Modern.az

“Ordum varsa, yurdum var” – Ağdamda düşmənlə üzbəüz BAYRAQ YÜRÜŞÜ

“Ordum varsa, yurdum var” – Ağdamda düşmənlə üzbəüz BAYRAQ YÜRÜŞÜ

9 Noyabr 2019, 12:12

“Bayraq mənliyimdir, bayraq kimliyim Bayraq- öz yurduma, öz hakimliyim”-deyib dahi Bəxtiyar Vahabzadə. O yurda ki, bayraq hakim kəslimədisə, deməli, o yurdun mövcudluğundan əsər-əlamət yoxdur. Bayraq həm də dövlətin var olması deməkdir.

 

Qaça-qaça yeriyən ağdamlılar!

Builki bayraq günündə istiqamətimiz  Ağdam idi. O Ağdam ki, torpağının 70%-dən çoxu işğal olunub, minlərlə şəhid verib, məcburi köçkünləri ölkənin digər yerlərinə səpələnib.

Ağdamın Soltanbud təpəsinə qalxanda insanın daxilinə bir nisgil hakim kəsilir. O təpədən işğal olunmuş ərazilər görünür. Hər bir ağdamlı üçün bu daha ağırdır. Yaşlı insanlar işğal altında qalan torpaqları uzaqdan izləmək yox, üzərində gəzmək, yaşamaq arzusundadır. “Qızım, ən böyük arzum öz torpağıma qayıtmaq, orada canımı tapşırmaqdır. Allah bizi arzularımıza qovuşdursun”-deyir yaşlı müsahibim.

Diqqət etdiyim daha bir  məqam isə ağdamlıların  “Bayraq yürüşü”də daha sürətli yürüş etmələri ilə bağlı idi. Sanki onlar işğal altında qalan torpaqlara pənah aparmağa çalışırdılar. Hər birinin gözlərində qığılcım parıldayırdı.

 

“Bu vətən üçün savaşdıq”

Bir neçə ildir ki, Dövlət Bayraq Günü düşmənlə sərhəd bölgələrdə daha möhtəşəm  təşkil edilir. Təhsil Nazirliyi və Müdafiə Nazirliyinin ənənə halına saldıqları “Bayraq yürüşü” hər kəsi bir araya gətirir. Hərbçilər, keçmiş döyüşçülər, qazilər, sıravi vətəndaşlarla  torpaq və vətən üçün birgə addımlamağın əhəmiyyətini hər kəsə nümayiş etdirə bilirlər

Ağdamın Quzanlı qəsəbəsi düşmənlə çox yaxın məsafədə yerləşir. Yerli sakinlər atəşkəsin pozulması hallarına tez-tez şahidlik edirlər. Ancaq insanların çöhrəsində bir mərdlik, qorxmazlıq var. Qazilərin, keçmiş döyüşçülərin “bu vətən bizimdir. Bu vətən üçün savaşdıq” deməsi məktəbliləri daha da ruhlandırırdı.

“Bayraq yürüşü”ndə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov çıxışı zamanı bildirib ki, ölkəmizin sürətlə inkişaf etməsi insanda qürur hissi yaşadır:  "Fəxr etməliyik ki, Azərbaycan kimi bir ölkədə yaşayırıq. Bayraq yürüşümüz bizim bir xalq olaraq bir olduğumuzu göstərir. Biz hər zaman işğal olunmuş ərazilərimizi azad etməyə hazırıq. Prezidentin Rusiyanın Soçi şəhərində «Qarabağ Azərbaycandır!» - deyə qətiyyətlə səsləndirdiyi fikir bütün Azərbaycan vətəndaşlarına qürur hissi yaşatdı. Biz Ali Baş Komandanın əmri ilə hər zaman işğal altında olan torpaqlarımızı azad etməyə hazırıq. İnanırıq ki, bir gün üçrəngli bayrağımız Qarabağın işğaldan azad edilən bütün bölgələrində dalğalanacaq”

 

Millət vəkili Aydın Mirzəzadə bayrağımızı işğal olunan ərazilərə sancmağa da, sancıldığı yerlərdə dalğalandırmağa da gücümüz olduğunu söyləyib:

“Artıq beşinci ildir ki, müharibə bölgələrimizdə "Bayraq yürüşü” keçirilir. Bu gün təkcə yürüşün keçirildiyi Ağdam rayonu deyil, bütün Azərbaycan belə bir möhtəşəm tədbirdən xəbərdardır. Bu gün Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi ölkədir. Bu gün Azərbaycan dünya liderlərinin toplaşdığı «Qarabağ Azərbaycandır! Nida!» deyən ölkədir. Ölkəmiz bu səviyyəyə xalqımızın səyi, özünün qətiyyətli lideri ilə çatıb. Gün o gün olsun, bayrağımız Laçında, Şuşada, Kəlbəcərdə - işğal altında olan bütün bölgələrdə dalğalansın! İnanırıq ki, o gün uzaqda deyil. Harada bayraq varsa, Azərbaycan vətəndaşı ordadır. O bayrağı qorumaq üçün ölkə vətəndaşları canından keçməyə hazırdır”.

Ağdam rayonun icra başçısı Vaqif Həsənov qeyd edib ki, bu gün ağdamlılar bütün ordusu və mülki əhalisi ilə birgə "Bayraq yürüşü”nü Ağdam rayonunun mərkəzində keçirməkdən şərəf duyurlar:

"Bu, bizim möhtəşəm birliyimizin göstəricisidir. Bayraq xalqın qürurunu ifadə edir. Fəxr edirəm ki, bayraq gününü Ağdam rayonunda belə möhtəşəm qeyd edə bilirik”.

N saylı hərbi hissənin birlik komandirinin müavini, polkovnik-leytenant Babək Səmidli dalğalanan bayrağımızda milli mənsubiyyətimiz, türklüyümüz, dinimiz və gələcək hədəflərimizin əksini tapdığını bildirib:

"Vətəndaşlarımızda bayraq sevgisini artırmaq, dövlətçiliyimizin möhkəmlənməsi üçün dövlət başçısının ətrafında aaaasıx birləşmək üçün bayraq yürüşünü həyata keçiririk. Bu bayrağın dalğalanması üçün Azərbaycan xalqının mərd oğulları canlarını qurban veriblər. Bu bayraq uğrunda şəhid olanlarımız saysız-hesabsızdır. Bu bayraq uğrunda döyüşən qazilərimiz var. Bu bayramı belə möhtəşəm şəkildə qeyd etməklə tezliklə düşmən işğalından torpaqlarımızı azad edəcəyimizə inanırıq. Hər bir Azərbaycan əsgər və zabiti söz verir ki, Baş Komandanın əmri ilə və rəhbərliyi altında işğal olunmuş torpaqlarımızı azad edəcək, ərazi bütövlüyümüzü bərpa edərək bayrağımızı Azərbaycanın bütün bölgələrində, işğal olunmuş torpaqlarımızda dalğalandıracağıq”.

 

Bizi qoruyan ordumuz!

Ağdamda keçirilən “Bayraq yürüşü”ndən sonra N saylı hərbi hissənin əsgər və zabitləri ilə görüşə getdik. Onlarla eyni masa arxasında əyləşib nahar da etdik. Təbii ki, bu zaman onlarla söhbətləşmək imkanımız da oldu. Etiraf edək ki, arxa cəbhənin insanları olaraq rahat və sakit həyat yaşayırıq. Cəbhə bölgəsinə yaxın ərazidə yaşamadığımızdan atəş səslərini də eşitmirik. Düşmənlə 5 km məsafədə yerləşən N saylı hərbi hissənin əsgər və zabitləri “Biz bu vətənin övladlarıyıq. Vətənə xidmət etməkdən qürur duyuruq. Vətən sağ olsun!”-deyirlər. Onların arasında torpağı işğal altında olanlar da, yaşı torpaqlarımızın işğal tarixlərindən az olanları da var. Ancaq onları bir arada saxlayan VƏTƏNdir, vətənə olan sevgidir.

Müddətdən artıq xidmət edən(MAXE) əsgərimiz deyir ki, 2016-cı ilin aprel döyüşlərində olduqları bu hərbi hissə tamamilə dağılmışdı:

“2016-cı ilin aprel döyüşləri zamanı Ağdamda da güclü döyüşlər gedirdi. İndi gəldiyiniz bu N saylı hərbi hissə tamamilə dağılmışdı. Döyüşlərdən sonra bu hərbi hissə yenidən əvvəlki halına qaytarıldı. 5 ildir ki, müddətdən artıq xidmət edirəm. Bu vətənə, bu torpağa canım fəda olsun. Arzumuz budur ki, 3 rəngli bayrağımız hər zaman zirvələrdə dalğalansın”.

Bugünkü rahat həyatımızı bizi ön hissədə qoruyan oğullarımıza, qardaşlarımıza borcluyuq.

Boşuna deyilmir ki, “ordum varsa, yurdum var, ordum yoxsa, yurdum yox”. Məhz güclü ordumuzun sayəsində biz də ayaqdayıq. Təbii, biz onlarla birgə şəkil də çəkdirdik, yemək də yedik, söhbət də etdik. Ancaq hərbi sistemdə heç də hər şey bizim şəkil çəkdirdiyimiz qədər asan deyil. Hərbinin öz qaydaları var. O qaydalar ki, vətənin, dövlətin, xalqın azadlığının, suverenliyinin müdafiəsinə hesablanıb.

Tanrı sizi qorusun, Azərbaycan əsgəri! Bayrağımız hər zaman zirvələrdə dalğalansın! Bayraq günümüz mübarək!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?