Modern.az

I Fəxri xiyabanda Məmməd Arazın xatirəsi anıldı - FOTOLAR

I Fəxri xiyabanda Məmməd Arazın xatirəsi anıldı - FOTOLAR

14 Oktyabr 2019, 17:57

Bu gün görkəmli şair Məmməd Arazın anım günüdür. Bu münasibətlə şairin qələm yoldaşları, yaxınları I Fəxri xiyabana gələrək, onun məzarını ziyarət edib, qəbri üstünə tər güllər düzüblər.


Gülünclərə gülünc gələn bu ada güldüm,
Yüyəninə hər əl yetən bu ata güldüm,
Mən özümlə oynadığım şahmata güldüm...
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...


Məmməd İnfil oğlu İbrahimov 1933-cü il oktyabr ayının 14-də  Şahbuz rayonunun Nursu kəndində anadan olub. Orta məktəbi doğma kəndində başa vuran şair, ali təhsilini  Azərbaycan Dövlət Pedaqoji İnstitutunda alıb. 
“Yanın işıqlarım” adlı ilk şeirini 1952-ci ildə institutda oxuduğu zaman qələmə alıb və çap etdirib. “Daş harayı”, “Qayalara yazılan səs”, “Oxucuya məktub”,  “Atamın kitabı”, “Dünya sənin dünya mənim”,  “Ömür karvanı” və s. kimi şeirlərində şairin öz dəsti-xətti var.
Məmməd Araz o şairlərdəndir ki, poeziyasında oxuculara  bir vətənpərlik ruhu aşılayır. Şair bir çox qəzet və jurnallarda  baş redaktor işləyib.
Məmməd Araz 2004-cü il dekabr ayının 1-də Bakıda vəfat edib, I Fəxri xiyabanda dəfn edilib.


Modern.az-ın məlumatına görə, I Fəxri xiyabandakı anım mərasiminə gələn arasında mərhumun ömür-gün yoldaşı Gülxanım Məlikməmmədova da var idi.

Mərasimdə ilk sözü  hərbi jurnalist, tədqiqatçı Qardaşxan Əzizxanlı söyləyib. Məmməd Araz yaradıcılığdan danışan Qardaşxan Əzizxanlı  şairin əsas təqdiqatçılarından biri olduğunu xatırladıb.  Bildirib ki, Azərbaycanın taleyinə biganə olmayan hər kəs Məmməd Arazın poeziyasını öyrənir və sevir, ona istinad edir. Çünki onun yaradıcılığında ölkəmizin coğrafi, mənəvi taleyi yaşayır. 


Yazıçı Seyran Səxavət şairlə bağlı xatirələrini bölüşüb. O bildirib ki, Məmməd Arazın şeirləri yaşlı təbəqəni cavanlaşdırır, gəncləri isə müdrik olmağa çağırır.


Anım günündə Məmməd Arazın bir neçə şeir söylənilib və sözlərinə yazılmış “Qızlar bulağı” mahnısı ifa olunub.


Millət vəkili Aqil Abbas Məmməd Arazın ailəsi adından mərasim iştirakçılarına minnətdarlığını bildirib .


“Əgər bir şairin şeiri anılırsa, o şair yaşayır. Hər ilin bu günü Məmməd Araz sevənlər onun qəbri üstə yığışıb, şairi anırlar. Bu şairin və onun ailəsinə verilmiş bir dəyərdir. Düşünürəm ki, nə qədər mətbuat və xalq var, Məmməd Araz adı yaşayacaq. Məmməd Arazı tək bu gün anmırlar, biz hər dəfə kütləvi informasiya vasitələrində onun yaradıcılığının işıqlandırılmasının şahidi oluruq.Təbii ki, bütün bunlar hər birimizi çox sevindirir. Modern.az-a xüsusi təşəkkür bildirərəm ki, əziyyət çəkib gəldiniz və Məmməd Araz yaradıcılığını unutmadınız”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü