Modern.az

Qızılın satışından 141,9 milyon manat gəlir əldə edilib

Qızılın satışından 141,9 milyon manat gəlir əldə edilib

Aktual

24 Fevral 2020, 11:38

"AzerGold” QSC fəaliyyətə başladığı dövrdən etibarən istər hasilat, istər ixrac və satış, geoloji kəşfiyyat, istərsə də digər sahələrdə çoxsaylı uğurlar əldə edib. Cəmiyyət hasilata başladığı ilk ildən mənfəətlə çalışır. Bu qısa müddətdə Cəmiyyətimiz nəinki dağ-mədən sahəsinin, bütövlükdə ölkəmizin qeyri-neft sektorunun liderlərindən birinə çevrilib".

 

Modern.az-ın məlumatına görə, bunu "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədri Zakir İbrahimov bildirib.

 

Z.İbrahimov qeyd edib ki, ixraca başlanıldığı 2017-ci ildə ölkəmiz ilk dəfə olaraq beynəlxalq bazarlara 103 min unsiya qızılın ixracını həyata keçirib:

 

"Sevindirici haldır ki, bu göstəriciyə məhz “AzerGold” QSC-nin hesabına nail olunub. Beləki, ixrac edilən bu həcmin 60,3 min unsiyası Cəmiyyətimiz tərəfindən ixrac edilmişdir. Beləliklə Cəmiyyətimiz ölkədə il ərzində ən çox qiymətli metal ixracı həyata keçirən şirkət kimi tarixə düşüb. Ümumilikdə isə, “AzerGold” QSC 3 il ərzində 173 min unsiyadan çox qızıl və 290 min unsiya həcmində gümüşün satışından ölkə iqtisadiyyatına 400 milyon manata yaxın həcmdə vəsait cəlb edib. Bundan başqa, bu əməliyyatlar nəticəsində ölkə büdcəsində 30.6 milyon manatdan artıq məbləğdə vergi və rüsumlar ödənilib".

 

Z.İbrahimovun sözlərinə görə, "AzerGold" 2019-cu ilə tam gücü ilə çalışaraq maksimal nailiyyətlər əldə edib:

 

"Hasilat, ixrac, geoloji kəşfiyyat və digər sahələrdə işlər plana uyğun, bəzi sahələr üzrə plandan daha artıq yerinə yetirilib. Rəqəmlərlə ifadə etsək, ötən ildə 2018-ci il ilə müqayisədə qızıl hasilatında 21.3%, gümüş hasilatında isə 33.2 % artım qeydə alınıb. 2019-cu ildə 50 min unsiya qızılın istehsalı nəzərdə tutulsa da, ilin yekununda 10.4 % artıq olmaqla 55,2 min unsiya qızıl istehsal edilib. Eyni şəkildə, il ərzində 87,4 min unsiya gümüşün istehsalı planlaşdırılıb, halbuki faktiki 17.9% artıq olmaqla 103 min unsiya gümüşün istahsalına nail olmuşuq. Məlumat üçün bildirim ki, 2019-cu ilin hasilat rəqəmləri Çovdar mədəninin fəaliyyəti dövründə qeydə alınan rekord göstəricidir".

 

Sədrin sözlərinə görə, ötən ilki ixrac əməliyyatları da çox uğurlu olub:

 

"2019-cu ildə 59,2 min unsiya qızıl, 110,9 min unsiya gümüş satılıb. Qızılın satışından 141,9 milyon manat, gümüşün satışından isə 3 milyon manatdan çox gəlir əldə edilib və ümumilikdə ölkə iqtisadiyyatına 145 milyon manat məbləğində vəsait daxil olub. Ümumi gəliri ötənilki göstəricilərlə müqayisə etsək, qızılın satışında 33%, gümüşün satışında isə 47% artım qeydə alınıb. 2020-ci il üçün isə qızıl və gümüşün satışına dair hədəfimiz 55,2 min unsiya qızıl və 103,7 min unsiya gümüşdür".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!