Modern.az

Azərbaycanda özəl dedektivlər hansı funksiyanı həyata keçirəcək?

Azərbaycanda özəl dedektivlər hansı funksiyanı həyata keçirəcək?

Aktual

21 Noyabr 2019, 11:25

Milli Məclisin sonuncu plenar iclası zamanı deputat Fərəc Quliyev maraqlı təkliflə çıxış edib.

O, Azərbaycanda özəl detektiv fəaliyyəti ilə bağlı qanunun qəbul edilməli olduğunu bildirib.

Ölkəmizdə belə bir qanunun qəbuluna ciddi ehtiyac olduğunu vurğulayan deputat, axtarış əməliyyatlarının da xüsusi detektivlər tərəfindən həyata keçirilə bildiyini qeyd edib.

 

Bəs Azərbaycanda özəl dedektivlərin olması haqqında niyə qanun yoxdur?

Avropa və MDB məkanına daxil olan ölkələrdə özəl dedektivlərlə bağlı vəziyyət necədir?

 

Sabiq polis rəisi Mahmud Hacıyev Modern.az-a açıqlamasında mövzuya münasibət bildirib.

 

O, qeyd edib ki, Azərbaycanda özəl xəfiyyələrin yaradılması ilə bağlı müraciətlər kütləvi deyil:

 

“Ancaq parlamentdə hansısa deputat özəl xəfiyyələrin yaradılması ilə bağlı təklif irəli sürürsə, bunu alqışlamaq olar. Çox vaxt deputatlarımız anlaşılmaz təkliflər irəli sürür. Hesab edirəm ki, bu dəfəki təklif çox önəmlidir”.

 

Sabiq polis rəisi bir məqamı da qeyd edib ki, özəl xəfiyyələrin yaradılması proseduru o qədər də sadə deyil:

“Yadımdadır,  bir neçə il bundan qabaq bəzi polkovniklər  ölkə rəhbərliyinə bununla bağlı müraciət etdilər. Ancaq bu müraciət də kütləvi deyildi. Müraciət edilməsi o demək deyil ki, dərhal reaksiya olacaq. Çünki prosedur qaydaları uzun vaxt aparır. Öncə Milli Məclisdə müzakirə olunur. Müzakirə olunandan sonra prezidentə göndərilir”, - deyə Mahmud Hacıyev əlavə edib.

 

Keçmiş polis rəisi Azərbaycanda vətəndaşlar arasında özəl xəfiyyələrə inamsızlıqdan da söz açıb:

 

“Bəzi vətəndaşlarımız elə düşünür ki, bizdə dedektivlər yaranarsa hüquq-mühafizə orqanları ilə aralarında münaqişələr yaranacaq. Ancaq vətəndaşa da izah etmək olmur ki, bu cür məsələlər qanuni şəkildə fəaliyyət göstərir. Bu həyata keçirildiyi təqdirdə onlar özbaşına fəaliyyət göstərməyəcəklər. Əksinə, hüquq-mühafizə orqanları işçilərinə köməklik edəcəklər”.

 

M.Hacıyev xəfiyyələrlə bağlı beynəlxalq təcrübədən də danışıb:

 

“Özəl dedektivlər dünyanın bir çox ölkələrində mövcuddur. Finlandiya, Norveç, Almaniya, İspaniya, Macarıstan, Polşa kimi Avropa ölkələrindən tutmuş, Qazaxıstan, Gürcüstan, Latviya, Litva, Estoniya, Ukrayna kimi post-sovet ölkələrində də, İsraildə də var. Məsələn, Fransada özəl xəfiyyə 100 ildir ki, fəaliyyət göstərir. 1834-cü ildə Fransa dövlət səviyyəsində bunu qanun halına salıb.  

MDB məkanında hüquq-mühafizə orqanlarından bir çox təqaüdə çıxmış generallar və polkovniklər Boris Yeltsin (Rusiyanın ilk prezidenti-red.) hakimiyyətdə olanda Rusiya prezidentinə müraciət etdilər. Bu məsələyə Yeltsin müsbət reaksiya verdi. 1992-ci ilin 11 martında Rusiya dövləti özəl xəfiyyə ilə bağlı qanun qəbul etdi və fəaliyyət göstərməyə başladı. Özəl xəfiyyələr baş verə biləcək cinayətlərin qarşısının alınmasında hüquq mühafizə orqanları ilə birgə fəaliyyət göstərirlər və onlara kömək edirlər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü