Modern.az

Səhnədə güllələnən aktyor - “Tüfəng açıldı, qan məni götürüb getdi...” - Teatrda nadir HADİSƏ

Səhnədə güllələnən aktyor - “Tüfəng açıldı, qan məni götürüb getdi...” - Teatrda nadir HADİSƏ

2 Noyabr 2019, 09:42

Mağarada tək qalmış pələng...

 

Həmişə fikirləşirdim ki, görəsən, o, niyə bütün rollarda boynunu yana əyir? Sən demə, ciddi səbəbi varmış, boynunda uzaq illərin xatirəsini daşıyırmış...bir də sənətin yükünü, ağrısını...

 501 dəfə Vaqifi oynayıb.  Hamısını da eyni həyəcanla. Amma  deyəsən,  sonuncu  dəfə Vaqif olmaq daha həyəcanlıymış  onunçün. 

“Yaşlanmışdım, unudulduğumu, gərəksizliyimi  düşünürdüm.  Elə həmin vaxtlar Kamal Abdulla  məni “Sönməyən  ulduzlar” teatrına dəvət elədi. “Vaqif” dramını qocaman sənətkarlar oynayırdı.  Mənə də Vaqif obrazını vermişdilər.  Uşaq kimi sevinirdim. Allah Kamal Abdullaya dəyməsin. Yoxsa, kimiydi bizi itirib axtaran?”.


Mustafa Süleymanov aktyorluğa  Ağdam Dövlət Dram Teatrının səhnəsindən başlayıb. Bu teatr ilk iş yeri olur.

“1940-cı ildən 49-a qədər orda işləmişəm. “Vaqif” əsərində ayrı-ayrı vaxtlarda Vaqifi, Eldarı, Qacarı, “Vəfa”da kapitan Bahaduru, “Eşq və İntiqam”da Çingizi, “Fərhad və Şirin”də Fərhadı, Şapuru, Xosrovu, “Oqtay Eloğlu”da Oqtayı, “Məşədi İbad”da Sərvəri, “1905-ci il”də general-qubernatoru oynamışam. Hələ yadıma düşənləri deyirəm. O vaxt müharibə dövrüydü, vəziyyət çətiniydi. Əzab-əziyyətlərə dözüb teatrda qalmaq hər kəsin işi deyildi. İndi belə şeylərə baş qoşan kimdi? Məndən sonra səhnə tanıyanlar Xalq artisti adını alıb. Mənsə...”.


Amma o, çoxusu kimi bədgüman deyil. Sənətini prezidentliyə də dəyişməz.

“Camaat tanıyıb hörmət eləyirsə, bəsimdi. Rayonlarda tamaşalar vermişəm düzün ortasında. Alqışlar hələ də yadımdadı. İndi də ayağım oralara düşəndə tanıyanlar evinə dəvət eləyir, deyir, Mustafa müəllim, gedək, bizimlə bir stəkan çay için. Bu mənə ləzzət eləyir! Bu ləzzətin yanında prezident kürsüsü də boş şeydi”.


Sənətinə bu qədər vurğun olsa da, əvvəllər aktyor olmaq fikri yoxmuş. “Futbolu sevirdim. Bir dəfə dostum məni Akademik Milli Dram Teatrına apardı. “Göy quş” adlı tamaşa gedirdi. Abbas Mirzə, Fatma Qədiri,  Ülvi Rəcəb, Mirzağa Əliyev oynayırdı. Elə bil məni tilsimləmişdilər. Teatrdan çıxanda qərarımı verdim: aktyor olacam, vəssalam!”.


Sənətinsə “xərci” var. “Kisə”nin ağzını açdın, qazandın, xəsislik elədinsə, uduzacaqsan.


“Hərə qurbanı bir cür verir. Məndən gedən sağlamlığım oldu. 1942-ci ildə “Qatır Məmməd”i oynayırdıq. Tamaşaya daxili baxışıydı. Mən Qatır Məmməd idim, Əkbər Rəcəbov da pristav. Qatır Məmmədlə pristavın üz-üzə gəldiyi bir səhnəni oynamalıydıq.  Əkbər hələ gəlib çıxmamışdı. O vaxt hərbi dərsə gedirdi, tüfəng atmağı öyrənirdi. Nəysə, onu başqası əvəz elədi. Mən də başladım rolumu oynamağa. Bir də gördüm ki, Əkbər səhnənin ortasındadı. Demə, o ki var içər, sona tüfəngi götürər ki, gedirəm, Mustafaya göstərəm əsl pristav necə olur? Bundan heç kəs xəbər tutmaz, çıxar səhnəyə...


Tüfəngi mənə tuşlayıb başladı sözlərini deməyə:

-...Mağarada tək qalmış pələng...

Mən də cavab verirəm:

-...Qurdun adətidi sürüylə gəzmək...

- Bil ki, bu məğrurluğun ölümdü sana...

Nəysə, bir xeyli deyişdik,  İndi silahla məni vurmalıdı. Tüfəng həqiqətən açıldı, düz çənəmi tuşlayıbmış.  Qan məni götürüb getdi. Huşumu itirdim, xəstəxanaya apardılar. Üç  ay müalicə olundum. Qəlpə üç dişimi çıxartmışdı. Dilimin altından keçib boyun sümüyümü dəlmişdi. Hələ də boynumdadı, 56 ildir ki, məni incidir ”.

SONRA...

Müharibə qurtarsa da, teatrların taleyinə günəş doğmur. Əksinə, vəziyyətin ağırlığından teatrların birləşməsi prosesi başlayır. Ağdam Teatrını da Füzuli rayonuna köçürürlər. Adı da olur Qaryagin Dövlət Teatrı.

“Orda da 1949-dan 51-ci ilə kimi işlədim. “Leyli və Məcnun”da İbn Səlamı, “Əsli və Kərəm”də şahı oynadım. Ordan da Quba Dövlət Dram Teatrına getdim. Şeyx Sənan obrazını da orda verdilər. Düz 400 dəfə Seyx Sənan kimi səhnəyə çıxdım. Axırda da gəlib çıxdım Akademik Milli Dram Teatrına”.

İlk dəfə teatrın tilsiminə düşdüyü yerə- “Göy quşu”nun yuvasına...

Mustafa Süleymanov bir sıra filmlərdə irili-xırdalı rollara çəkilib: “Qanun naminə” (1968), “O qızı tapın” (1970), “Bakıda küləklər əsir” (1974), “Adı sənin, dadı mənim” (1980), “Qorxma, Mən Səninləyəm” (1981), “Evlənmək istəyirəm” (1983), “Günahsız Abdulla” (1984), “Cin mikrorayonda” (1985), “Sizi dünyalar qədər sevirdim” (1985), “Küləyapardı” (1986), “Məsləhət” (1988), “Yaşa, qızıl balıq” (1988), “Sarıköynəklə Valehin nağılı” (1980)...

 

1998

Səfurə Çərkəzqızı,
“Sevdalılar

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...