Modern.az

Çinin “Huawei” şirkəti AZƏRTAC-la əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Çinin “Huawei” şirkəti AZƏRTAC-la əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Aktual

29 Yanvar 2020, 18:00

AZƏRTAC və Çinin informasiya-kommunikasiya texnologiyaları sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan “Huawei” əlaqələri genişləndirəcək.

Əməkdaşlığın perspektivləri AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə “Huawei Azərbaycan” şirkətinin icraçı direktorunun müavini Yanq Zilonq və İdarəetmə Departamentinin satış meneceri Vu Xinin görüşündə müzakirə olunub.

Azərbaycan və Çinin dost ölkələr olduğunu qeyd edən Aslan Aslanov dövlətimizin Çin ilə əməkdaşlığın daim inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyini bildirib. Xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin aprelində Pekində “Huawei” kompaniyasının sədri Lian Xuanı qəbul edərkən İKT sahəsində şirkətlə əməkdaşlığın perspektivlərindən danışıb. Bu, dövlətimizin başçısının şirkətin Azərbaycandakı fəaliyyətinə verdiyi önəmin bariz göstəricisidir.

“AZƏRTAC ilə “Huawei” arasında əməkdaşlığın təməli bir neçə il əvvəl qoyulub. Agentliyimiz şirkətin ölkəmizdə həyata keçirdiyi bir sıra layihələrə informasiya dəstəyi verib. Əminəm ki, əlaqələrimiz daha da genişlənəcək və hər iki tərəf üçün faydalı olacaq”, - deyə sədr vurğulayıb.

Görüşdə AZƏRTAC və Çinin Sinxua agentliyi arasında sıx tərəfdaşlıq əlaqələrindən söhbət açılıb. Bildirilib ki, agentlik, eyni zamanda, yüz milyondan çox oxucu auditoriyası olan China Daily qəzeti ilə də mütəmadi informasiya mübadiləsi aparır. Azərbaycanda fəaliyyət göstərən Konfutsi İnstitutu AZƏRTAC-ın əməkdaşları üçün Çin dili kursları təşkil edib. Agentlik beş ildən çoxdur ki, Çin dilində informasiya yayır.

Şirkətin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini qeyd edən Yanq Zilonq deyib: “Məqsədimiz Azərbaycanda yeni texnologiyaların tətbiqinə, innovativ iqtisadiyyata keçid prosesinə töhfə verməkdir”. AZƏRTAC-ın informasiya dəstəyi ilə bir sıra layihələrin həyata keçirildiyini xatırladan Yanq Zilonq təmsil etdiyi şirkətin agentliklə əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu söyləyib.

Söhbət zamanı yeni texnologiyaların mediaya təsirləri, AZƏRTAC və “Huawei” arasında əməkdaşlığın perspektiv istiqamətləri, əlaqələri yeni müstəviyə çıxarmaq üçün müqavilə imzalanmasının mümkünlüyü barədə fikir mübadiləsi aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub