Modern.az

Jurnalistlər niyə deputat olmaq istəyir… - “Təkcə yazmaqla iş bitmir”

Jurnalistlər niyə deputat olmaq istəyir… - “Təkcə yazmaqla iş bitmir”

Media

25 Dekabr 2019, 08:46

Azərbaycanda 2020-ci il fevral ayının 9-na təyin olunmuş növbədənkənar parlament seçkisinə böyük diqqət var. Budəfəki parlament seçkisi həm də çox sayda jurnalistin namizəd kimi qatıldığı marafon kimi  yadda qalacaq.

Həmkarlarının seçkilərdə iştirakının tərəfdarı olan müstəqil jurnalist Azər Rəşidoğlu Modern.az-a bu barədə danışarkən bildirib ki, media nümayəndələri problemləri bilir və həll etməyə çalışırlar. Buna görə, onların deputatlıq arzusunda olması təbiidir:


“Bütün problemlərə baxmayaraq, media vətəndaşların sosial problemlərinə yardımçı olur. Harınlamış məmurları vətəndaşlar “jurnalistlərə deyəcəm” mesajı ilə çəkindirə bilirlər. Digər tərəfdən, jurnalistlər ictimai-siyasi proseslərdə bişmiş, təcrübə toplamış insanlardır. Odur ki, jurnalist çox yaxşı deputat ola bilir. Məsələn, keçmiş jurnalist Qənirə Paşayeva kimin nə deməsindən asılı olmayaraq, çox yaxşı deputat oldu. Hətta onun seçicisi olmayan vətəndaşlar da həmkarımıza müraciət edir. Bu amil jurnalistin deputat seçilməsinin məqbul olmasını göstərir. Lakin burada bir məqam da var. Azərbaycanda  mindən çox jurnalist var.  İçərisində çox yaxşı yaşayan da var, kasıb olan da, “reket” də var.  Yüzlərlə jurnalistin problemini bilən, yüzlərlə jurnalistdən biri olan, əli qabarlı fəhləlik edən qələm əhli niyə deputat olmasın ki? Qənirə Paşayeva kimi bir deyil, 10 deputat olsa pis olar ki?  Ondan daha yaxşısını istəyirsinizsə, daha müstəqil fəhlə-jurnalistə dəstək olun. Biz jurnalistlər siyasətçiləri rəndələməklə məşğuluq, indi niyə öz həmkarlarımızı vurmalıyıq ki? Ləyaqətli, səmimi,  peşəkar jurnalist xalqa zidd addım atmaz və milyonların səsi olar. Bundan xalq da udar, hakimiyyət də, dövlət də”.



A.Rəşidoğlu “sizlərdən, bizlərdən biri deputat olarsa, bu, müsbət haldır” – deyə qeyd edib və bunu da vurğulayıb ki, elə burjua tipli jurnalistlər var ki, o, bizlərdən biri deyil:


“Mən 30 ildir ki, sıravi jurnalistlərin pozulan hüquqlarını dəstəkləyirəm. Mən sizlərdən biriyəm. Baxmayaraq ki, namizədliyimi irəli sürnək fikrim yoxdur: özüm kimi bir jurnalistin seçilməsini istərdim”.


Seçkilərə qatılan jurnalist, Qaynarinfo.az saytının baş redaktoru Zahir Əzəmət düşünür ki, jurnalistlərin parlament seçkilərinə marağı həmişə olub:


“Budəfəki seçkilərdə də oxşar situasiyadır. Sadəcə, jurnalistlər kampaniyanı daha tez başlayıblar. Məsələn, tək bizim dairədən artıq 20-ə yaxın şəxs iddiasını ortaya qoyub. Bu qədər namizədin içərisində 1-2 jurnalistin olması də qeyri-adi məsələ deyil.

Jurnalistlər  cəmiyyətin aktiv hissəsidir. Hər zaman cəmiyyətin problemlərini işıəqlandırmaqla məşğul olurlar. Hazırda gedən islahat dalğasında hesab edirlər ki, onların da deməyə sözü var. Bu mənada öz iddialarını ortaya qoyurlar.

Hesab edirəm ki, artıq bizim kimi jurnalistlərin rəsmi statusla cəmiyyətin ictimai-siyasi həyatında iştirak etmək vaxtımızdır. Təcrübə göstərir ki, hər kəs aşağıdan yuxarıya doğru problemlərin həllinə çalışmalıdır. Tək yazmaqla iş bitmir”.



Z.Əzəmətin fikrincə, parlament seçkilərində jurnalistlərin üstünlüyü problemlərin içərisində olmaq, xüsusilə təmsil olunduğu ərazinin məsələləri ilə yaxından tanış olmağıdır:


“Həm müraciətlərin bizə yönləndirilməsi, həm də özümüzün həmin sosial problemlərin içərisində olmağımız işimizi daha da asanlaşdırır. Ola bilər, jurnalistin PR imkanları yaxşı olsun. Amma hər hansı bir iş adamının maddi cəhətdən daha çox imkanı var və PR qurmaq üçün daha şanslıdır. Amma mediada təbliğat aparmaq hələ seçkidə qalib gəlmək demək deyil.

Məncə, şans var. Seçkinin aktivliyinə nail ola bilsək, niyə də olmasın. Mən seçkilərdə iştirak edəcək həmkarların bir çoxunun potensialını yüksək qiymətləndirirəm. Doğru strategiya qurulsa, ümumi vəziyyət buna imkan versə, uğur qazanmaq mümkündür”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir