Modern.az

Birinci vitse-prezidentin təşəbbüsü ilə keçirilən aksiyada ən çox ağac bu rayonda əkilib

Birinci vitse-prezidentin təşəbbüsü ilə keçirilən aksiyada ən çox ağac bu rayonda əkilib

7 Dekabr 2019, 10:55

Dekabrın 6-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkənin bütün ərazisində bir gündə 650 min ağac əkilməsi təşəbbüsü ilə ekoloji aksiya keçirilib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 6-da Şamaxı rayonunda keçirilən ağacəkmə aksiyasında iştirak ediblər.

 

Modern.az xəbər verir ki, Ekologiya və Təbii sərvətlər naziri Muxtar Babayev aksiya barədə ölkə rəhbəri və birinci vitse-prezidentə məlumat verib.

 

Muxtar Babayev bildirib ki, dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızın bütün ərazisini əhatə edən ağacəkmə aksiyası çərçivəsində ümumilikdə 83 şəhər və rayonda 37 növdə 650 min ağacın əkilməsi nəzərdə tutulur.

 

“Ağacların hamısı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik təsərrüfatlarında yetişdirilib. Aksiya ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ağacların əkiləcəyi ərazilərin elektron xəritəsi hazırlanıb. Şəhər və rayon icra hakimiyyətləri tərəfindən ərazilərdə müvafiq hazırlıq işləri görülüb. Əkiləcək ağacların becərilməsində damcılı suvarma sistemindən və suvarma kanallarından istifadə olunacaq”.

 

Modern.az ağacəkmə aksiyasında iştirak edən rayonların adlarını və əkilən ağacların sayını təqdim edir:

Zərdab ərazisində kampaniyaya hazırlıq ərəfəsində 17 min, dekabrın 6-da isə 10 min ədəddən çox ağac əkilib, yeni yaşıllıqların suvarılması üçün xətlər çəkilib.

Cəlilabadda 2500 nəfərin iştirak etdiyi genişmiqyaslı ağacəkmə aksiyasında 5 mindən çox ağcaqayın və göyrüş ağacları əkilib.

 

Masallıda Ağacəkmə kampaniya çərçivəsinə ümumilikdə 5000 ədəd ağac əkilib.

Lənkəranda 2 min müxtəlif növ ağaclar əkilib.

 

Gəncədə Heydər Əliyev park-kompleksinin ərazisində və Nizami Gəncəvinin məqbərəsi ətrafında 10 mindən artıq eldar şamı və dekorativ ağaclar əkilib.

 

Tovuzda 10 min ədəddən artıq ağac əkilib.

 

Qazaxın Birinci Şıxlı, İkinci Şıxlı, Yuxarı Salahlı, Qazaxbəyli, Aslanbəyli və Çaylı kəndlərində yol kənarında baş tutan ağacəkmə kampaniyasında 3 min ədəd şam ağacı tingi əkilib.

 

Ağstafanın cəbhəyanı ərazidə yerləşən Köhnə Qışlaq və Tatlı kəndlərini birləşdirən 2 kilometrlik yolun sağ və sol hissələrinə 4 min ağac əkilib.

 

Ucarın mərkəzi küçələrində, yaşayış binalarının həyətlərində, parklar və xiyabanlarda 40 mindən artıq eldar şamı, tuya, çinar, tut tingləri və müxtəlif meyvə ağacları əkilib.

 

Ağdaşda 4500-dən çox ağac əkilib.

 

Mingəçevirdə şəhərin hər iki istiqamətdən girişində, Heydər Əliyev prospektində, Sağ sahil və Energetiklər qəsəbələrində, məhəllədaxili ərazilərdə, park və xiyabanlarda 10 min ədəd ağac əkiblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi