Modern.az

Yasamalda baş verən insident polisin imicinə necə təsir etdi?.. - Deputat MÖVQEYİ

Yasamalda baş verən insident polisin imicinə necə təsir etdi?.. - Deputat MÖVQEYİ

Parlament

9 İyun 2020, 13:38

İyunun 7-də Yasamal rayonunda sərt karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları ilə vətəndaşlar arasında baş vermiş insident iki gündür gündəmin əsas müzakirə mövzularından biridir.

İnsident zamanı polis əməkdaşlarının üzərinə məişət əşyaları atanlar saxlanılarkən asayiş keşikçilərindən birinin ərazidəki yaşayış binasının sakini olan qadınla yüksək səs tonunda danışaraq, “Ərin də dovşandır, sən də dovşansan!” deyə onu aşağılaması Daxili İşlər Nazirliyində də xoş qarşılanmayıb.

DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilib.


Bu hadisə, eyni zamanda insident zamanı polisə məişət əşyaları atanlardan bəzilərinin alt paltarında saxlanılıb aparılması sosial şəbəkələrdə böyük narazılığa səbəb olub. 

Qeyd edək ki, həmin vətəndaşlar Yasamal rayon məhkəməsinin qərarı ilə 10, 15 və 30 sutkalıq inzibati həbs cəzasına məhkum olunub.


Sosial şəbəkə istifadəçiləri isə haqlı-haqsız axtarışındadır. Müzakirə açanlar polisin vətəndaşın evinə hərbə-zorba ilə girilməsinin, atanın övladının gözü qarşısında aşağılanmasının, alt paltarında şöbəyə aparılmasının yolverilməz olduğunu bildirirlər.

Əlqərəz, Yasamaldakı zorakılıqdan sonra ortada bir gerçəklik bütün çılpaqlığı ilə görünür: baş verən son hadisə çörəyini vətəndaşı ilə bölüşən, bacısının dəfninə getməkdə çətinlik çəkəni düşünmədən ünvanına çatdıran, Azərbaycan himni oxunarkən küçənin ortasında farağat komandasında dayanan asayiş keşikçilərini haqsız dürüma salıb, polisin imicinə xələl gətirib...


Milli Məclisin deputatı Fəzail Ağamalı isə Modern.az-a danışarkən, bu fikirlə qətiyyən razılaşmır:



“Mən düşünmürəm ki, bu hadisə Azərbaycan polisinin müsbət imicini korlayıb. Onun imicinə ləkə düşüb və ya imicində problemlər var kimi yanaşmanın qəti əleyhinəyəm. Azərbaycan polisi ölkədə sabitliyin qorunub saxlanmasında çox böyük rol oynamaqdadır. Daxili İşlər Nazirliyi ərazi bötüvlüyümüzün qorunub saxlanmasında, dövlətimizə qarşı uzanan məkrli niyyətlərin aradan qaldırılmasında və vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsində çox mühüm rol oynamaqdadır.

Mən istəməzdim ki, kiçik bir epizoda görə bütövlükdə pandemiya dövründə böyük fədakarlıq, səbr və dözüm nümayiş etdirən polis əməkdaşlarına qarşı qərəz nümayiş etdirilsin. Bunun tamamilə əleyhinəyəm, buna yol vermək olmaz”.

 

Deputat deyib ki, Yasamalda baş verən epizoda gəldikdə, artıq Daxili İşlər Nazirliyinin iradəsi ortadadır, həmin polislə bağlı qərar qəbul olunub:

“Polis hansısa səbəbdən, yorğunluqdanmı, əsəbilikdənmi bu addımı atıbsa, qəbuledilən deyildi və qəbul da edilmədi. Eyni zamanda, polisin hərəkətinə qarşı vətəndaşlar tərəfindən aqressiv münasibətin sərgilənməsi də doğru deyil. Polisə qarşı qanundankənar addımlar atanların özləri də qanun qarşısında cavab verməldirlər Mən əminəm ki, belə də olacaq. Bir epizoda görə sosial şəbəkələrdə ayrı-ayrı insanların polisin üzərinə getməsi tamamilə yolverilməzdir. Bu, anti-Azərbaycancan və anti-milli qüvvələrin məkrli planlarının tərkib hissəsidir ki, polis övladlarımıza qarşı bu cür münasibətə rəvac verirlər. Ona görə də bütün sosial şəbəkə istifadəçilərinə müraciət edərək, xahiş edərdim ki, bir epizoda görə böyük kollektivi olan qurumu hədəf seçməsinlər, polisə qarşı qarayaxdı kampaniyasına qoşulmasınlar. Buna getmək ən böyük ədalətsizlik, ən böyük Allahsızlıqdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi