Modern.az

Təhsil eksperti hökumətə və nazirliyə təklif verdi: “O ixtisasları III qrupa salın!”

Təhsil eksperti hökumətə və nazirliyə təklif verdi: “O ixtisasları III qrupa salın!”

Təhsil

7 Avqust 2019, 16:47

2019-2020-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanları, ixtisas seçimi başa çatdı. Bu il həm imtahan modeli, həmdə subbakalavrların imtahansız ixtisas seçimi mərhələsinə qoşulması kimi yeniliklərlə diqqəti cəlb etdi. 

Cari ilin yenilikləri bunlarla bitmir. Universitetlərin nəzdində hazırlıq qruplarının yaradılması məsələsi də bura aiddir.

Modern.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov ali təhsillə bağlı Nazirlər Kabinetinə və Təhsil Nazirliyinə maraqlı təkliflər verib:

“İlk olaraq, subbakalavrın ixtisas uyğunluğu ilə bağlı təklifim var. Çünki bu il bir çox subbakalavrın ixtisas seçimi etməsi sadəcə olaraq mənasız idi. Məsələn, Müalicə işi, Hüquqşünaslıq və bu kimi ixtisaslar üzrə seçim edən subbakalavrın heç bir şansı yoxdur. 

Bundan başqa, bəzi yaxın ixtisasları seçmək üçün subbakalavrlara imkan vermək lazımdır. Misal üçün, maliyyəni bitirən niyə iqtisadiyyatı, mühasibatlığı, biznesin təşkili, marketinq kimi ixtisasları seçə bilməsin?

Təklif edirəm ki, gələn il ixtisas uyğunluğu cədvəlinə yenidən baxılsın və subbakalavrlara ayrıca olaraq plan yerləri ayrılsın. Yoxsa onların ali təhsil alması mümkün deyil”.

Təhsil ekspertinin növbəti təklifi isə bəzi ixtisasların ixtisas qrupunun dəyişdirilməsi ilə əlaqədardır:

“Misal üçün, II ixtisas qrupunda Beynəlxaq münasibətlər, Regionşünaslıq kimi ixtisasların buradan çıxarılıb, III ixtisas qrupuna daxil edilməsinə ehtiyac var. Əvvəl bu ixtisaslar onsuz da III ixtisas qrupunda idi, sonradan heç bir əsas olmadan dəyişdirildi. Bu dəyişiklik həm də zəruridir. Çünki III ixtisas qrupu üzrə abituriyentlərin sayı çox, ixtisasların sayı azdır. Həmçinin Beynəlxalq münasibətlər və Regionşünaslıq ixtisasları iqtisadiyyat yönümlü ixtisaslar deyil, humanitar və ictimai elmlər bölməsinə aiddir. Bu ixtisaslar III qrupda olanda ora abituriyentlər 500 və daha çox balla qəbul olurdusa, indi 200 və hətta bundan da az balla qəbul oluna bilən ixtisasa çevriliblər. Bu, eyni zamanda qeyd olunan ixtisaslar üzrə savadlı kadrların hazırlanmasına da mənfi təsir göstərir”. 

Növbəti tədris ilində I ixtisas qrupuna informatika fəninin əlavə olunmasının zəruri olduğunu vurğulayan K. Əsədov bunun da diqqətə alınmasını istəyir:

“Ona görə ki, bu ixtisas qrupu üzrə kompüter mühəndisliyi, kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, proseslərin avtomatlaşdırılması, sistem mühəndisliyi, informatika müəllimliyi kimi bir çox ixtisaslar var. Eyni zamanda bu fənnin müasir dövrdə əhəmiyyətini nəzərə alaraq, belə dəyişikliyi etmək vacibdir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?