Modern.az

Şəfalı bitkilər - Çobanyastığı

Şəfalı bitkilər - Çobanyastığı

İqtisadiyyat

23 Mart 2012, 17:01


Şəfalı bitkilər haqqında məlumatlar hər zaman insanları maraqlandırır. Modern.az öz oxucularına şəfalı bitkilər, onların faydası, müalicəvi xüsusiyyəti barədə məlumatlar çatdırmaqda davam edir. Bu dəfə Çobanyastığı bitkisi haqqında yazdıq.

Çobanyastığı bitkisi Mürəkkəbçiçəklilər fəsiləsinə aiddir. Yol kənarlarında və boş ərazilərdə özbaşına bitən xoş qoxulu sarı-ağ rəngdə çiçəklər açan bir bitkidir. Əsasən adi çobanyastığı və matrikaria kamomilla növləri geniş yayılıb. Bu bitkini əldə etmək elə də çətinlik yaratmır. Ölkəmizdə çobanyastığının bir çox növləri yayılıb. Adi çobanyastığı yabanı halda düzənliklərdə, səhralıqlarda və quru yerlərdə bitir. Azərbaycanda əsasən Kür–Araz ovalıqlarında geniş yayılıb. Ətirli çobanyastığı alaq bitkisi kimi Azərbaycanın bütün rayonlarında bitir.

Qədim romalılar bu bitkiyə “chamaemelon”  adı vermişdilər. Bitkinin əsl adı isə, yəni “Romaşka” birinci dəfə XVIII əsrdə yaranıb. “Romaşka” sözü “roman”  sözündən formalaşıb.

Çobanyastığı bitkisinin hündürlüyü 15–30 sm-ə qədər olan, kökü saçaqlı birillik ot bitkisidir. Gövdəsi dikduran tək halda olub əsas hissədən çoxsaylı budaqlanandır. Yarpaqları növbəli üçər lələkvari–daraqvari şəklində, uzunluğu 5 sm, eni 1,8 sm qalxanvari iti olub qurtaracağı oturandır. Çiçəklərinin orta hissəsində sarı boruşəkilli, kənarlarında isə dilşəkilli çiçəkləri 12–18 ədəd ağ ləçəklərdən ibarət olub, səbətdə gövdənin qurtaracağında toplanıb. Meyvəsi uzunsov qonurumtul–aşıl rəngdə olub, azca yuxarıya doğru əyilən, 5 qabırğalı toxumcuqdan ibarətdir. 1000 ədəd toxumunun çəkisi 0,026–0,053 qramdır. Bitki may–sentyabr aylarında çiçək açır, iyunda toxum verir. Bitkinin bütün hissəsi güclü xoş ətirli iyə malikdir. Dilşəkilli çiçəkləri saat 4–də üfüqi istiqamət alıb açılır, saat 7–də bağlanır.

Çobanyastığı çiçəkləri may ayından sentyabradək əllə, yaxud xüsusi daraqla yığılır və  qurudulur. Çiçəkləri həm qurudanda, həm də saxlayanda günəş şüasında qorumaq lazımdır. Xammalda efir yağlarının miqdarı 0,3%–dən az, nəmlilik 14%–dən çox olmamalıdır.

Çobanyastığı çiçəkləri quru, sərin və qaranlıq yerdə, kip bağlanan taxta və karton qutularda saxlanmalıdır. Saxlama müddəti bir ildir. Təbii halda yayılan ərazilərin hər hektar sahəsindən 2–60 sentnerə qədər, əkilən sahələrdən isə 4–12 sentner quru xammal əldə etmək olar. Əkilən sahədən ildə 4–5 dəfə xammal (çiçək səbəti) tədarük olunur.

Çobanyastığı təbabətdə daha geniş istifadə olunur.

Çobanyastığı çiçəklərindən müalicə – profilaktik və kosmetik məqsədlə dünyanın əksər ölkələrində istifadə edilir. Çiçəklər dəmləmə, bişirmə, toz və digər şəkildə ayrıca və yaxud mürəkkəb qarışıqlar tərkibində tətbiq olunur. Təzə hazırlanmış dəmləməsi yaxud bişirməsi antiseptik, antiiltihab, spazmolitik, ağrıkəsici, antiallergetik, sakitləşdirici vasitə kimi mədə – bağırsaq, dəri, ağız boşluğu, tənəffüs yolları, qadın xəstəlikləri və digər xəstəliklər zamanı tətbiq olunur. Çobanyastığı dəmləməsi spazmolitik vasitə kimi kəskin və xroniki qastritlər, mədə və 12 barmaq bağırsağın xorası, bağırsaqlarda qıcqırma ilə müşayiət edilən xroniki spazmatik kolitlər və enterokolitlər zamanı işlədilir. Çobanyastığı preparatları qaraciyər və öd yolları xəstəlikləri, sarılıq zamanı öd axarlarının spazmasını aradan qaldırır, öd axınını gücləndirir, iltihabı azaldır. Çobanyastığı çiçəklərinin dəmləməsindən irinli yaraların, xoraların yuyulmasında, göz xəstəliklərinin müalicəsində istifadə edilir. Müalicə məqsədləri üçün çəmən çobanyastığını çiçək açan dövrdə toplayırlar.

Çobanyastığı çiçəklərindən 1 xörək qaşığına 200 ml qaynar su əlavə еtmək tövsiyyə olunur. Xora xəstəliyində təzəcə hazırlanmış dəmləməsini hər səhər  içmək lazımdır.  Bundan sonra növbə ilə  bədənin hər dörd tərəfi üzərində yatmalı ki, dəmləmə bərabər qaydada mədənin sеlikli qişasına təsir еtsin və ağrını kəssin. 15 dəqiqədən sonra isə xörək yеmək lazımdır.

Çayla gözə sarğı edilsə, gözdəki şişlikləri aradan qaldırar. Çobanyastığı suyu duş suyuna qatılsa,  insan dərisini təzələyər və saçlara parlaqlıq verər. Ayrıca, çobanyastığı suyu ilə duş qəbul etmək xəstələrin yaxşılaşmasını da sürətləndirər. Çobanyastığı yağı ağrı müalicəsi üçün istifadə edilər. Xüsusilə uşaq və körpələrdəki qarın ağrısında çobanyastığı yağı isidilib qarına masaj edilsə,  faydası görülər. Çobanyastığı qaynadılıb buxarı tənəffüs edilsə, soyuqdəymə və sinüzitə yaxşı gəlir. Çobanyastığı çayının faydaları arasında bağırsaq qazlarını azalması da sayıla bilər. Bunun üçün süd ilə birlikdə içilməlidir.
Onuda əlaə edək ki, çobanyastığıdan çobanyastığı çayı, çobanyastığı yağı və boya əldə edilir. Çobanyastığı çayı xarab olmuş dəriləri təmizləmək və təzələmək üçün çox faydalıdır.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir