Modern.az

Sizin icra başçınız: Tərtərlilər Müstəqim Məmmədovdan dad-aman etdilər

Sizin icra başçınız: Tərtərlilər Müstəqim Məmmədovdan dad-aman etdilər

5 Noyabr 2019, 08:48

Azərbaycanda rayon və şəhər İcra hakimiyyətlərinin fəaliyyətinə heç vaxt birmənalı yanaşılmayıb. Bu da ondan irəli gəlir ki, bəzi icra başçıları onlara etimad olunan vəzifədən sui-istifadə etməklə necə deyərlər, “qurunun oduna yaşı da yandırıblar”.
Nəticədə də yaxşı işləyən icra başçıları pislərin fonunda itib-batıblar.

Məsələn, yerli icra hakimiyyəti başçılarının rəsmi vəzifə maaşları əhalinin sayına müvafiq olaraq 800 -1000 manat arasında dəyişdiyi halda onlardan kiminsə bahalı maşın kolleksiyasına malik olduğu, şəxsi mühafizəçilər saxladığı haqda təkzibedilməz xəbərlər yayılır. Ya da görürsən ki, sosial şəbəkədə hansısa icra başçısının övladının Avropanın ən bahalı otellərində lüks həyat tərzini əks etdirən fotoşəkilləri yayılır.

Bu cür halları az qala adiləşdirən bəzi icra başçıları yerlərdə əhalinin şikayət və təkliflərinə də biganə yanaşır, süründürməçiliyə yol verirlər. Nəticədə də vətəndaşlar yerlərdə həll olunmalı problemlərinə laqeyd yanaşıldığından nicatı daha yuxarı dövlət orqanlarında, o cümlədən Prezident Administrasiyasına müraciət etməkdə axtarır.

Hesablama Palatası da tez-tez hansısa rayon İcra hakimiyyətində korrupsiya faktları açıqlayır və bu barədə məlumatı ictimailəşdirir.

Təcrübə, eləcə də əhalinin müraciətlərinin təhlili danılmaz bir həqiqəti üzə çıxarır ki, vətəndaş öz problemi ilə əlaqədar müraciət etdiyi ilk instansiyadan əsaslı və konkret cavab alarsa, heç vaxt yuxarı orqanlara yazılı müraciət etməz və uzun məsafəni qət edərək, paytaxtdakı müxtəlif idarələrin qapısını döyməz.

Əlbəttə, biz yuxarıda sadalanan neqativ halları bütün rayon və şəhər İcra hakimiyyətlərinə aid etmirik. Yaxşı işləyən, yerlərdə əhalinin hörmət və ehtiramını qazanan icra başçıları da var.

Modern.az saytının “Sizin icra başçınız” adlı bu rubrikasında bölgələrə rəhbərlik edən rəsmi şəxslərin fəaliyyətindən söz açılır. Rubrikamızda icra başçılarının işinə verilən qiyməti həmin regionun deputatı və eks-deputatı, jurnalisti, ziyalısı və müxalifət nümayəndəsinin fikirlərində görə biləcəyik. Baxaq görək, onlar  icra başçılarının fəaliyyəti barədə hansı qənaətdədirlər?


Rubrikanın növbəti təqdimatı Tərtər Rayon İcra Hakimiyyətinin icra başçısı Müstəqim Məmmədova həsr olunur.
 
M.Məmmədov 7 may 2014-cü il tarixindən Tərtər Rayonu İcra Hakimiyətinin başçısı vəzifəsində çalışır.

 


Tərtərin sabiq deputatı Aynur Camal:

“Mən deputat olduğum vaxtlarda Müstəqim Məmmədov icra başçısı deyildi. Müstəqim Məmmədovu tanımıram və haqqında heç bir şey eşitməmişəm, onunla bağlı heç bir fikrim yoxdur”.

 

Tərtərli ziyalı, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl:

 

“Mən Müstəqim Məmmədovun fəaliyyəti ilə maraqlanmıram, amma o da bütün icra başçılarına oxşayır, yəni yuxarıdan nə göstəriş verirlərsə, onu yerinə yetirir. Mən istərdim ki, Tərtərdə gənclər arasında hərbi vətənpərvərlik ruhunu yüksəltmək üçün ciddi tədbirlər görsünlər. İstəyirəm ki, müharibə veteranlarına, şəhid ailələrinə icra başçıları həqiqətən ciddi diqqət göstərsin və bunu xalq da görsün. Bu çox vacibdi. Çünki Tərtər cəbhə bölgəsidir və cəbhə bölgəsinin əhalisi həmişə ayıq-sayıq olmalıdır. Əksinə, oranın əhalisini sıxıntılarla saxlayıb, bezdirmək, köçürmək olmaz”. 



İlham İsmayıl qeyd edib ki, Tərtərdə hərbi məktəb tikilməsini çox istəyir.

 

“Tərtər Dağlıq Qarabağın ətrafında yeganə ərazi itirməyən rayondur. Buna görə də orada ancaq hansısa obyektlər, şadlıq sarayları, kababxanalar tikmək yox, məhz hərbi məktəb yaratmaq üçün icra başçısı məsələ qaldırmalıydı. Tərtərin ən böyük problemlərindən biri də su problemidir. Bildiyimiz kimi, Sərsəng su anbarının  qarşısı ermənilər tərəfindən kəsilib, əhali su sarıdan çox böyük əziyyət çəkir. Tərtərin su problemini həll etmək üçün icra başçısı həyəcan təbili çalmalıdır. İldə bir dəfə artezan quyusu qazdırmaqla su problemi həll edilmir. Bu çox vacib məsələdir. Tərtərdə əhali arasında hərbi sahədə ruh yaradacaq iş görülməli və həmin əhalinin su problemi məsələsi həll edilməlidir. Yerdə qalan məsələlər icra başçısından asılı deyil. Mən bildiyim qədəri ilə Müstəqim Məmmədov 8 ildir icra başçısıdır, amma indiyə qədər qeyd etdiyim problemləri həll etməyib”.

 

Tanınmış astroloq Səbuhi Rəhimli:

“Mən Bakıda yaşadığım üçün Tərtərə az-az, qısamüddətli səfər edirəm. Rayonun icra başçısı haqqında xüsusi bir fikrim yoxdur. Onun da başqaları kimi yeni təyinat alan kimi yolları, meydanları təmir etdirdiyi haqqında məlumatım var. Arada “Youtube”da rayon İcra Hakimiyyəti binasının qarşısında müxtəlif bayram və tədbirlərdə, açılışlarda çıxış etdiyini görmüşəm. Ki, bu da bütün başçılarda olan prosedur qaydalardır. Özəl bildiyim isə odur ki, rusca biabırcasına bir müsahibə vermişdi. Adam da bilmədiyi dildə rəsmi danışmağa çalışar? Bu utancvericidir”.


Tərtərli jurnalist Elgün Mənsimov:


“Tərtər müharibənin mərkəzində olub, şiddətli döyüşlərə şahidlik edib və hazırda da düşmənlə təmas xəttində yerləşdiyindən ən qaynar nöqtələrdən hesab edilir. Buna görə də rayonun sakinləri çox həssasdırlar. Təbii ki, onların bu həssaslığı dövlət tərəfindən də ayrıca diqqətlə qarşılanır. Bununla bağlı regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan dövlət proqramlarını, şəhid ailələrinə, müharibə veteranlarına göstərilən diqqət və qayğını misal göstəmək olar”.


Elgün Mənsimov qeyd edib ki, bu tədbirlər çərçivəsində son illərdə rayonun bütün kəndlərinin yolları yenidən qurulub, kəndlərə yeni telefon, qaz və elektrik xətləri çəkilib.

“Xeyli insan işlə təmin olunub. Bununla belə, hazırda rayon sakinlərinin üzləşdiyi daha bir ciddi problem var. Bu da su ilə bağlı məsələdir. Ona görə də rayonun icra başçısının bu günə qədər gördüyü işlərdənsə, bundan sonra görməli olduğu işlərdən danışmaq istəyirəm. Belə ki, hazırda rayon əhalisi su sarıdan böyük korluq çəkir, təsərrüfatlarını suvarmağa su tapmırlar. Əkin sahələri, bağ-bağatlar məhv olub gedir. Təbii ki, bunun obyektiv səbəbləri var. Azğın ermənilər yuxarıdan Tərtər çayının qarşısını kəsiblər. Bununla belə, sakinlər adından deyirəm ki, hər kənddə əlavə 3 artezian qazılsa, problem qismən həllini tapmış olar. Ona görə başçının birinci növbədə bu problemə bir əlac tapmasını istərdim. Daxili büdcə buna imkan verməsə də, aidiyyəti orqanlar qarşısında məsələ qaldırıb nəyəsə nail olmaq mümkündür”.


Tərtərli hüquqşünas Könül Quliyeva Müstəqil Məmmədovu  “Don Kixot” obrazı yaratmaqdansa istefaya çağırıb.


“Son dönəmlər ölkədə istefa mədəniyyətinin formalaşması ilə bağlı ən yüksək səviyyədə tədbirlər həyata keçirilir. Təəsüflə qeyd etməliyəm ki, bu tədbirlərin təşəbbüskarı məmurlar deyil, cənab Prezidentdir. Bəzi yaşlı məmurlar cənab Prezidentin bu çağrışına həm də ona görə müsbət reaksiya verdilər ki, dövlət başçısı onları vəzifədən azad edə bilərdi. Lakin istefa vermək üçün heç də 70 yaşı keçmək lazım deyil. Məsələn, Tərtər Rayon İcra Hakimiyyətinin 50 yaşlı başçısı Müstəqim Məmmədov...  Bu şəxsin fəaliyyətindən Tərtər rayonunda razı olan 50 nəfər yerli sakin tapmaq mümkün deyil”.



Könül Quliyeva  onu da deyir ki, barəsində yerli sakinlər arasında lətifələr dolaşan Müstəqim Məmmədovun lətifə janrının çiçəklənməsindən başqa müsbət fəaliyyəti yoxdur”.


“Bu şəxs üzüsulu ikən istefa versə, onun üçün daha faydalı olar. Onu da vurğalıyım ki, yerli sakinlər onun üzünü yalnız internet və televiziya ekranlarından görürlər. Müstəqim Məmmədov özünə Tərtər rayonun mərkəzində və digər rayonlarda dəyəri milyonlarla ölçülən böyük villa tikdirib. Əcaba Müstəqim Məmmədov bu imarəti  aylıq əmək haqqı ilə  tikdiribmi? Bu yalana  heç onun özü də inanmaz. Mən sizi inandırım ki, Məmmədovun fəaliyyətinin monitorinqi aparılarsa, onun işində saysız-hesabsız hüquq pozuntusu aşkar edilər. Tərtərlilərlə aparacağınız 5 dəqiqəlik söhbət bəs edir ki, real vəziyyətlə obyektiv tanış olasınız. Ona görə də nəinki 70 yaşı, 55 yaşı belə gözləmək ağılsızlıq olardı”.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir