Modern.az

Azərbaycan özünü ətlə tam təmin edə bilmir - Rəsmi STATİSTİKA

Azərbaycan özünü ətlə tam təmin edə bilmir - Rəsmi STATİSTİKA

24 Sentyabr 2019, 16:02

“Hazırda Azərbaycanın özünü ət və ət məhsulları ilə təminetmə səviyyəsi 83 faizdir”.

Bunu Modern.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Fikrodvsi Fikrətzadə bildirib.

 

İdxal olunan donuz əti-kolbasa, sosiska...

F.Fikrətzadə qeyd edib ki, bu göstərici mal əti üzrə 85 faiz, qoyun əti üzrə 98 faiz, quş və quş əti məhsulları üzrə 76 faizdir:

“Azərbaycanın ümumilikdə 68 700 tonluq ət idxalının 23 800 tonu mal əti, 1700 tonu qoyun əti, 8200 tonu donuz əti, 35 min tonu quş ətidir. Rəsmi göstəricilərdən də göründüyü kimi, idxalda nisbi üstünlük quş əti üzrədir. Bütövlükdə Azərbaycanın ət idxalının əsas mənbəyi MDB ölkələri, o cümlədən Rusiya, Ukraynadır. Donuz əti əsasən, kolbasa və sosiska istehsalında istifadə edilir”.

 

“İdxal olunan quş ətlərinin 99 faizi emala yönəldilir”

Direktor illər əvvəl Azərbaycan bazarlarında üstünlüyə malik olan toyuq budlarına tələbatın hələ də olduğunu qeyd edib:

“Quş və quş ətləri deyəndə, bu kateqoriyaya həm diri quşlar, həm kəsilmiş halda, həm də kolbasa və konserv şəkilində idxal aid edilir. O cümlədən, quş və quş əti məhsulları idxalı deyildikdə, quş ətindən hazırlanmış konservlər, bütöv quş əti və onun ayrı-ayrı hissələri-bud, file, qanad və s. nəzərdə tutulur. Onu da nəzərinizə çatdırım ki, 35 min tonluq quş ətinin 99 faizi emal sənayesinin tələbatı üçün alınır”.

 


Hindistandan gətirilən ucuz ətlər...

 

Nazirlik rəsmisi ölkəmizə Hindistandan gətirilən ucuz ətlərlə bağlı məlumatlara da aydınlıq gətirib:

“Hindistandan dondurulmuş şəkildə gətirilən ət və ət məhsulları çox paya malikdir. Azərbaycana idxal olunan 23800 ton mal ətinin 14000 tonu ət çəkisi formasında, qalanları diri heyvan şəklində gətirilir. Hindistan isə bu faiz göstəricilərində çox cüzi yer tutur”.

 

“Azərbaycan quş əti ixrac edəcək”

F.Fikrətzadənin sözlərinə görə, Azərbaycanın ət idxalı göstəriciləri çox aşağıdır:

“Biz ölkə olaraq ümumilikdə 326 min ton əti istehsal, 68 000 ton əti idxal edirik. O cümlədən, 135000 ton mal ətini istehsal, 23 000 tonunu idxal edirik. Ölkədə 81000 ton qoyun əti istehsal etdiyimiz halda, cəmi 17000 ton qoyun ətini idxal edirik.

Eyni zamanda, respublikada 109 min ton quş əti istehsal olunduğu halda, 35 min ton quş əti idxal edilir. Bizim idxalımızın üstünlük təşkil etdiyi quş ətidir. Artıq broyler sənayesində yeni inkişaf mərhələsi başlayıb. Sahibkarlar bu sahələrə böyük investisiya qoyuluşları həyata keçirirlər. Yaxın vaxtlarda Azərbaycan ərzaqlıq quş yumurtası idxal edən ölkədən ixrac edən ölkəyə çevrildiyi kimi, növbəti illərdə quş ətini idxal edən ölkədən ixrac edən ölkəyə çevriləcək”.

 

Ölkəmiz mal əti ixrac edir?

F.Fikrətzadə qeyd edib ki, Azərbaycanın digər ölkələrə mal və qoyun əti ixrac etməsi təsadüfi trendlərdir:

“Çünki Azərbaycan özünün mal və qoyun ətinə olan tələbatını ödəyir. Ona görə də bu sahədə ixracın genişləndirilməsi hələ ki nəzərdə tutulmur. Ət ixracı perspektivimiz broyler sənayesinə əsaslanır. Növbəti illərdə broyler sənayesinin təkmilləşdirilməsi və genişləndirilməsi hesabına o məhsul üzrə ixrac perspektivimiz gözlənilir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir