Modern.az

Cənub bölgələrində koronavirus daha risklidir – Üç deputat

Cənub bölgələrində koronavirus daha risklidir – Üç deputat

17 Mart 2020, 14:27

Azərbaycanda koronavirusa yoluxanların sayı 28 nəfərə çatıb. Onlardan 6-sı sağalaıb, 1 nəfər isə dünyasını dəyişib.

 

Sərhəd ölkələrdə isə ən çox yoluxma halı İranda qeydə alınıb. Belə ki, bu ölkədə indiyədək 15 min nəfər koronavirusa yoluxub. Onlardan 853-ü  ölüb, 4996 nəfəri isə sağalıb. Doğurdan da qısa müddət ərzində bu qədər yoluxma faktı yüksək göstəricidir...

İranla cənubdan qonşu olduğumuzu nəzərə alsaq, cənubda yerləşən bölgələrimizdə virusun yayılma riskinin daha böyük olduğu qənaətinə gəlirik.

 

Bəs maraqlıdır, cənub rayon və şəhərlərindən seçilən deputatlar təmsil etdikləri bölgə ilə əlaqə saxlayırmı? Onların seçicilərə tövsiyələri nədən ibarətdir?

 

Cənub bölgəsindən, 75 saylı Lənkəran-Masallı seçki dairəsinin deputatı Cavanşir Paşazadə mövzu ilə əlaqədar Modern.az-a danışarkən cənub bölgələrində məsuliyyətin daha da artmalı olduğunu deyib:

 

“Hər birimizin borcudur ki, bu məsələdə dövlətimizin yanında olaq. Çünki pandemiyanın öhdəsindən tək gəlmək mümkün deyil. Yəni bu küçə mənimdir, bu qapı sənindir kimi düşünmək əvəzinə ümumi toplumu düşünməliyik. Ölkə üzrə virusun yayılmasının qarşısını almaq üçün tədbirlər görülür.  Lakin cənub bölgəsinin İranla gəliş-gedişinin olması, yaxınlıq bu bölgələrdə məsuliyyəti daha da artırmalıdır. Astarada da istər Fövqəladə Hallar Nazirliyi, istərsə də Səhiyyə Nazirliyi məsələyə ciddi yanaşır. Dövlət müəssisələrinin əksəriyyətinin elə qapısındaca binaya daxil olan insanlar yoxlanılır, sonra müəssisəyə daxil olmağa icazə verilir.  Xarici ölkələrə baxanda biz görürük ki, onların çoxu öz vətəndaşlarının yanında durmur, dəstək olmur. Ancaq bizim səfirliklərimizin hər birində ciddi rejimə keçirilib. Yəni elə bundan da görmək olur ki, Azərbaycan dövləti öz xalqının yanındadır, ona dəstəkdir”.

 

71 saylı Masallı kənd seçki dairəsindən deputat Anar İsgəndərov bildirib ki, insanlar bacardığı qədər qorunmalıdır:

 

“Koronavirus tək Azərbaycanı yox, bütün dünyanı bürüyən təhlükədir. Cənub bölgəsinin özəlliyi ondan ibarətdir ki, İranla həmsərhəddir. İranda da vəziyyətin ciddi olduğunu nəzərə alsaq, cənub bölgələrində yoluxma halınını daha riskli olduğunu görərik.  Elə məhz buna görə bu bölgələr prezidentin şəxsi nəzarətindədir. Məktəblər bağlanıbsa uşaqlar həyətə düşməməli, ictimai yerlərdə olmamalıdır. Şagird evdə oturub distant təhsildən yararlanmalıdır. O həyətdə, küçədə hansı faydalı işlə məşğul ola bulər ki? Hazırda Masallıda vəziyyət stabildir. İrandan Masallıya gələnlər birbaşa xəstəxanaya yerləşdirilir və insanlarla təmasdan uzaq olurlar. İnsanlara tövsiyəm də ondan ibarət ola bilər ki, nə qədər bacarırlarsa özlərini qorusunlar”.

 

78 saylı Lerik seçki dairəsindən deputat İqbal Məmmədov seçildiyi bölgədə mental dəyərlərin üstün olduğunu desə də, Nazirlər Kabinetinin qaydalarına ciddi şəkildə əməl olunduğunu vurğulayıb:

 

“Demək olar ki, bir həftədən bir Lerikə gedirəm. Novruz bayramı ilə əlaqədar olaraq şəhid ailələri, ehtiyacı olan ailələrlə görüşməli idik. Amma virusla əlaqədar olaraq gedə bilmədik, bayram payı göndərdik. Bazar günü rayonda müharibə veteranımız dünyasını dəyişdi, amma onun dəfn mərasimi keçirilsə də, Nazirlər Kabinetinin qərarına uyğun olaraq yas mərasimi təşkil edilmədi.  Rayonda bütün dövlət qurumları verilən tapşırıqlara ciddi şəkildə əməl edir. Məktəblər dezinfeksiya olunub, Səhiyyə Nazirliyi lazımi işləri görür. Seçicilər öz müraciətlərini feysbuk üzərindən, ya da telefon vasitəsi ilə əlaqə saxlayaraq mənə bildirirlər. Hələ ki, Lerikdə vəziyyət yaxşıdır, ciddi problem yoxdur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi