Modern.az

5 yaşlı Agentliyin rəhbəri: “Heç kim deyə bilməz ki, “Report” sifarişli xəbər dərc edib”

5 yaşlı Agentliyin rəhbəri: “Heç kim deyə bilməz ki, “Report” sifarişli xəbər dərc edib”

26 Oktyabr 2019, 12:49

"Report" müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına çatdırır. O cümlədən, saytın “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.

Oktyabrın 27-də bu agentliyin yaranmasından 5 il ötür.

 

Agentliyin baş redaktoru Murad Əliyev ad günü təəssüratlarını Modern.az-a bölüşüb. Onun müsahibəsini təqdim edirik:

 

- Murad müəllim, rəhbərlik etdiyiniz media şirkəti qısa zamanda Azərbaycan mətbuatında yüksək pillələrdə öz yerini tuta bildi. Bu uğurunuzun səbəbini nədə görürsünüz?

- Bizim bugünkü uğurumuz kollektivin gördüyü böyük işin nəticəsidir. Fəaliyyətə başladığımız gündən gecəli-gündüzlü çalışırıq. Həm redaktorlar, həm müxbirlər, gecə növbələri hamısı birlikdə çalışır. Əsas odur ki, biz qarşıya qoyduğumuz məqsədə çatmışıq. Burada bizim müəyyənləşdirdiyimiz strategiya düzgün olub. Hazırda Azərbaycanda kifayət qədər sayt var. Ölkədə mətbuatın azad fəaliyyətinə münbit şərait yaradıldığına görə, saytların sayı hər gün çoxalır. Bizim əsas məqsədimiz isə o idi ki, etibarlı xəbər mənbəyi kimi özümüzü doğruldaq. Bu gün demək olar, 100-dən çox həm yerli, həm xarici media resurs bizim xəbərlərimizə istinad edir. Agentlik olaraq, bizim məqsədimiz də bu olmalıdır. Biz xəbərləri sosial şəbəkələrdə paylaşıb, oxunma sayı yığmaqla deyil, məhz özəl, eksklüziv xəbərlər əldə etməklə öz oxucumuzu toplamışıq.

- Elektron media sahəsində bu qədər rəqabət olması sizin üçün çətinlik yaradırmı?

- Əslində bu durum çətinlik deyil, bizə əlavə stimul, güc verir. Çünki rəqabət olmayan yerdə inkişaf da yoxdur. Agentliyin əsas meyarı obyektiv və operativ formada xəbərləri işıqlandırmaqdı. Bu operativlik isə sırf rəqabətdə bilinər ki, əməkdaşlarımızın keyfiyyətli iş əmsalının nə qədər yüksək olduğunu bilək. Ona görə, rəqabətdə olan saytların çox olması daha maraqlıdır.

- Agentliyin tərkibində ayrı-ayrı saytlar yaratmağı, xüsusilə sahəvi saytlara yer verməyi düşünürsünüzmü?

- Sahəvi saytların yaradılması prosesi bizdə yeni olsa da, dünyada artıq formalaşmış təcrübədir. Məsələn, Rusiyada kimya mütəxəssislərinin belə öz saytı var. Amma Azərbaycanda müəyyən auditoriya o qədər də geniş olmayacağı üçün bu təcrübə məqbul deyil.

Report Agentliyinin tərkibində isə hər bir şöbə ayrılıqda fəaliyyət göstərir. Bu şöbələrin hər birinin ayrı sayt kimi fəaliyyəti nəzərdə tutulub. Əlavə saytlara daxil olmadan, agentliyin içərisindəki bölmələr vasitəsilə hər bir sahəyə uyğun informasiyaları tapmaq mümkündür.

- Prezident İlham Əliyev son çıxışlarında mediada islahatlar məsələsinə də diqqət çəkdi. Siz necə düşünürsünüz, mediada hansı islahatlara ehtiyac var?

- Sıravi oxucu bilməyə bilər, amma biz bu sahənin içərisində olduğumuz üçün bilirik ki, söhbət hansı islahatlardan gedir. Bizim özəlliyimizdən biri də odur ki, bu 5 il ərzində heç kim deyə bilməz ki, Report sifarişli xəbər dərc edib, yaxud qarayaxma kampaniyasında iştirak edib. Biz maksimum bu mənfi təsirlərdən kənar dayanmışıq. Hətta bəzi şəxslərdən buna görə irad da görmüşük. Amma biz işimizin əhəmiyyətini dərk etdiyimiz üçün düşünülmüş şəkildə addımlamağı üstün tuturuq.

- 5 yaşlı agentliyin rəhbəri kimi, gələcək planlarınız, media ilə bağlı məqsədləriniz nələrdir?

- Bizim ötən illərdə əsas məqsədimiz Azərbaycanın bütün bölgələrində bölgə müxbirlərimizlə təmsil olunmaq idi. Artıq demək olar ki, buna nail olmuşuq. İşğal altında olan torpaqlarımız istisna olmaqla, bütün Azərbaycan ərazisində şəbəkələrimiz var. Hətta bəzi kəndlərdə bölgə müxbirləri olmasa da, könüllülər fəaliyyət göstərir. Bununla bərabər bir çox xarici ölkələrdə müxbir postlarımızı yaratmışıq. Növbəti illərdə isə tək Azərbaycanda deyil, bütün dünyada Azərbaycanın media brendi kimi tanınmağı hədəf götürmüşük. Xarici dillərdə olan bölmələrimizi daha da inkişaf etdirmək, digər dillərdə də saytın bölmələrini yaratmaq və dünyanın diqqətində olan media qurumu kimi formalaşmağı hədəfləmişik. Burada əsas məqsədimiz Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına töhfə verməkdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi