Modern.az

BMU NASA-nın beynəlxalq hakatonuna tərəfdaş oldu

BMU NASA-nın beynəlxalq hakatonuna tərəfdaş oldu

Təhsil

Bu gün, 16:09

Bakı Mühəndislik Universiteti (BMU) “NASA Space Apps Challenge 2026” beynəlxalq hakatonunun Azərbaycan üzrə əsas rəsmi tərəfdaşlarından biri kimi fəaliyyət göstərəcək (//www.spaceappschallenge.org/2026/local-events/baku/).

Modern.az xəbər verir ki, NASA və tərəfdaş kosmik agentliklərin açıq məlumatlarından istifadə etməklə Yer və kosmosla bağlı real problemlərə innovativ həllərin hazırlandığı “NASA Space Apps Challenge 2026” noyabrın 14–15-də əyani formatda keçiriləcək.

Hakaton çərçivəsində iştirakçılar komandalar şəklində çalışaraq NASA və tərəfdaş kosmik agentliklərin mütəxəssisləri tərəfindən hazırlanmış rəsmi çağırışlardan biri əsasında layihə hazırlayacaq, mentor dəstəyindən yararlanacaq və yekunda işlərini yerli münsiflər heyətinə təqdim edəcəklər.

Tədbirdə proqramlaşdırma, süni intellekt, məlumatların təhlili və vizuallaşdırılması, mühəndislik, Yer elmləri, iqlim, ekologiya, kənd təsərrüfatı, astrofizika, kosmik tədqiqatlar, dizayn, təhsil və elmi hekayəçilik kimi müxtəlif istiqamətləri əhatə edən çağırışlar təqdim olunur. Hakaton müxtəlif bilik və bacarıqlara malik iştirakçıların multidissiplinar komandalar şəklində birgə fəaliyyətini təşviq edir.

Hakatonda iştirak ödənişsizdir. Yerli mərhələdə münsiflər heyəti tərəfindən seçilən və rəsmi tələblərə cavab verən layihələr “Qlobal namizəd” statusu ilə “NASA Space Apps Challenge”in qlobal qiymətləndirmə mərhələsinə təqdim ediləcək.

BMU tərəfdaşlıq çərçivəsində tələbə və gənclərin hakaton barədə məlumatlandırılmasına və iştiraka təşviq edilməsinə, müxtəlif ixtisaslardan olan tələbələrin komandalar şəklində bir araya gətirilməsinə, eləcə də onların tədbirin təşkilati proseslərinə könüllü kimi cəlb olunmasına dəstək verəcək. Universitetdə hakatonla bağlı məlumatlandırıcı görüş və təqdimatların keçirilməsi, həmçinin tədbirin təşviqi istiqamətində kommunikasiya fəaliyyətlərinin həyata keçirilməsi də nəzərdə tutulur.

Əməkdaşlıq çərçivəsində BMU tələbələri real problemlər üzərində işləmək, bilik və bacarıqlarını praktiki layihələrdə tətbiq etmək, komanda işi və problem həlli bacarıqlarını inkişaf etdirmək, eləcə də layihələrini beynəlxalq platformada təqdim etmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, BMU-nun “Kompüter mühəndisliyi” ixtisasının tələbəsi Amil Zeynallı 2026-cı il üzrə “NASA Space Apps Challenge”in Azərbaycan üzrə yerli koordinatoru seçilib. O, Azərbaycanda hakatonun təşkilinə, iştirakçıların cəlb olunmasına və yerli icmanın formalaşdırılmasına rəhbərlik edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə sərhədinə raketlər yığıldı - İsraildən şok addım