Modern.az

Azərbaycan rejissoru Kann kinofestivalına yol açdı

Azərbaycan rejissoru Kann kinofestivalına yol açdı

5 İyun 2020, 15:40

Azərbaycanlı rejissor Teymur Hacıyevin “Axşama doğr” qısametrajlı filmi 73-cü  Kann Kinofestivalının “Tənqidçilərin beynəlxalq həftəsi” bölməsinin proqramına daxil edilib.

Modern.az xəbər verir ki, Kann kinofestivalının nəzdində fəaliyyət göstərən “Tənqidçilər həftəsi” proqramı 1962-ci ildə fransız kinotənqidçilərinin sindikatı tərəfindən yaradılıb. Bu il 59-cu ilini qeyd edən proqram Kann kinofestivalı ilə paralel keçirilir. Proqramın məqsədi yeni istedadları üzə çıxarmaq, kinematoqrafçıları və kinosənayesini dəstəkləməkdən ibarətdir. Proqramın bədii rəhbəri Çarlz Tesson və Seçim komissiyasının bu il seçdiyi beş tammetrajlı, on qısametrajlı film bir neçə ay ərzində Fransada fransız dilində nümayiş etdiriləcək. Proqramı dəstəkləyən xarici distribyutor şirkətləri də seçilmiş filmlərin yayımına yardım göstərəcəklər.

“Axşama doğru” filmi gənc ailə cütlüyünün şəhər kənarına qonaqlığa getməsindən bəhs edir. Amma yolda məişət zəminəndə baş verən mübahisə onları yollarından saxlayır.

Film İctimai Televiziyanın dəstəyi ilə “Fil Production” və “Mandarin Agency” şirkətləri tərəfindən istehsal edilib. Rollarda Leyla Mədətxanova, Teymur Hacıyev, Gültəkin Ağayeva, Oqtay Mirzoyev çəkiliblər. 

 Qeyd edək ki, “Axşama doğru” filmi Azərbaycanı bu beynəlxalq proqramda təmsil edən ilk filmdir. Filmin rejissoru Teymur Hacıyev “Yara”, “Şanxay, Bakı”, “Duz, istiot zövqə görə” qısametrajlı filmlərin müəllifidir. Rejissorun adıçəkilən sonuncu filminin premyerası Rotterdam Beynəlxalq Film Festivalında baş tutmuşdu.

Rejissorun bu il çəkdiyi “Axşama doğru” qısa filmi isə ilk dəfə olaraq Kann kinofestivalının “Tənqidçilər həftəsi”nə vəsiqə aldı. Bu filmlə yanaşı beynəlxalq proqramda tammetrajlı filmlərdən “Sevgidən sonra” (Böyük Britaniya), “Heyvanlar” (Fransa), “İtlər üçün qızıl” (Fransa), “Buludlar” (Fransa),  “Livanın səmaları” (Fransa), qısametrajlı filmlərdən “Bu ilin 22 avqustu” (Kanada), “Dastin” (Fransa), “Əcnəbi” (İspaniya), “Yaxşı, çox sağ ol?” (Böyük Britaniya), “Nəhəng” (Yaponiya), “Maalbek” (Fransa), “Marlon Brando” (Niderland), “Menarxe” (Braziliya), “Ağ qızıl balıq” (Belçika) filmləri də yer alıb.

Ümid edək ki, “Axşama doğru” filmi Azərbaycan kinosunu Kann kinofestivalı kimi nüfuzlu tədbirlərə aparan cığır olacaq.             

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir