Modern.az

Elektron ticarət ƏDV-dən azad olunsun - TƏKLİF 

Elektron ticarət ƏDV-dən azad olunsun - TƏKLİF 

İqtisadiyyat

26 Noyabr 2019, 13:22

Vüqar Bayramov: “Cari hesablarda olan vəsaitlər də dövlət tərəfindən sığortalansın”

 

Bu gün Bakıda E-kommersiya Forumu keçirilir. Belə tədbirin keçirilməsi müsbət hal olsa da, hələ də elektron ticarətin ümumi ticarətdə payı 1 faizə belə çatmır.

 

Bu barədə Modern.az-a danışan iqtisadçı Vüqar Bayramov bildirib ki, bu sahədə daha sistemli və kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var:

 

“Azərbaycan elektron ticarəti vergiyə cəlb edən az sayda dövlətlərdən biridir. Hətta elmi məqalə işləmək üçün elektron proqram alınanda da əlavə dəyər vergisi (ƏDV) ödənilir. Beyin mərkəzinin internet səhifəsinin hostinqi üçün internet üzərindən ödənişlər edən zaman belə 18 faiz ƏDV tutulur. Halbuki, bu tip elektron ödənişlər əksər inkişaf etmiş ölkələrdə bütün vergilərdən azaddır. Bunun səbəbidir ki, son illər elektron xidmətlərdən istifadə edən müştərilərin xeyli hissəsi Gürcüstanda özlərinə bank hesabı açırlar. Elektron ticarətinin inkişafına əngəl olan digər faktor elektron infrastrukturun tam olaraq inkişaf etməməsidir”.

 

Onun sözlərinə görə, xüsusən də, post-terminalların işləməməsi və xidmət sektorunda sahibkarların elektron ödənişlərə marağının az olması halları var.

 

“Banklara olan inam da elektron ticarətin inkişafına mane olur. Bu baxımdan, biz təklif edirik ki, ABŞ da daxil olmaqla əksər ölkələrdə olduğu kimi Azərbaycanda da elektron ticarəti dolayı vergidən, yəni ƏDV-dən azad olunsun. Post-terminalların istifadəsilə bağlı şərtlər və nəzarət təkmilləşdirilsin. Ən əsas məqamlardan biri, cari hesablarda olan vəsaitlər də dövlət tərəfindən sığortalansın ki, vətəndaş plastik kartında vəsait saxlamaqda tərəddüd etməsin. Elektron ticarətin inkişafı yalnız sistemli islahatlar nəticəsində mümkün ola bilər”, - deyə V.Bayramov bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır