Modern.az

Ermənilər bir faktı etiraf edə bilmirlər ki, Azərbaycan Cənubi Qafqazda İsrailin strateji tərəfdaşıdır” - Arye Qut

“Ermənilər bir faktı etiraf edə bilmirlər ki, Azərbaycan Cənubi Qafqazda İsrailin strateji tərəfdaşıdır” - Arye Qut

Aktual

4 Avqust 2020, 13:48

Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş vermiş son hadisələr Paşinyan rejiminin daxili elektrota hesablanmış real təxribatıdır. Bu “demokratik” rejim növbəti dəfə həm Ermənistan əhalisinin, həm də müxalifətin başını qata biləcək dəhşətli xarici düşmən obrazı yaratmağa çalışır.


Modern.az
xəbər verir ki, “İsraildə Azərbaycan evi”nin icraçı direktoru, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsrail televiziyasının doqquzuncu kanalında “Gün” informasiya-analitik verilişinin birbaşa efirində bu barədə danışıb. Qeyd etmək lazımdır ki, həmin verilişdə Arye Qutla bərabər İsraildəki erməni icmasının nümayəndəsi Narine Melikyan da iştirak edirdi.


İsrailli ekspertin fikrincə, Ermənistanın indiki rəhbərinin xalis daxili siyasi məqsədləri var: hakimiyyətdə qalmaq müddətini uzatmaq. Arye Qut deyib: “İndi Ermənistan çox ağır siyasi, iqtisadi böhran içindədir, Ermənistanda işsizlik səviyyəsi 20 faizdir, bu ölkədə koronavirusa yoluxma göstəricisi isə postsovet məkanında ən yüksək həddə çatıb. Ermənistanın baş naziri Paşinyan ondan ötrü bu mürəkkəb siyasi dövrdə üst-üstə yığılmış narazılığı, nifrəti və kini öz üzərindən Azərbaycanın üzərinə yönəltmək üçün hərbi provokasiyaya əl atmalı olub.


Uzun illərdir ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal altında saxlayır. Dağlıq Qarabağın tarixi Azərbaycanın ərazisi olması beynəlxalq birlik tərəfindən tanınmış danılmaz faktdır. Ermənistanın bu təcavüzü nəticəsində Azərbaycanın 1 milyondan çox sakini qaçqın və köçkün vəziyyətinə düşüb.


Azərbaycan torpaqlarının işğalının arxasında dayanmış, hətta bu gün də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Ermənistanın status-kvonu saxlamaq niyyətini həm mənəvi, həm də maliyyə baxımından dəstəkləyən ölkələrin adlarını dünya birliyi yaxşı bilir”.


Qutun sözlərinə görə, rəsmi Bakı çoxdan bəyan edib ki, Ermənistan ilə münaqişədə indiki status qəbuledilməzdir. Arye Qut vurğulayır: “Tovuz istiqamətində baş vermiş son hadisələr bir daha sübut etdi ki, Azərbaycan bundan sonra ermənilərin heç bir təxribatına dözməyəcək, Azərbaycanın səbri tükənib. Paşinyan öz ölkəsində yaranmış hərc-mərcliyi nizamlamaq, koronavirusa qarşı mübarizə aparmaq əvəzinə KTMT-dən dəstək almaq üçün Minskə səfər edir və məhz orada növbəti “şapalağı” alır: Paşinyan rejimi Azərbaycan ilə çox gözəl münasibətləri olan KTMT üzrə müttəfiqləri tərəfindən geosiyasi baxımdan təcrid olunur”.


Hətta İsraildəki erməni icmasının nümayəndəsi Melikyan da bu faktı etiraf etməli olub ki, Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş vermiş son hadisələrdən sonra Avropa ölkələrinin çoxu və hətta KTMT üzrə müttəfiq ölkələr də Ermənistanı dəstəkləməyiblər.


İsrailli ekspertin sözlərinə görə, müasir Azərbaycan artıq keçən əsrin 90-cı illərinin sonundakı ölkə deyil. Arye Qut vurğulayır: “İndi Azərbaycan Cənubi Qafqazda geosiyasi proseslərin lideridir. Hamı çox gözəl başa düşür ki, yoxsul, dilənçi vəziyyətində olan, heç bir perspektivi olmayan Ermənistan üçüncü ölkənin dəstəyi olmadan Azərbaycan ərazilərinin 20 faizini işğal edə bilməzdi.


Ermənistanın indiki baş naziri Ermənistanın Cənubi Qafqazda ən güclü ölkə olmasını arzu edə bilər. Gerçəklikdə isə, Ermənistan bu gün Cənubi Qafqazın ən yoxsul, dilənçi vəziyyətində olan ölkəsidir. Əhalisinin sayı 2,5 milyonu aşmayan bu ölkədə koronavirusa yoluxma göstəricisi dünya üzrə rekord səviyyədədir. Bu gün danılmaz faktdır ki, koronavirus Ermənistanı fəlakətə gətirib və ölkədə dəhşətli epidemiya hökm sürür. Paşinyan rejimi çox gözəl başa düşür ki, ölkə tam fiasko vəziyyətindədir”.


Melikyan provokasiyaya əl ataraq Azərbaycanı Ermənistana qarşı hərbi təxribatda təqsirləndirəndə Arye Qut çox sərt şəkildə cavab verib: “Azərbaycan bu provokasiyada necə maraqlı ola bilər ki, bir il bundan əvvəl Ermənistan ilə dövlət sərhədinin qorunması Dövlət Sərhəd Xidmətinə həvalə edilib, bundan əvvəl isə orada Azərbaycan Müdafiə Nazirliyinin bölmələri yerləşirdi. Əslində, rəsmi Bakı Azərbaycan-Ermənistan sərhədinin həmin hissəsində gərginliyi azaltmaq istiqamətində addım atıb və Ermənistan Müdafiə Nazirliyinin bölmələri bundan istifadə edərək Azərbaycan sərhədçilərinə qarşı hərbi təxribat təşkil ediblər. Azərbaycan tərəfinin həmin qərarından bir il sonra rəsmi Yerevan özünün çoxdan düşünülmüş planını – Azərbaycanın Tovuz rayonu istiqamətində provokasiyanı həyata keçirib.


Nə üçün məhz Tovuz? Bu da mühüm məqamdır. Məsələ burasındadır ki, Azərbaycanı dünya ilə birləşdirən strateji əhəmiyyətli boru kəmərləri, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm strateji rol oynayan Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərləri, Cənub Qaz Dəhlizi məhz bu ərazidən keçir. İsrail dövləti Azərbaycan neftini məhz Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə alır”.


Arye Qutun fikrincə, əgər Azərbaycan bu münaqişənin eskalasiyasında maraqlı olsaydı, onda Cənubi Qafqazda ən güclü silahlı qüvvələrindən istifadə edə bilərdi. Arye Qut vurğulayıb: “Gizli deyil ki, İsrail ilə Azərbaycanın hərbi-texniki tərəfdaşlığı real nəticələr verir, bu isə Ermənistanı qıcıqlandırır. Məhz bu səbəbdən Ermənistan XİN başçısı beynəlxalq münasibətlərin bütün norma və qaydalarına rəğmən İsrail KİV-lərinə bəyan edib ki, İsrail Azərbaycan ilə hərbi-texniki əməkdaşlığa son qoymalıdır.

Ümumiyyətlə, İsrail ilə Azərbaycanın hərbi-texniki əməkdaşlığının Ermənistana nə dəxli var? Ermənilər bir faktı qəbul edə bilmirlər ki, Azərbaycan Cənubi Qafqazda İsrailin strateji tərəfdaşıdır və İsrail ilə hərbi-strateji tərəfdaşlıq sayəsində Azərbaycan postsovet məkanında heç bir ölkənin malik olmadığı texnoloji üstünlüklər əldə edir. Ermənilər buna həsəd apara, təxribatçı hərəkətlər edə, cəfəng fikirlər yaya bilərlər, lakin bu gün artıq tarixi faktdır ki, İsrailin müdafiə şirkətləri Azərbaycanda hərbi sənayenin qurulmasında fəal iştirak ediblər və bu iştirakı davam etdirirlər. Bu baxımdan, erməni provokatorlara deyirik: bizim strateji münasibətlərimizə həsəd aparmaq heç yaxşı hərəkət deyil”.

İsrailin erməni icmasının nümayəndəsi yenə provokasiyaya əl atır: o, Azərbaycanı “İslam fundamentalizmində” ittiham edərək deyib ki, Azərbaycan İsrailin həqiqi dostu deyil.


Arye Qut buna cavab olaraq vurğulayıb: “Siz İsraildə ictimai rəyi aldatmağa çalışırsınız, lakin bunu edə bilməyəcəksiniz, çünki Azərbaycan dünyada İsrailin həqiqi və real strateji tərəfdaşıdır. Azərbaycan multikulturalizm və tolerantlıq nümunəsidir. Bu gün Azərbaycanda 25 minlik yəhudi icması var, son dörd ildə Azərbaycan Prezidentinin göstərişi ilə ölkədə iki yeni sinaqoq, Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi inşa edilib, bu ölkədə yəhudi icmasına qardaşcasına münasibət var.

Monoetnik ölkə olan Ermənistanda isə belə münasibət görə bilməzsiniz. Orada antisemitizm MDB və Şərqi Avropa ölkələri ərazisində ən yüksək səviyyədədir, Ermənistanda yəhudiləri barmaqla saymaq olar”.


Narine Melikyan İsraildə yaşayan Azərbaycan diasporunun Təl-Əviv-Yaffoda keçiriləcək mitinqi və nümayişi mövzusuna toxunaraq Azərbaycan diasporunu təhrikçilikdə təqsirləndirib.


Bunun cavabında Arye Qut “İsraildə Azərbaycan evi”nin nümayəndəsi kimi dəqiq və aydın şəkildə deyib: “Mən İsrailin Azərbaycan yəhudiləri diasporu adından məsuliyyətlə bəyan edirəm ki, 2020-ci il avqustun 9-da Təl-Əvivdə keçirəcəyimiz, Azərbaycana və Azərbaycan əsgərinə dəstək xarakterli nümayiş tamamilə sülh xarakterli olacaq və biz - əslən Azərbaycandan olan israillilər İsrail qanunvericiliyi çərçivəsində özümüzün lazım bildiyimiz yerdə nümayiş keçirmək hüququna malikik. Bizim istər erməni mədəniyyət mərkəzinə, istərsə də erməni kilsəsinə qarşı hər hansı təxribat törətmək niyyətimiz yoxdur. Biz əslən Azərbaycandan olan İsrail vətəndaşları bütün xalqlara və dinlərə tolerant münasibət bəsləyirik.

Mən İsrail vətəndaşı olmaqla uzun illərdir ki, İsrail ilə Azərbaycan arasında münasibətlərin inkişafı, möhkəmlənməsi və dərinləşməsi üçün işləyirəm. Azərbaycan öz uğurlu geosiyasi və geoiqtisadi təşəbbüsləri sayəsində regionun ən güclü geosiyasi liderinə çevrilib, onun iştirakı və razılığı olmadan Cənubi Qafqaz kimi strateji regionda heç bir siyasi, iqtisadi və nəqliyyat məsələsi həll edilə bilməz. Azərbaycan ilə İsrail arasında diplomatik münasibətlərin 28 illik tarixi ərzində yəhudi dövləti ilə əhalisinin əksəriyyəti müsəlmanlar olan ölkə arasında strateji münasibətlərin zərurililiyi və həyat qabiliyyəti sübut edilib. Bizim dost ölkələrimiz həqiqətən səmimi və etibarlı strateji tərəfdaşlar kimi qarşılıqlı fəaliyyət göstərir, tarixboyu heç vaxt bir-birimizi satmamışıq, həmişə çiyin-çiyinə, yanaşı olmuşuq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir