizləşdirildi - VİDEO 20 Avqust 2019, 20:17 Xaçmazda 38 yaşlı kişi istirahət mərkəzində öldü 20 Avqust 2019, 20:02 Milyarder Maqomedov qardaşlarına yeni ittiham və... 20 Avqust 2019, 19:40 “Müxalifəti maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan geniş istifadə edilir 20 Avqust 2019, 19:25 Yardımlıda 24 yaşlı qadını elektrik cərəyanı vurub öldürdü 20 Avqust 2019, 19:12 Tramp 10-cu dəfə baba oldu 20 Avqust 2019, 19:03 Paşinyan kəndçini özünə müşavir təyin etdi 20 Avqust 2019, 18:53 Nazir MiQ-29 təyyarəsi ilə bağlı Türkiyə tərəfinə təşəkkür edib 20 Avqust 2019, 18:44 İtaliyanın baş naziri istefa verdi 20 Avqust 2019, 18:20 Efirdə Putinin anasını söyən jurnalist işdən qovuldu 20 Avqust 2019, 18:10 Qala Adam 20 Avqust 2019, 17:54 Ali məktəblərin boş yerlərinə 1359 nəfər yerləşdirildi - YENİLƏNİB 20 Avqust 2019, 17:48 İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib - QALMAQAL 20 Avqust 2019, 17:43