Modern.az

Bakıda sosial şəbəkələrdəki söyüş, təhqir və böhtana YOX deyildi - FOTOLAR

Bakıda sosial şəbəkələrdəki söyüş, təhqir və böhtana YOX deyildi - FOTOLAR

20 Sentyabr 2019, 14:14

Bu gün Bakıda "Sosial şəbəkələrdəki söyüş, təhqir və böhtana YOX deyək!" adlı dəyirmi masa keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə  50-dən çox QHT nümayəndələri, 40-a yaxın KİV-lər, ziyalılar və ümumilikdə 100-dən çox müxtəlif sahələrin təmsilçiləri iştirak ediblər.

 

Ziyalılardan Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri  Cahangir Məmmədli, Azərbaycan Nasirlər və Poliqrafçılar  Birliyinin sədr müavini Ələddin Əsədzadə, araşdırmaçı-jurnalist Aida Eyvazlı,  kulturoloq, professor, Xəzər televiziyasında Bədii Şuranın üzvü  Fuad Məmmədov, 1986-cı ildən Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, XI Müfti Hacı Salman Musayev  xalq yazıçısı, ssenarist, hüquq elmləri doktoru, ictimai xadim, Azərbaycan Yazıçılar Birliyinin katibi  Çingiz Abdulayev, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri, hüquq üzrə fəlsəfə doktoru  Simran Həsənov, xalq artisti Mənsum İbrahimov,  xalq şairi, dramaturq Nəriman Həsənzadə,  teatrşünas tənqidçi, jurnalist , Azərbaycanın əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor, AzTV-nin Mədəniyyət kanalı direktorunun müavini İlham Rəhimli,  nasir,şair, tərcüməçi, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru, İlahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov və dəyirmi masaya telefonla qoşulan xalq artisti Arif Babayev və akademik Teymur Bünyadov tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Tədbirin aparıcısı və təşkilatçısı, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquqşünas Çingiz Qənizadə deyib ki, toplantı siyasi deyil, sülh tədbiridir:

“İllərdir ki, ölkəmiz erməni işğalçılarına qarşı müharibə şəraitində yaşayır. Müharibə deyəndə, ilk olaraq silah-sursat, döyüş, qan və ölüm yada düşür. Ancaq sən demə, ölkəmizdə bir "vətəndaş müharibəsi" də gedirmiş. Bu müharibə sosial şəbəkələrdə, virtual məkanda gedir”.


Deputat bildirib ki, "Facebook" və "Youtube"da ölkəmizdə sözün əsl mənasında bir "vətəndaş müharibəsi", soyuq, ideoloji müharibə gedir: “Buna misal olaraq, virtual dünya hesab edilən sosial şəbəkələrdə son dövrlərdə heç bir əxlaqi dəyərlərə sığmayan söyüş, təhqir və böhtan xarakterli çıxışları qeyd etmək istəyirəm. Xüsusilə də həmin çıxışlara münasibət bildirən və şərh yazan sosial şəbəkə istifadəçilərinin dilə gətirilməsi mümkün olmayan söyüş, təhqiramiz ifadələrini vurğulayardım”.

 

Ç.Qənizədə onu da bildirib ki, böhtan, təhqirə görə Cinayət Məcəlləsinin 147, 148 və 148.1 maddələri mövcuddur: “Lakin bu maddələr bu gün tətbiq edilmir. Bəlkə nəinki bu maddələrin tətbiqinə başlamalı, əksinə bu maddələrin sanksiyalarının artırılmasının da vaxtıdır”.



Tədbirdə son dövrlər sosial şəbəkələrdə, xüsusilə "Youtube"də heç bir əxlaqi dəyərlərə sığmayan, söyüş, təhqir və böhtan xarakterli çıxışlarla bağlı bəyanat səsləndirilib.

 

Qeyd olunub ki,  xüsusilə "Facebook", "Youtube" vasitəsilə yayılan söyüş təhqir və böhtan xarakterli çıxışların şahidi oluruq.

“Həmin çıxışlara münasibət bildirən və şərh yazan sosial şəbəkə iştirakçıları dilə gətirilməsi belə mümkün olmayan söyüş, təhqiramiz ifadələr işlədirlər”.

Bəyanatda qeyd olunur ki, milli, mənəvi, əxlaqi dəyərlərimizdən uzaq olan bu cür halların belə davam etməsi hiddət doğurur.



“ Hər bir vətəndaşımızın tələbə və gənclərimizin xüusilə məktəblilərin təlim-tərbiyəsinə mənfi təsir göstərir, bu yolverilməzdir”.

Sonda ziyalılar bu cür halları pisləyərək ümumi formada mübarizə aparmağın vacibliyini vurğulayıblar.


Tədbir iştirakçıları söyüş və təhqirdən istifadə edən həmin şəxsləri təhqir və böhtanlara yox deməyə çağırıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu