Azərbaycanda övladlığa uşaq götürmək istəyən şəxslərin sayı minlərlədir. Ancaq vətəndaşların prosesdə tam olaraq iştirakı istək olaraq qalır.
Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunan əsas məsələ Ailə Məcəlləsinə edilən dəyişikliklə bağlı olub. Komitə üzvləri övladlığa uşaq götürməklə bağlı bəzi təkliflər irəli sürüblər. Təkliflərdən biri ailənin orta aylıq gəliri ilə bağlıdır. Əgər orta aylıq gəlir yaşayış minimumunun məbləğindən azdırsa, həmin ailə övladlığa uşaq götürə bilməz.
Bəzi imkanlı ailələr var ki, illərlə övladlığa uşaq götürə bilmir. Prosedur mürəkkəb olduğundan ailələr övlad sahibi olmaqdan əllərini üzür.
Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsinə edilən təkliflərdən belə anlamaq olur ki, sənəd qəbul olunacağı təqdirdə imkansız ailələr övlad sahibi ola bilməyəcək.
Ailə Məcəlləsinə edilən dəyişikliklərlə bağlı səslənən təkliflər nə dərəcədə doğrudur?
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Modern.az-a bildirib ki, övladlığa uşaq götürmək gedib bazardan nəsə almaq demək deyil:
“Bu, insan taleyidir. İnsan taleyini də dövlət çox normal qaydada ölçüb-biçməlidir. Həmçinin, övladlığa uşaq götürən ailə sabah uşağı xoşbəxt və sağlam böyüdə biləcəksə, uşağı böyütmə gücündə olacaqsa, əksinə, uşağa problem yaratmayacaqsa, qanunvericilik əsasında prosedur həyata keçirilə bilər”.
Musa Quliyev qeyd edib ki, ilk növbədə övladlığa uşaq götürmə proseduru Azərbaycan vətəndaşlarına şamil edilir:
“Hətta xaricdə yaşayan vətəndaşlara də övladlığa uşaq vermək mümkündür. Çox zaman xəstə uşaqları humanist məqsədlə xarici vətəndaşlara verilir. Ancaq sağlam uşaqlar xarici vətəndaşlara verilmir. Bu, dünya təcrübəsində də belədir”.
Sədr müavininin sözlərinə görə, əslində övladlığa uşaq vermə prosesi çətin olmalıdır:
“Ailənin o uşağı böyütmək üçün bütün imkanlarının olub-olmadığı öyrənilməlidir. Digər əsas məqam ailənin tam olması ilə bağlıdır. Əgər ailə tam deyilsə, bu zaman övladlığa uşaq götürmək istəyən qadının psixoloji durumu öyrənilməlidir. Həmçinin, övladlığa uşaq götürmə prosesində yaş faktoru da önəmlidir. Şəxs nə həddindən artıq yaşlı, nə də gənc olmalıdır”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə isə bildirib ki, komitədə bu məsələ geniş müzakirə olunub:
“Övladlığa uşaq götürmə prosesi sadə məsələ deyil. Qanun layihəsi ətrafında geniş müzakirə apardıq. Xeyli təkliflər səsləndirildi. Güman ki, bir neçə təkliflər də olacaq. Qanun layihəsi plenar iclasa tövsiyə edilib”.