Modern.az

Beynəlxalq Olimpiadalar - Şagirdlərimizin uğur yolu!

Beynəlxalq Olimpiadalar - Şagirdlərimizin uğur yolu!

12 Sentyabr 2019, 18:07

Olimpiada hərəkatı əhatə dairəsini genişləndirir

Son illər Azərbaycan təhsil sistemində aparılan islahatyönümlü layihələr ölkənin rəqabət qabiliyyətinin güclənməsinə xidmət edən yüksək intellektli, innovativ düşüncəli, tədqiqatçılıq qabiliyyətli gənclərin formalaşmasına münbit zəmin yaradıb. Bu istiqamətdə mühüm addımlardan, şübhəsiz ki, son illərdə ölkəmizdə geniş vüsət almış fənn olimpiadaları, beynəlxalq bilik yarışlarının öz yeri var. Məlum olduğu kimi, ölkə başçısının 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində təhsil sistemi qarşısında qoyulan ən mühüm vəzifələrdən biri də istedadlı şagirdlərin aşkara çıxarılması, onların elmi potensialının, tədqiqatçılıq qabiliyyətlərinin stimullaşdırılmasıdır. Dövlət strategiyasına müvafiq olaraq son illər Təhsil Nazirliyi tərəfindən istedadlı uşaqlarla sistemli işin təşkili nəticəsində respublikamızda bilik yarışlarına maraq günü-gündən artıb, Olimpiada hərəkatı genişlənib. Son illərin təcrübəsi göstərib ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən bu müsabiqələr şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılmasında mühüm rola malik olub. Diqqətçəkən məqam odur ki, 4 il əvvəl əvvəl 35 məktəbdən 300 şagird ilə başlanan fənn müsabiqələri artıq ölkəmizin bütün coğrafiyasını əhatə edib. 2018-2019-cu tədris ilində olimpiadaya 30 mindən çox şagird qatılıb.

 

Bu sahədə yeni ideya və təşəbbüslərin həyata keçirilməsi ilə bağlı "İstedadlı uşaq və gənclərin inkişafı üzrə Dövlət Proqramı” hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib. Son 5 ildə istedadlı uşaqların istər respublika fənn, istərsə beynəlxalq olimpiadalarda qazandıqları uğurların məntiqi nəticəsi kimi “Təhsil haqqında” Qanuna mühüm dəyişikliklər edilib. Dəyişikliklərə əsasən Nazirlər Kabineti “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nı təsdiq edib. 2018-2019-cu tədris ilindən başlayaraq respublika fənn olimpiadaları qaliblərinin ölkə ali təhsil müəssisələrinin müvafiq ixtisasları üzrə, beynəlxalq olimpiada qaliblərinin isə istənilən ixtisas üzrə müsabiqədənkənar qəbulu mümküm olub. Bu qərarlar şagirdlərimizin olimpiadalara daha yüksək səviyyədə hazırlığını stimullaşdıracaq, yüzlərlə şagirdin gələcəkdə beynəlxalq olimpiada hərəkatına qatılmasına səbəb olacaq. Bu isə olimpiadalar sahəsində islahatların əsas göstəricisi hesab oluna bilər.

 

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində

Bu sahədə görülən işlərin sistemliliyini və əhatə dairəsinin genişləndirilməsi məqsədilə, eləcə də məktəblilərimizin beynəlxalq fənn olimpiadalarında daha uğurlu çıxışlarını təmin etmək, olimpiadalara olan marağın artmasına adekvat cavab olaraq Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü və Kimya, biologiya təmayüllü Respublika liseyləri, eləcə də Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın nəzdində Beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri yaradılıb. Artıq 4-cü ildir fəaliyyət göstərən həmin mərkəzlərə Azərbaycanın müxtəlif bölgələrindən və paytaxt məktəblərindən 300-dən çox şagird cəlb edilib. Mərkəzlərin yaradılmasında əsas məqsəd aşağı sinif şagirdləri arasından istedadlı şagirdlərin aşkar edilməsi, şagirdlərdə fənlərin dərindən öyrənilməsinə marağın artırılması, istedadı və hazırlığı ilə seçilən şagirdlərin öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şəraitin yaradılması, beynəlxalq fənn olimpiadalarında iştirak edəcək namizəd şagirdlərin müəyyən edilməsi olub. Təhsil nazirinin müvafiq əmrinə əsasən, ölkə üzrə istedadlı şagirdlərlə işin genişləndirilməsi məqsədi ilə pilot layihə kimi, 15 rayonun 48 məktəbində 60 xüsusi sinif yaradılıb. Bu siniflərin yaradılmasında əsas məqsəd istedadlı şagirdlərlə məqsədyönlü işlər görməkdən ibarətdir. Bu sahədə yeni ideya və təşəbbüslərin dəstəklənməsi məqsədilə ötən il Təhsil İnstitutunun təşkilatçılığı ilə “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsi keçirilib. Riyaziyyat, fizika, kimya, biologiya və informatika üzrə keçirilən müsabiqənin məqsədi istedadlı şagirdlərlə işləyəcək müəllimlərin müəyyən edilməsi,

onların pedaqoji və akademik bacarıqlarının inkişafının təmin edilməsidir. Olimpiadalara hazırlıq mərkəzlərində keyfiyyətli təhsili təmin etmək məqsədi ilə bir çox ali təhsil müəssisələri, özəl sektorla əməkdaşlıq əlaqələri qurulub. Moskva Dövlət Universitetinin Bakı filialı, Bakı Mühəndislik Universiteti, AMEA-nm ayrı-ayrı institutları ilə maraqlı layihələr həyata keçirilir, milli və əcnəbi mütəxəssislər mərkəzlərə dəvət edilir, bununla da şagirdlərin onlardan faydalanmasına imkan yaradılır. Bütün bu tədbirlər şagirdlərimzin ölkəmizin olimpiada hərakətında uğurlu çıxışının təmin olunması məqsədi daşıyır.

 

Qazanılan uğurlar

Son illərdə təhsil sahəsində qazanılan uğurlar arasında məhz istedadlı uşaqların istər ümumrespublika miqyasında keçirilən fənn olimpiadalarında, istər beynəlxalq olimpiadalarda qazandıqları uğurlar xüsusi yer tutur. 2014-cü ildən başlayaraq istedadlı uşaqların aşkara çıxarılması üçün bir sıra sistemli işlər görülüb, nəticədə şagirdlərimizin beynəlxalq olimpiadalarda nəticələri ildən-ilə yaxşılaşıb. Qeyd edək ki, Azərbaycan məktəbliləri hər il aşağıdakı Beynəlxalq fənn olimpiadalarında iştirak edirlər: 1.Beynəlxalq riyaziyyat olimpiadası (IMO); 2. Beynəlxalq Balkan riyaziyyat olimpiadası (yuxarı yaş qrupu) (BMO); 3. Avropa qızlar riyaziyyat olimpiadası (EGMO); 4. Beynəlxalq fizika olimpiadası (IPHO); 5. Avropa fizika olimpiadası (EUPHO); 6. Asiya fizika olimpiadası (APHO); 7. Beynəlxalq kimya olimpiadası (ICHO); 8. Beynəlxalq Mendeleyev kimya olimpiadası; 9. Beynəlxalq biologiya olimpiadası (IBO); 10. Beynəlxalq informatika olimpiadası (IOI). Beynəlxalq İnformatika Olimpiadasının Azərbaycanda keçirilməsini də ötən tədris ilinin uğurlarından saymaq olar. Dünyanın 80-dən artıq ölkəsindən olan şagirdlərin beynəlxalq yarışına ev sahibliyi etməklə Azərbaycan dünya olimpiada ənənələrinə ən yüksək səviyyədə sadiq qaldığını bütün dünyaya sübut etmiş oldu.

 

Medalların statistikası

Təhsil Nazirliyi tərəfindən ölkəmizdə istedadlı uşaqların aşkara çıxarılması, onların bacarıq və qabiliyyətlərinin stimullaşdırılması istiqamətində aparılan məqsədyönlü işlərin nəticəsidir ki, məktəblilərimizin dünyanın mötəbər bilik yarışlarında uğurlu çıxışları davam edir. Həyata keçirilən tədbirlər nəticəsində 2013-2018-ci illərdə məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında 3 qızıl, 28 gümüş və 100 bürünc medal olmaqla, ümumilikdə 131 medal qazanıb. 2017-2018-ci tədris ilində şagirdlərimiz beynəlxalq fənn olimpiadalarında 1 qızıl, 8 gümüş və 20 bürünc medal olmaqla ümumilikdə 29 medal və 7 həvəsləndirici sertifikata layiq görülüblər. 2018-2019-u tədris ilində Azərbaycan məktəbliləri Beynəlxalq fənn olimpiadalarından 1 qızıl, 14 gümüş və 22 bürüncolmaqla ümumilikdə 37 medal qazanıblar. Bunlar sadəcə medalların sayını ifadə edən statistik rəqəmlər deyil. Eyni zamanda, bu, Azərbaycan təhsilinin dünya ölkələri arasında rəqabət qabiliyyətindən, şagirdlərimizin elmi və intellektual potensialından xəbər verir. 2019-cu ilin olimpiada uğurlarından danışanda Azərbaycanaın Beynəlxalq Riyaziyyat Olimpiadasında 104 ölkə arasında 48-ci yeri tutması xüsusilə qeyd olunmalıdır. Bakı məktəblisi, 7-ci sinif şagirdi Fidan Qarayeva 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasında bürünc medal əldə edərək həmin olimpiadanın tarixində ən gənc qalib olub. 36-cı Balkan Riyaziyyat Olimpiadasında məktəblilərimiz ümumilikdə 5 medal əldə edib, bu nəticə həmin olimpiadanın tarixində Azərbaycan məktəblilərinin göstərdiyi ən yaxşı nəticə olub. Yeni lisey siniflərinin yaradılması Respublika fənn olimpiadalarının təşkili və keçirilməsində köklü dəyişikliklərin həyata keçirilməsi, beynəlxalq fənn olimpiadalarına hazırlıq mərkəzlərinin yaradılması və sistemli işin həyata keçirilməsi nəticəsində şagirdlərin fənn olimpiada və müsabiqələrinə marağı xeyli artıb və bu da son illərdə əldə olunan nailiyyətlərə müsbət təsirini göstərib. Bütün bunlar nəzər alınaraq Təhsil Nazirliyi tərəfindən regionlarda da bu işin əhatə dairəsinin genişləndirilməsinə qərar verilib. Belə ki, 2019-2020–ci tədris ilində Gəncə, Şirvan, Şəki və Qubada lisey siniflərinin təşkil olunması nəzərdə tutulub.

 

Gəncə şəhəri və Quba rayonunda Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin, Şirvan və Şəki şəhərlərində isə Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin sinifləri yaradılacaq. Lisey siniflərinin yaradılmasında əsas məqsəd bölgələrdə istedadlı uşaq və gənclərin potensial imkanlarının aşkarlanması, inkişaf etdirilməsi və onların səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılmasıdır. Beləliklə də qeyd etmək olar ki, Təhsil Nazirliyi tərəfindən şagirdlərimizin olimpiada hərəkatında iştirakının stimullaşdırılması, istedadlı şagirdlərin dünya bilik yarışlarında fəal iştirakının təmin olunması, bu sahəyə marağın artırılması istiqamətində aparılan məqsədyönlü, davamlı tədbirlər qarşıdan gələn tədris ilində də şagirdlərimizin beynəlxalq olimpiadalarda daha uğurla iştirak etməsinə zəmin yaradacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir