Modern.az

İsgəndər Həmidov: “Mənim bədbəxtliyim Klintonun andiçmə mərasiminə getməyimdən sonra başladı” - MÜSAHİBƏ

İsgəndər Həmidov: “Mənim bədbəxtliyim Klintonun andiçmə mərasiminə getməyimdən sonra başladı” - MÜSAHİBƏ

13 Aprel 2012, 13:53


Keçmiş nazir indiyə qədər qapalı qalan məsələləri açıqladı...

Modern.az
saytı sabiq daxili işlər naziri İsgəndər Həmidovla müsahibəni təqdim edir.

- Aprelin 2-də Kəlbəcərin işğalından 19 il və aprelin 8-də isə Ağdaban soyqırımından 20 il ötdü. Anım tədbirlərinin birində deputat Cavid Qurbanov təəssüflə bildirdi ki, nə Kəlbəcərin işğalı, nə də Ağdaban faciəsiylə bağlı Baş Prokurorluqda cinayət işi qaldırılıb. Bu məlumat doğrudurmu və ya Sizdə bununla bağlı hansı informasiya var?

- Vaxt vardı aprel ayının gəlişini səbrsizliklə gözləyərdim. Görünür yazın gəlişi və bu ayda dünyaya gəlməyim bu səbrsizlikdə pay sahibi olub. Ancaq tale elə gətirdi ki, 93-cü ildən sonra aprelin gəlməsini istəmirəm. Aprel ayı gələndə inanın ki, içimdən qara qanlar axır və şəhid olmuş döyüş yoldaşlarımın narahat ruhları mənə rahatlıq vermir. Çünki məhz bu ayda həyatımın ən ağır günlərini yaşamışam və taleyin ən sərt üzünü görmüşəm. Cavid Qurbanov haqlıdır, o vaxt Kəlbəcərin işğalı və Ağdabanın yandırılması, 33 nəfər mülki əhalinin öldürülməsiylə bağlı məncə prokurorluqda ayrıca cinayət işi yoxdur. Ancaq bütövlükdə Dağlıq Qarabağ münaqişəsi başlanandan üzü bəri erməni təcavüzünün nəticələriylə bağlı çoxsaylı cinayət işləri var və ola bilsin ki, Kəlbəcər və Ağdaban hadisələri də həmin cinayət işlərinin bir epizodu kimi istintaq edilib.

- Əslində əgər bir nəfər bu və ya digər səbəbdən tələf olursa dərhal cinayət işi qaldırılmalıdır.

- Vallah sizə dəqiq cavab verməkdə çətinlik çəkirəm, ancaq təcavüzlə bağlı bütün işlər bir-birinə oxşadığından onların bir icraatda aparılması da mümkündür.

- Bir qədər əvvələ qayıdaq və Kəlbəcərin işğalından sonra “Azadlıq meydanı”na təyin etdiyiniz 5 iyun mitinqiylə bağlı danışaq. Əgər 4 iyunda qiyam baş verməsəydi, 5 iyunda mitinq olacaqdımı və nə baş verməliydi?

- Gəlin əvəlcə birlikdə xatırlamağa çalışaq ki, 5 iyun mitinqinin çağrılmasının səbəbi nə idi. Nazir vəzifəsindən istefa verdikdən sonra mən Əbülfəz Elçibəylə görüşə bilmirdim və buna görə də məcbur olub mitinq vasitəsilə ondan bir neçə suala cavab almaq istəyirdim. Elə həmin suallardan biri də Kəlbəcərin işğalı və Dadaş Rzayevin necə müdafiə naziri təyin edilməsiylə bağlı idi. Ancaq Fərəc bəy (deputat Fərəc Quliyev nəzərdə tutulur.-Z.H.) bizə gəldi və məni Əbülfəz bəylə calaşdırdı, biz xeyli danışdıq və suallara cavab aldım. Ona görə də ayın 5-də mitinq-filan olmayacaqdı.

- Əbülfəz bəylə görüşməyinizə mane olanların kimliyi Sizə bəlli idimi?

- Mən bu suala cavab vermək istəmirəm, sadəcə onu deyə bilərəm ki, çox böyük canfəşanlıqla məni Bəylə görüşdürməyə mane olurdular.

- Niyə Siz Kəlbəcərin işğalından sonra ruh düşkünlüyü keçirdiniz və sanki didərgin kəlbəcərlilərin belini qırdınız?

- Kəlbəcərin işğalından bir ay qabaq Prezident Aparatında Əbülfəz bəyin yanında keçirilən müşavirədə mən bütün hamıya bəyan elədim ki, Kəlbəcərə üç istiqamətdən hücum hazırlanır və qəti tədbirlər görülməsə, onu itirəcəyik. Müzakirələrdən sonra belə çıxdı ki, hər şey qaydasındadır. Bundan sonra rəhmətlik Əbülfəz bəy mənə tərəf qayıtdı ki, səni Tərtər istiqamətinə təhkim eləmişəm, narahat olma, Kəlbəcərlə məşğul olanlar var. Mənim istefama gəldikdə isə bunun səbəblərini çoxları bilir. Xatırlayırsınızsa Kəlbəcərin işğalından bir həftə sonra Bakıdan Moskvaya danışıqlar aparmaq üçün nümayəndə heyəti göndərildi və oradan gələnlər Qarbaçovla Çernomırdinin Kəlbəcərin qaytarılamsının müqabilində İsgəndər Həmidovun istefaya göndərilməsi məsələsinin qoyulduğunu dedilər.

- Pənah Hüseyn və Abbas Abbasov həmin danışıqları aparmışdı və bir neçə gün öncə Pənah bəyin saytımıza müsahibəsində bu məsələyə üstüörtülü də olsa toxunulub.

- Kimsə bu fikirlərimi şişirdilmiş kimi də qəbul edə bilər, ancaq inanın ki, Kəlbəcərin yox, onun bircə kəndinin və ya hətta bircə evinin taleyi müzakirə predmeti olsaydı belə, mən o vəzifədə bircə gün də qalmazdım. Sizə bir şey deyəcəm və bu günədək bu barədə danışmağa lüzum görməmişəm. Bilirsiniz ki, məni guya hansısa külli miqdarda pulu mənimsədiyimə görə həbs edib 9 il yatızdırdılar. İnanın ki, həmin puldan xəbərim olmayıb və heç bu pula nəinki əlim dəyib, bircə dəfə gözümlə də görməmişdim. Ancaq nə gizlədim, daxili işlər naziri idim, yaltaqlanmaq üçün pul gətirirdilər, mən də deyirdim ki, verin o üç nəfərə. Əgər istintaqda onların adlarını çəksəydim hər üçünü də həbs edəcəkdilər.

Ona görə də istintaqda və məhkəmədə nə qədər ora-bura sürtdülər, dedim belə şey olmayıb. İki balamın canına and içirəm ki, həmin pulların necə və kimə xərclənməsini də heç vaxt soruşmadım. Çünki Kəlbəcərin işğalı dünyamı elə qaraltmışdı ki, özümdə deyildim.

Mən hələ Kəlbəcərin işğalından dörd ay qabaq istefa ərizəsi yazmışdım. Ancaq İsa bəy dedi ki, sən istefa versən, mən də istefa verəcəm. Bilirsiniz mənim bədbəxtçiliyim hardan başlandı? Amerikaya-prezident Klintonun inaqurasiya mərasiminə mən dəvət olundum, Amerikadan qayıdandan sonra hərəkat yoldaşlarım elə bildi ki, mən də özümü Amerikaya sata bilərəm, gəlib növbəti prezident ola bilərəm.

- Niyə başqasını yox, məhz daxili işlər nazirini dəvət etmişdilər?

- Bu günədək bu məsələ mənə də qaranlıqdır ki, bu dəvətnamə niyə mənə göndərilib. Ora gedəndə də mənə kostyum verəndə gördüm ki, düz əynimin ölçüsündədir, elə bil gəlib üstümdə biçmişdilər. Mən hətta bir çiynimi bir az əyirəm, inanın ki, onu da nəzərə almışdılar.

- Orda bir kəpənəkli qalstuk məsələsi də olub...

- Biz məhşur “Şeraton” otelinə yerləşmişdik. Birdən qapı açıldı və hər birimizə bir ədəd kostyum, bir köynək, ayaqqabı və “baboçka” verdilər. Mən etiraz etdim ki, kostyum əynimin razmerinə olmayacaq. Dedilər ki, yəqin siz Amerikanın necə dövlət olduğunu bilmirsiniz, əgər bunu biz gətirmişiksə deməli, problem olmamalıdır. Tədbir başlananda mən dedim ki, baboçka taxmayacam. Bildirdilər ki, Amerikada 200 ildir prezidentlərin andiçmə mərasimləri keçirilir, hər dəfə də bir qayda olaraq 250 nəfər iştirak edir, hər kəs də bu cür qalstuk vurmalıdır. Etiraz etdim ki, məni siz dəvət etmisiniz, özbaşıma gəlməmişəm, mənim ölkəmdə də bu cür qalstuk taxılmır. Məsələni rəhbərliyə məruzə etdilər və müstəsna hal olaraq mənə icazə verdilər ki, 250 nəfərin içərisində Azərbaycanın üçrəngli bayrağının formasındakı qalstukumu taxaraq həmin mərasimdə iştirak edim. Qəribə bir olay da baş verdi. Klinton bizə yaxınlaşaraq görüşdü və soruşdu ki, siz küçədə necə salamlaşırsınız? Mən boz qurd salamlaşmasını göstərdim. Səhərisi gün bayram tədbirində Klinton mənim yanımdan keçəndə mənə boz qurd salamı verdi, başladılar gülüşməyə ki, Klintonu da boz qurd elədin. Nə isə, Azərbaycana dönəndən sonra dostlarımın mənə qarşı bir az ehtiyatlı davrandığını gördüm və münasibətlərimizdə soyuqlaşma başlananda mən onlara mane olmamaq üçün istefa ərizəsi yazdım, ancaq İsa bəy qoymadı. Sonralar da  görürdüm ki, dediklərim nəzərə alınmır. Daxili işlər naziri kimi verdiyim məlumatlara əhəmiyyət verilmir. Həm prezidentə, həm parlamentin sədrinə respublikadakı vəziyyət, kriminogen durum barədə gündə iki dəfə - səhər və axşam yazılı məlumat verirdim, yaranmış durumdan çıxış yollarını göstərirdim. Axır zamanlarsa elə bir vəziyyət yaranmışdı ki, prezidentin qəbuluna gəlib oturub gözləyirdim, mən qəbulda otura- otura kimlərsə başımın üstündən qəbula salınırdı. Daxili işlər nazirinə bu cür hörmətsizliyi bağışlaya bilmirdim və öz əllərimizlə qurduğumuz hökuməti dağıtmamaq üçün istefa verib getməyi qərara almışdım. Kəlbəcərin işğalı isə mövqeyimin qətiləşməsinə təkan verdi. Mən gözəl bilirdim ki, Qraçov Kəlbəcəri qaytaran deyil.

- Bir neçə gün öncə mətbuata açıqlamanızda bildirmisiniz ki, 500 əsgərlə Kəlbəcəri azad edə bilərsiniz. Bu bəyanatınızı çoxları istehza ilə məhşur “Kəlbəcərə kabab yeməyə gedəcəyik” sözlərinizlə müqayisə etdi...

- Əvvəla, təəssüf edirəm ki, mənim sözlərim nə düzgün yazılıb, nə düzgün anlaşılıb. Mən demişəm ki, hal – hazırda Kəlbəcərdə ermənilərin çox az qüvvəsi var. Demişəm ki, orada üç mühüm post var, mən həmin 500 nəfərlə o postları götürürəm, sonra kömək gəlsin ki, Kəlbəcəri saxlaya bilək. Məndə dəqiq məlumat var və əlimdə kaset də var. Ermənilər Yellicə kəndinin aşağısında Şəhidlər xiyabanı salıblar, 7 milli qəhrəmanlarını da orda dəfn ediblər. Bu ona işarədir ki, ermənilər heç bir halda Kəlbəcəri qaytarmaq fikrində deyillər. Azərbaycan hakimiyyəti isə saqqalını verib üç dövlətin əlinə. Həmin üç dövlət də üç yüz il keçsə də inanın ki, ermənilərə “işğalçı” deməyəcək, əksinə, onları daha da şirnikləndirəcək. Əlbəttə, müharibə ananın balasını, oğulun atasını itirməsi deməkdir, müharibə qan - qadadır, evlərin dağılması, ailələrin başsız qalmasıdır. Ancaq başqa yolumuz yoxdur, biz torpaqlarımızı silah gücüylə azad etməyə məhkumuq, sadəcə bunun geci – tezi var.

- İsgəndər bəy, şəxsən mən və düşünürəm ki, mənim kimi on minlərlə insan hələ də AXC İcraiyyə Komitəsinin sədri Fərəc Quliyevin 1993 – cü il səhv etmirəmsə 9 fevral tarixli anti – Surət Hüseynov bəyanatını yaradan səbəbləri axtarır. Bu bəyanatsız keçinmək olmazdımı? Axı çoxları haqlı olaraq iddia edir ki, bu bəyanat AXC iqtidarının onurğa sütununu qırdı...

- Həmin bəyanatdan xəbərim olmayıb, onu açıqlayanda mən Tərtərdəydim. Orda ağır döyüşlər gedirdi. Əbülfəz bəy də Gəncədə idi. Mən Tərtərdən Yevlaxa gəldim və ordan müdafiə naziri Rəhim Qazıyevlə Gəncəyə gəldik ki, prezidentimizlə görüşək. Gəlib gördük ki, hamı pərtdir. Səbəbiniu soruşanda dedilər ki, belə bir bəyanat çıxıb. AXC rəhbərliyi demək olar ki, bütünlüklə vəzifəyə getdiyinə görə biz öz postlarımızdan istefa vermişdik, əvəzində AXC İcraiyyə Komitəsi yaranmışdı. Yəqin ki, həmin komitədə bu bəyanat müzakirə olunub. Ancaq Əbülfəz bəy hələ də AXC - nin sədri idi, hökmən onunla məsləhətləşilməliydi.

- Bəs AXC rəhbərliyinin və prezidentin xəbəri olmadan kim belə bir riskli bəyanata qol qoyub?

- İnanın ki, bu barədə heç vaxt Əbülfəz bəydən soruşmamışam, onun bu məsələdən xəbərdar olub – olmadığı mənə qaranlıq qaldı.

- Elə isə İsgəndər Həmidov olaraq həmin bəyanatı necə xarakterizə edirsiniz?

- Bu məsələyə iki aspektdən yanaşmaq lazımdır. Bir əməliyyatçı və daxili işlər naziri olmuş bir şəxs kimi deyə bilərəm ki, həmin bəyanat hazırlanarkən ən azı daxili işlər və müdafiə nazirliklərinin bundan xəbəri olmalıydı və ya onları məlumatlandırmalıydılar. Çünki onun fəsadları nəzərə alınmalıydı və bunun nəticələrini də məhz dediyim həmin iki qurum aradan qaldırmalı olacaqdı. O vaxt cəbhədə vəziyyət elə idi ki, hamı elə bildi hamı bu bəyanatdan xəbərdardır, hamı razıdır.

- Ara – sıra mətbuatda bu mövzu müzakirə predmetinə çevrilir ki, Kəlbəcər və digər rayonlar qardaşınız Sərdar Həmidovun Surət Hüseynova vurduğu bir şapalağın güdazına gedib. Hətta həmin şapalağın onun yanında vurulduğunu iddia edən adamlar da var.

- Əvvəla onu deyim ki, Surətin bir nəfər adamı da Kəlbəcər istiqamətində vuruşmayıb. Ancaq sizə qısaca olaraq deyim ki, bu gün Tərtərin bizdə qalmasının tək bir səbəbi Surətin dəstəsinin  ordan vaxtında çılxarılması oldu, buna hamının inanmasını istərdim. Sizə bir epizod danışım. Bir gün müdafiə naziri Rəhim Qazıyevlə birlikdə Ağdərədə Sərsəng su anbarının qırağında oturmuşduq. Çox gözəl hava var idi və biz orda ik – üç gündən sonra Xankəndi istiqamətində hücum planını müzakirə edirdik. Əsgərlərin əhatəsində oturmuşduq. Birdən xəbər gəldi ki, 60 nəfərdən ibarət Gəncə batalyonu qaçdı. Yerimdən sıçrayıb maşına oturdum və üç nəfər də əyləşdi, sürdük onların dalınca. Rəhim bəy də arxamızca başqa bir maşında gəldi. Gəlib Tərtər avtovağzalında bunları haqladıq. Saydım ki, 72 nəfərdi, demək olar ki, əksəriyyətində də “PK” pulemyot. Söhbət nəticə vermədi və onlar avtobuslara doluşanda əmr verdim ki, qumbaraatanları avtobuslara tuşlayın və yerindən tərpənsə vurun, məsuliyyəti mən daşıyıram. Xülasə, onları tamamilə tərksilah elədik və əliyalın Ağdərəyə qaytardıq. Bir neçə gün sonra isə onlar qaçıb getdilər. Deməyim odur ki, həmin dəstələrin əksəriyyəti döyüşməyə yox, panika yaymağa gəlirdi, əsgərlərin döyüş əzmini sarsıdırdılar. Sərdarın Surətə şillə vurmasını o vaxt mən də eşitmişəm. Ancaq Allaha min şükr ki, həmin pozucu dəstələr Tərtər və Ağdərə istiqamətindən götürüldü, əsgərlərimizin müqaviməti artdı və ermənilər bütün güclərini qoysalar da irəliləyə bilmədilər. Ancaq Tərtər və Ağdərə istiqamətində şərti olaraq “U” və “Ç” adlandırdığımız iki batalyon vardı ki, onlar bizimkilərlə birgə çox gözəl döyüşdülər.

- Yəqin ki, həmin batalyonların kimliyi indi sirr deyil.

- Bilməyənlərə deyim ki, dünyaca məhşur Şamil Basayev mənim rota komandirim olub.

- Elə mən bu barədə sual verəcəkdim, Tomas De Vallın Sərkisyanla müsahibəsində erməni cəlladı bu barədə də danışıb. Şamil Basayevi o vaxt Azərbaycana kim dəvət etmişdi və onunla bağlı çoxsaylı əfsanələrə - guya ermənilərdən ələ keçirdiyi silahları və qəniməti özləriylə Çeçenistana aparmaqla bağlı Sizinlə razılaşmanın olmasına aydınlıq gətirməyiniz yaxşı olardı.

- Axı o vaxt Şamil Basayev kim idi? Bir gün rəhmətlik Əbülfəz bəy məni yanına çağırdı. Getdim, içəri girdim ki, Şevardnadze də oturub. Bəy məni təqdim etdi ki, daxili işlər naziri filankəsdir. Dedi tanıyıram, barəsində çox eşitmişəm. Bəy onun yanında  məndən soruşdu ki, Cövhər Dudayevi Bakıya gətirə bilərsən?  Elə prezidentin kabinetindən Cövhərə zəng vurdum ki, təcili Bakıda mənə lazımsan. İnanın, saat yarımdan sonra mənə zəng vurdu ki, Bakıda hava limanındayam, niyə məni qarşılamağa çıxmamısan. Yadımdan çıxmışdı ki, o aviasıya komandanı olub və mükəmməl təyyarə sürür, elə özü sürüb gəlmişdi. Dərhal gedib qarşılayıb birbaşa Əbülfəz bəyin otağına gətirdim. Cövhər, Şevardnadze və Bəy oturanda mən otaqdan çıxmaq istədim ki, birdən mənim iştirakım açıq danışmağa mane olar. Cövhər dedi ki, İsgəndər, sən də qal. Əbülfəz bəy də qayıtdı ki, sən bizə mane olmursan, qal. Nə isə, məlum oldu ki, Şevardnadze Bəydən xahiş edib və belə bir razılığa gəlinib ki, Abxaziyada gürcülərə qarşı vuruşan çeçen döyüşçülərini Dudayev ordan geri çəksin və onları Qarabağa göndərsin. Artıq buna qədər Şamil öz dəstəsiylə Ağdərədə idi və hətta onların Tərtərdə 7 şəhidləri də dəfn olunub. Sonralar Şamil Basayev məhşurlaşanda Azərbaycandan bir jurnalist gedib ondan müsahibə götürmək istəmişdi, o da əsəbi şəkildə deyib ki, qəhrəmanınızı – İsgəndər Həmidovu türməyə soxub gəlib Çeçenistanda qəhrəman axtarırsınız. Yanındakılara da deyib ki, mənə döyüşməyi İsgəndər Həmidov öyrədib.

- Bəs Şamilin qənimət silahları aparması necə, olubmu?

- And olsun Allaha, yalan informasiyadır. Şamil Basayev yavan çörəkdən başqa heç nə yemirdi. Bir də ki, onlara silah əskik idi? Onlar Çeçenistandakı bütün rus diviziyasını tərksilah etmişdilər, Çeçenistan silahla dolu idi, hətta bizə də təklif edirdilər. Digər tərəfdən, o vaxtlar Şamil çox imkanlı idi, Moskvada ilk kompüter işləriylə məşğul olan adam olub. Ancaq o milyonlarını qoyub Çeçenistandakı xalq hərəkatına qoşuldu və əlinə silah alıb döyüşməyə başladı. Onu da xatırlatmaq istəyirəm ki, 1995 – ci ildə Dudayev Şamil Basayevdən mənə sifariş göndərmişdi ki, səni tutacaqlar, ailəni də götür gəl Çeçenistana. Mən bu təklifdən çox sərt şəkildə imtina etdim və dedim ki, vətənimdə zindanı qürbətdəki iztirabdan üstün tuturam.

- Bəs “U” batalyonu kimlər idi?

- Xaxollar. Həmin batalyondan bu dəqiqə səhv etmirəmsə 6 nəfər Ukrayna silahlı qüvvələrinin generalıdır.

- Qarabağ döyüşlərində iştirak edən əfqan döyüşçülərlə də bağlı ziddiyyətli informasiyalar var. Onları kim dəvət etmişdi?

- Tale elə gətirib ki, bu cür işlərə Bəy həmişə məni göndərirdi. Bir dəfə yenə məni yanına çağırıb dedi ki, Əfqanıstandan özbək əsilli general Dustumu Bakıya gətirə bilərsən? Onu Bakıya gətirdim və mənim, rəhmətlik Türkeşin və Bəyin iştirakıyla dördlükdə ciddi müzakirələr apardıq. Dustum dedi ki, mənim qüvvələrim azdır, onda qoyun mən qayıdıb baş nazir Hikmətyarla danışım, birinci mərhələdə 200 əfqan döyüşçü gətirilsin. O vaxt soyuducular zavodunun Dəmirov soyadlı direktoru vardı, onun qardaşı Gözəl Dəmirov da Daxili İşlər Nazirliyində idarə rəisi idi, onu göndərdim Əfqanıstana – Qəndahara. Danışıqlardan sonra ordan 250 nəfər muzdlu döyüşçü gətirildi. Ancaq mən işdən çıxandan sonra onlara yiyə duran olmadı və dağıldılar Azərbaycana. Qayıdıb gedənlər də oldu, burda azərbaycanlı qadınlarla ailə qurub qalanlar da. Mən onların biriylə Həcc ziyarətində olduğum zaman rastlaşdım. Məkkədə “Əl – Haram” məscidinə namaz qılmağa getmişdik. İçəri daxil olan kimi bir uca boylu cüssəsli şəxs mənə yaxınlaşıb salam verdi. Soruşdum ki, kimsən, səni tanıya bilmədim. Dedi, mən Azərbaycanda sizin rəhbərliyiniz altında döyüşmüşəm. Dedi ki, Azərbaycandan xəbərimiz var və gözdə - qulaqdayıq ki, ikinci Qarabağ savaşı başlasın, gəlib qardaşlarımızın qisasını alaq.

- Bir müddət öncə millət vəkili Qüdrət Həsənquliyev telekanalların birində çıxış edəndə dedi ki, 93 – cü ilin 2 aprelində Kəlbəcərdə ikinci Xocalı qırğınının qarşısını almaq üçün Əbülfəz Elçibəy Türkiyənin o vaxtkı baş naziri Süleyman Dəmirələ helikopter xahişi etsə də qardaş ölkə rəhbərliyi bundan imtina edib. Mən Kəlbəcərin işğalının 19 – cu ildönümü ərəfəsində Pənah Hüseyndən bu barədə soruşanda o bunu təkzib elədi. Ancaq “Ən yeni tarix” tok – şousunun 2000 – ci il çəkilişi ANS – də bu günlərdə təkrar nümayiş etdiriləndə Əbülfəz bəyin Türkiyədən helikopter istədiyi üzə çıxdı...

- Mənim nə belə xahişdən xəbərim var, nə kiminsə imtina etməsindən. Bircə onu deyə bilərəm ki, bizim kifayət qədər mülki helikopterimiz var idi. Məncə Kəlbəcərdən əhalinin çıxarılmasında elə də ciddi problem yaşanmadı. Ola bilsin ki, Əbülfəz bəy istəsin və nə mənim, nə Pənah bəyin xəbəri olmasın.

- Mövcud durumla bağlı da bir neçə suala cavab istəyəcəyik. Sizi İctimai Palatanın 8 aprel mitinqinə dəəvt edən olmamışdı?

- Bilirsiniz ki, siyasətdən getmişəm. Ancaq dəvət etsəydilər dəyərləndirərdim. Məni nə dəvət edən oldu, nə bu barədə fikrimi soruşan.

- “Siyasətdən getmişəm” deyirsiniz, ancaq elə hər gün siyasətin ortasındasınız.

- Yəqin onu da bilməmiş deyilsiniz ki, “mən siyasətdən getmişəm, həqiqətdən yox” – demişəm. Əgər açıqlamalarımı oxuyursunuzsa, görürüsünüz ki, məndən kəskin danışan yoxdur. Deməyim odur ki, həqiqəti deyəcəm.

- Həqiqəti demək elə siyasətdə olmaq deməkdir də. Tutaq ki, Əli Kərimli və ya İsa Qəmbərin siyasətdə olması da onların həqiqəti demələriylə məhdudlaşır.

- Onların hər ikisinə böyük hörmətim var. Mən danışmağı yox, işləməyi sevirəm. Mən 20 il daim yalan danışıb seçilərimi aldada bilmərəm ki, bu seçki o biri seçkilərdən fərqlənəcək.

- Vaqif Novruzovun açıqlamalarına münasibət bildirmisiniz. Ancaq yəqin yaddan çıxardıqlarınız da olmamış deyil...

- “Yeni Müsavat” qəzeti açıqlamamı axıra qədər vermədi. Bir gün Əbülfəz Elçibəy məni çağırıb dedi ki, bu Vaqif Novruzova bir iş ver. Dedi ki, rəhmətlik Şamil Quliyev (AXC Nərimanov şöbəsinin rəisi və AXC iqtidarı dönəmində həmin rayonun icra hakimiyyətinin başçısı - Z.) mənim yanıma gəlib, Vaqifə bir iş verməyimi xahiş edir. Bundan qabaq da Eldar Həsənov məndən xahiş etmişdi ki, ona iş verim. Əbülfəz bəyə dedim ki, ona nə iş verim. Dedi ki, bir idarə rəisliyi ver. Mən də gəlib onu “SƏDM” idarəsinə rəis qoydum. Eldar yanıma gəlib dedi ki, biz ona iş verəcəyini gözləyirdik, ancaq bu boyda da yox. Mən ona demədim ki, bunu Əbülfəz bəy istəyib. Biz hakimiyyətdən gedəndə Nərimanova Rəfael Allahverdiyev icra başçısı gedəndə Vaqif Novruzov gedib ona yalvarıb. Rəfaellə adını çəkmək istəmədiyim bir xanım onu Heydər Əliyevə təqdim ediblər. Bir gün parlamentin iclasında oturmuşam. Vaqif çıxış edib dedi ki, İsa Qəmbərin qoluna qandal vurduq getdi, növbə İsgəndərinkidi. Onu da dedi ki, AXC üzvləri ermənilərdən pisdirlər. Söz alıb dedim ki, Vaqif Novruzov ermənilərin psixologiyasını çox gözəl bilir. Baçısı Tərtərdə yaşayan Marqo adlı erməninin oğlu Karlendə ərdədir. O elə bir nadan adamdır ki, küçədə it döyürdü, Əbülfəz bəy ona o cür iş verdirdi, yaxud Rəfael onu nazir kürsüsünə oturtdu, ancaq bu adam onların heç birinin yas mərasiminə gəlmədi. Ona görə də Vaqif Novruzov gərək “Yeni Müsavat” a özü gəlib biabır olmayaydı, elə qəzetə şəklini göndərəydi. Çünki susanda, şəkildə - zadda bir az ciddi görsənirr, danışanda korlayır.

Zülfüqar  Hüseynzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi