Modern.az

Rəqəmsal Paşinyan - hiyləgər Paşinyan 

Rəqəmsal Paşinyan - hiyləgər Paşinyan 

Analitika

Bu gün, 15:53

Nikol Paşinyan Ermənistanın baş naziridir. O, həm də sosial mediada yaratdığı obrazı ilə  rəqəmsal dünyanın əsas personajıdır.

Dövlət başçılarının sosial media hesabları adətən rəsmi görüşlər, dövlət sənədləri, diplomatik bəyanatlar və protokol şəkilləri ilə dolu olur. Paşinyanın sosial media hesablarında isə baş nazirin rəsmi fəaliyyəti ilə yanaşı, velosiped sürən, yemək yeyən, musiqi dinləyən, rəqs edən, zarafatlaşan və şəxsi həyatından görüntülər paylaşan bir insan var.

Bir ölkənin baş naziri nə vaxt dövlət rəhbəri, nə vaxt da sosial medianın baş qəhrəmanına çevrilir?  Diqqət yetridikdə görürük ki, Paşinyanın rəqəmsal portreti bu sualların hamısını özündə birləşdirir.

Əvvəala ondan başlayaq ki, Paşinyan sosial mediada siyasətçinin ənənəvi davranış sərhədlərini çoxdan keçib. Məqsədli şəkildə kamera quraşdırır, sonra velosiped sürür, yemək yeyir, suya baş vurur, küçədə gəzir və bütün bunları siyasi kommunikasiya materialına çevirir. Çox vaxt baş nazir olduğunu unutduracaq qədər görünür.

Müşahidələrimiz onu deməyə əsas verir ki, o, hər gün siyasətin ciddiyət libasını çıxarır, sosial medianın xoşladığı paltar geyinir. Siyasətdə sülh deyən Paşinyan sosial mediada eyni üslubda görünə bilmir. Hansı Paşinyan özüdür, bunu sosial mediada dolaşan Paşinyanın hərəkətləri göstərəcək. Siz yazını sonadək oxuyun ki, sualın cavabını özünüz tapa biləsiniz. Bu adamın əsas siyasi paradoksu özünü qeyri-ciddi görünməkdən qorumaq üçün ciddi görünməyə çalışmasıdır. Təbii ki, baş nazirin hər hərəkəti potensial xəbərə, qeyri-adi addımı isə rəqəmsal müzakirəyə çevrilməlidir.  Paşinyanın sosial media portretini velosiped, yemək, idman və şəxsi həyat görüntüləri ilə izah etmək mümkünsüzdür. Çünki o, bu işə əlavə materiallar, daxili siyasi legitimlik, ictimai diqqətin idarə olunması, seçici ilə emosional məsafənin azaldılması və beynəlxalq auditoriyada yadda qalmaq kimi bir-birinə bağlı məsələləri də qatqı kimi əlavə edir.

Paşinyanın rəqəmsal portretinin ən maraqlı tərəfi onun öz ölkəsinin siyasi serialının baş qəhrəmanı kimi görünməsidir.  Paşinyan illərdir sosial medianı siyasi kommunikasiya vasitəsi kimi istifadə edir. 2018-ci il məxməri inqilabından sonra onun Facebook üzərindən canlı yayımları kütlə ilə birbaşa əlaqə qurmaqda, etirazları koordinasiya etməkdə və ənənəvi media vasitəçilərini aradan keçməkdə mühüm rol oynayıb.

Sonrakı illərdə bu üslub daha planlı və şəxsi xarakter alıb. 2025-ci ilin payızında musiqi dinlədiyi videolarının viral yayılması Paşinyanın rəqəmsal obrazında yeni mərhələnin başlanğıcı oldu. 2026-cı ildə onun sosial media hesabları gündəlik həyat, seçki kampaniyası, siyasi mesaj və əyləncəni birləşdirən geniş məzmun platformasına çevrilib.

Onun üçün kamera hadisənin özünə çevrilir. Baş nazir velosiped sürür, bu, yemək yeyir, musiqi dinləyir, ardından həmin anları rəqəmsal təqdimatının bir hissəsinə olur. Bununla o, siyasi obrazını hər gün yenilənən sosial media serialına oxşadır. Bu serialın mövzusu və mesajı isə dəyişməzdir. Paşinyan bununla cəmiyyətinə  “Mən də sizin kimi yaşayıram. Mənə baxın, mən sizinləyəm” mesajını ötürür. Amma məsələnin dəqiq bilinməli olan tərəfi cənab Paşinyanın sosial mediadakı həyatı ilə gerçək həyatının biri-biri ilə nə qədər üst-üstə düşməyindədir.

Fikir vermisinizsə, Paşinyanın rəqəmsal portretində ən çox təkrarlanan simvollardan biri velosipeddir. O, velosipedi adi sıradan idman vasitəsi kimi təqdim etmir. Hiss olunur ki, velosiped onun sosial media obrazında hərəkətin, insanlarla eyni məkanda olmağın vizual işarəsinə çevrilib.

2024-cü ildə Ermənistanda siyasi etirazların gücləndiyi, Azərbaycanla münasibətlər ətrafında gərgin müzakirələrin getdiyi vaxtlarda Paşinyan velosipedlə İrəvan küçələrinə çıxırdı. Aydındır ki, həmin vaxt onun gizli və aşkarda cangüdənləri var idi. Ancaq Paşinyan bunu elə tərzdə nümayiş etdirdi ki, mən sərbəstəm, mən etirazdan qorxmuram, mesajı erməni cəmiyyətinin gözündə ildırım kimi çaxdı. Həmin vaxt  səhər gəzintilərini çəkib paylaşır, hətta vətəndaşlarla birgə velosiped yürüşləri təşkil edirdi. Bu görüntülər siyasi təlatüm fonunda fərqli ictimai obraz yaradırdı.

2026-cı il sentyabrın 23-də isə Paşinyan BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün getdiyi Nyu-Yorkda günə 36 kilometrlik velosiped yürüşü ilə başladığını paylaşdı. Nyu-York küçələrində velosiped sürən baş nazirin görüntüsü bir neçə saniyəyə xəbər olur. Burada iki fərqli dünya, bir tərəfdə dünya siyasətinin ən mühüm diplomatik tribunalarından biri, digər tərəfdə idman geyimində şəhəri gəzən hökumət başçısı toqquşur. Görünəni odur ki, Paşinyanın kommunikasiya dili bu təzadı çox sevir.

O, beynəlxalq tədbirdə iştirak edən dövlət adamıdır, amma özünü yalnız protokol çərçivəsində göstərmir. Diplomatik səfər onun üçün paralel olaraq sosial media üçün məzmun istehsalı imkanına çevrilir. Burada ən diqqətçəkən məqam odur ki, Paşinyan xaricdə də özünü yerli siyasi gündəmdən ayırmır. O, Nyu-Yorkda olarkən də izləyicisinə tanış olan, hərəkətdə, kameranın qarşısında, gündəlik həyatın içində olan Paşinyan kimi qalır. İş ondadır ki, onun velosipedi  dövlət protokolunun çatmadığı yerə gedib çıxır.

Paşinyanın sosial media davranışında velosipeddən sonra diqqət çəkən digər xətt fiziki fəallıq və şəxsi həyat görüntüləridir. 2026-cı ilin avqustunda o, “Göyçə ətrafında” velosiped turunda iştirak edib. İki günlük turun ilk günündə 138 kilometr məsafə qət etdiyini, son 33 kilometri çətinliklə başa vurduğunu sosial şəbəkədə yumorla paylaşmışdı. Hətta izləyicilərinin onun tur zamanı ölə biləcəyini yazdıqlarını zarafatla xatırlatmışdı.

Sentyabrda isə Göyçə gölündə çimərkən çəkilmiş görüntüləri sosial mediada yayıldı. Baş nazirin göldə üzməsi və sahildə hamam xalatında görünməsi Ermənistanda da müzakirələrə səbəb oldu.

Burada Paşinyanın rəqəmsal strategiyasının maraqlı tərəfi üzə çıxır. Baş nazir özünü daim hərəkətdə olan, fiziki fəal və  gündəlik həyatın içində yaşayan insan kimi təqdim edir.

Bilirik ki, baş nazirin gölə girməsi özlüyündə siyasi hadisə hesab olunmur. Amma həmin görüntünün yayılması onu kommunikasiya hadisəsinə çevirir. Elə bil Paşinyan bilərəkdən öz rəsmi portretini dağıdır. Onun fotosunda dövlətin ağırlığını, protokolun məsafəsini axtaranlar qarşılarında göldə üzən, velosiped sürən, zarafat edən adamı görürlər.

Paşinyanın qeyri-rəsmi görünüşü onun rəsmi vəzifəsini kölgədə qoymur, bəzən həmin vəzifəni daha çox görünən edir.

Paşinyanın sosial media hesablarında yemək ayrıca janra çevrilib. O, qarğıdalı, qaynadılmış kartof,  pirojki yeyir, lavaş dürməyini əlinə alır, şorba içir. Bəzən yemək videoları elə təqdim olunur ki, izləyici özünü baş nazirin yanında, eyni süfrədə hiss edir.

2026-cı ilin yazında onun parlament sədri Alen Simonyanla seçki avtobusunda qarğıdalı çubuqları, pirojki, qarğıdalı, şirin sucuq və lavaş yediyi videolar yayılmışdı. Qaynar kartof yeyərkən əlini yandırdığı görüntü də milyonlarla baxış topladı. Mayda isə bütöv bişirilmiş donuzu kəsib ətrafındakılara payladığı və özü də yediyi video gündəmə gəldi.

Bəs, bu görüntülərin siyasi kommunikasiya baxımından mənası nədir?  Ənənəvi siyasətdə dövlət başçısının süfrəsi bolluq, qonaqpərvərlik və dövlət təmsilçiliyi rəmzi ola bilər. Paşinyanın videolarında isə süfrə daha çox gündəlik həyatın səhnəsidir. Paşinyan bununla özünü gündəlik həyatın içində olan adam kimi göstərir. Təbii ki, bir siyasətçinin pirojki yeməsi onun xalqla həqiqi münasibətlərini ölçmür. Ancaq həmin görüntünün necə seçilməsi, çəkilməsi və paylaşılması ictimaiyyətə hansı obrazın təqdim olunduğunu göstərir. Paşinyanın yemək videolarının əhəmiyyəti də bundadır, o, siyasi mesajı gündəlik həyatın ən sadə, ən anlaşılan detalına yerləşdirir.

Paşinyanın sosial media portretinin ən tanınan elementlərindən biri əlləri ilə yaratdığı ürək işarəsidir. O, müxtəlif dillərdə musiqi dinləyir, kameraya baxır, gülümsəyir, ürək işarəsi göstərir və izləyicilərinə sevgisini ifadə edir. Bəzən buna kiçik rəqs hərəkətləri də əlavə olunur. Bu üslubun ən diqqətçəkən xüsusiyyətlərindən biri onun dil sərhədlərini aşmasıdır. Musiqi erməni, rus, fransız və ya ingilis dilində ola bilər. Amma ürək işarəsi tərcüməyə ehtiyac duymur.

İnsan Paşinyanın videosuna gülə, dostuna göndərə, hətta tənqid etmək üçün izləyə bilər. Sosial mediada diqqət siyasi razılıqdan daha geniş anlayışdır. Bununla belə, diqqətin özü də siyasi resursdur. Siyasətçinin adı daim görünürsə, onun ictimai müzakirədən kənarda qalması çətinləşir. Paşinyanın ürək işarəsi bu baxımdan siyasətçinin izləyici ilə qurduğu münasibətin vizual imzasıdır.

Paşinyanın rəqəmsal obrazını yalnız əyləncəli və səmimi görüntülərlə təsvir etmək doğru olmaz. Onun sosial media fəaliyyətinin daha sərt, mübahisəli və siyasi baxımdan həssas tərəfləri də var. 2026-cı il martın 22-də İrəvan metrosunda baş verən hadisə bunun nümunəsidir. Seçkiqabağı təmaslar çərçivəsində metroda vətəndaşlarla ünsiyyətdə olan Paşinyan Qarabağdan köçmüş bir qadınla mübahisəyə girdi. Qadın Ermənistanın xəritəsini əks etdirən nişanı qəbul etmək istəmədi. Söhbət gərginləşdi və görüntülər yayıldı.

Ermənistanın insan hüquqları üzrə ombudsmanı dövlət rəsmilərini ictimai ünsiyyətdə təmkinli olmağa çağırdı. Bir sıra vətəndaş cəmiyyəti təşkilatları isə baş nazirin davranışını tənqid etdi. Bu hadisə Paşinyanın sosial media üslubunun risklərini də göstərdi. Kamera qarşısında olmaq siyasətçiyə görünürlük qazandırır. Amma həmin kamera gözlənilməz emosional reaksiyaları da qeydə alır. Səmimiyyət kimi təqdim edilən ünsiyyət bir anda qarşıdurma görüntüsünə çevrilə bilər.

Paşinyanın başqa bir metro görüntüsü isə daha yumorlu məzmun daşıyırdı. Mayın 11-də o, bank kartı ilə metroya daxil olmaq istəyərkən ödəniş sistemində çətinliklə üzləşdi. İrəvan meri Tiqran Avinyan ona kömək etdikdən sonra Paşinyan zarafatla “Bu, tanışlığa görədir?” deyə soruşdu. Həmin video da yayıldı.

Paşinyanın rəqəmsal portretində ən həssas mövzulardan biri şəxsi həyatıdır. 2026-cı ilin fevralında Anna Akopyan Paşinyanla münasibətlərinin bitdiyini açıqladı. Fevralın 27-də isə birlikdə yaşadıqları münasibətin sona çatdığını, hökumət iqamətgahını tərk edəcəyini bildirdi. Paşinyan da açıqlama yayaraq onun qərarına hörmət etdiyini yazdı. Onların münasibəti təxminən 30 il davam etmişdi, lakin cütlük rəsmi nikahda olmayıb.  Apreldə isə Paşinyan Anna Akopyanla yenidən bir araya gəlmək üçün özü də səy göstərdiyini və ailələrinin birlikdə qalması üçün yeni imkanın yaranmasından məmnun olduğunu bildirdi.

Baş nazirin ailə münasibətləri onun dövlət siyasətinin birbaşa göstəricisi ola bilməz. Ancaq siyasi lider şəxsi həyatını ictimai kommunikasiya məkanına daxil etdikdə, bu mövzular da ictimai müzakirənin bir hissəsinə çevrilir. Burada bir məqamı dəqiqləşdirmək vacibdir. Söhbət yeni evlilikdən yox, münasibətlərin bitməsi və sonradan yenidən bir araya gəlmək qərarından gedir.

Paşinyanın siyasi portreti ilə şəxsi portreti arasındakı sərhəd getdikcə daha çox görünən olur. Amma bu sərhədin tamamilə aradan qalxdığını demək olmaz. Bəli, Siyasətçinin şəxsi həyatı onun siyasi obrazına təsir edə bilər, amma şəxsi həyatın hər detalını siyasi hesab kimi təqdim etmək də düzgün olmaz.

2026-cı il parlament seçkiləri ərəfəsində Paşinyanın paylaşımlarında gündəlik həyat görüntüləri ilə yanaşı, seçki avtobusu, məktəb və yol layihələri, müxalifətlə polemika, ölkənin beynəlxalq sərhədlərini əks etdirən simvollar da yer alırdı.  Deməli, burada Paşinyanın siyasi kommunikasiya modelinin üç əsas istiqamətini ayırmaq olar

Birincisi, siyasi məsafəni azaltmaq niyəti güdür. Baş nazir özünü küçədə, metroda, avtobusda görünən şəxs kimi təqdim edir. İkincisi, gündəmi şəxsi iştirakı ilə qurmaq məsələsidir. O, yalnız hökumətin gördüyü işlərdən danışmır, həmin işlərə dair görüntüləri də özü paylaşır. Beləliklə, dövlət fəaliyyəti onun şəxsi rəqəmsal obrazı ilə birləşir. Üçüncüsü, siyasi rəqabəti emosional müstəviyə daşımaqdır. Siyasət liderlərin xarakteri, davranışı və ictimaiyyətlə münasibəti üzərindən də təqdim olunur. Bu modelin siyasi üstünlüyü ondan ibarətdir ki, lider ənənəvi media vasitəçilərindən asılı olmadan geniş auditoriyaya çata bilir. Risk isə ondadır ki, şəxsi obrazın davamlı istehsalı real siyasi nəticələrə dair sualları arxa plana keçirir.

Paşinyanın sosial media strategiyasını təhlil edən ekspertlər də onun şəxsləşdirilmiş, populist çərçivəyə söykənən kommunikasiya modelinin həm geniş görünürlük yaratdığını, həm də ictimai qütbləşmə risklərini artırdığını vurğulayırlar. Bəli, Paşinyan gündəlik həyatını siyasi səhnəyə çevirir. Amma həmin səhnədəki hər baxış, hər gülüş, hər ürək işarəsi seçki qutusunda səsə çevrilmir.

Paşinyanın rəqəmsal strategiyasının daha bir istiqaməti beynəlxalq auditoriyaya çıxışdır. O, xarici səfərlərində tək rəsmi görüşləri paylaşmır. Tiflis, Roma, Paris, Berlin və Moskva kimi şəhərlərdə velosiped sürməsi, gündəlik həyat görüntüləri və musiqi paylaşımları onun beynəlxalq səfərlərinin də sosial media hekayəsinə çevrilməsinə imkan verir.

Bu, klassik diplomatik kommunikasiya modelindən fərqlənir. Ənənəvi diplomatiyada dövlət rəhbərinin xaricdəki fəaliyyəti görüşlərin nəticələri, imzalanan sənədlər və rəsmi bəyanatlarla ölçülür. Paşinyanın modelində isə bunlara əlavə olaraq, liderin necə göründüyü, necə davrandığı və hansı qeyri-rəsmi məqamlarla yadda qaldığı da əhəmiyyət qazanır. Məsələn, Nyu-Yorkda BMT Baş Assambleyasında iştirak edən baş nazirin 36 kilometrlik velosiped yürüşü diplomatik səfərin rəsmi gündəliyindən fərqli, amma eyni səfərə aid ikinci bir informasiya xətti yaradır. Bu, bir Paşinyan bicliyidir. Beynəlxalq tanınmanın yeni formasıdır. Burada sərhəd olmalıdır, sosial mediada tanınmaq beynəlxalq nüfuzun, diplomatik uğurun və ya dövlətin siyasi çəkisinin avtomatik göstəricisi kimi qəbul edilmir.  Paşinyanın rəqəmsal populyarlığı onun beynəlxalq siyasi fəaliyyətinin yalnız bir tərəfidir. Digər tərəfdə Ermənistanın təhlükəsizlik məsələləri, Azərbaycanla sülh prosesi, Türkiyə ilə münasibətlər və ölkənin xarici siyasət istiqaməti dayanır. Gerçəklik isə odur ki, dünya Paşinyanın velosipedini görə bilər. Amma Ermənistanın gələcəyini velosipedin sürəti müəyyən etmir.

Paşinyanın rəqəmsal obrazının ən maraqlı tərəflərindən biri onun ciddi sayılmaması ilə əlaqəlidir. Onun qeyri-rəsmi davranışları bəzən istehza, bəzən heyrət doğurur. Ancaq bütün bunların içində bir paradoks var: Paşinyan özünü siyasi səhnədə adi insan kimi təqdim etsə də, etdiyi hərəkətlər adi insanın hərəkəti kimi qəbul edilmir.

Deməli, Paşinyanın əsas kommunikasiya üstünlüyü hərəkətinin arxasında baş nazir statusunun dayanmasındadır. O, dövlət rəhbəri olmasaydı, bu videoların əksəriyyəti adi sosial media məzmunu kimi qalardı. Məhz dövlət başçısı olması həmin görüntüləri xəbər materialına çevirir. Hiss olunur ki. kütləyə oynamaq üçün Paşinyan qeyri-ciddi görünməyi gözə ala bilən ciddi vəzifə sahibidir. Onun rəqəmsal obrazının paradoksu da budur.

Paşinyanın sosial media hesablarına və gerçək Paşinyana baxanda sanki bir neçə fərqli obrazla qarşılaşırıq.

Bir Paşinyan velosiped sürür, biri perajki yeyir, biri Göyçə gölündə üzür və s. Bunlar bir-birini inkar edən obrazlar deyil. Əksinə, vahid rəqəmsal şəxsiyyətin müxtəlif qatlarıdır. Paşinyan siyasətçi kimi rəsmi görünüşünü qorumaqla yanaşı, şəxsi həyatını da ictimai kommunikasiya məkanına daxil edir. Bu, onu həm siyasi fiqur, həm də gündəlik həyatının görüntülərini izlədiyimiz bir sosial media personajı edir.

Bir məsələ də var. bu qədər görünən siyasətçi nə qədər anlaşılır?

Sosial media bizə Paşinyanın nə etdiyini göstərə bilər. Amma onun hər addımının arxasında hansı siyasi hesabın dayandığını təkcə videolardan müəyyənləşdirmək bir az çətin məsələdir. Ona görə də Paşinyanın rəqəmsal portretini nə təbliğat, nə də səmimiyyət kimi oxumaq olar. Burada şəxsi davranış, siyasi kommunikasiya, ictimai maraq və rəqəmsal platformaların diqqət mexanizmləri bir-birinə qarışır.

Gerçəklik həm də odur ki, Paşinyan siyasətin ənənəvi səhnəsindən çıxaraq telefon ekranına daxil olub. Onun üçün küçə səhnədir, velosiped rekvizitdir. Fikrimcə, görüntü ilə reallıq arasındakı məsafəni ölçmək daha vacibdir. Bu zaman sosial mediadakı Paşinyanla özünü göstərməyən Paşinyan arasındakı fərq üzə çıxır.

Görünən həm də odur ki, kamera daim onun yanındadır. Bu resursla o, siyasətçi olmağın özünü də hər gün sosial mediada nümayiş etdirir.

Yuxrıda sadalananlar rəqəmsal Paşinyan idi. Gerçək Paşinyan nə qədər rəqəmsal Paşinyandır, bunu özünüz gördünüz.

Təhlillər göstərir ki, rəqəmsal Paşinyan hiyləgər Paşinyandır.

 

Elnur ƏMİROV

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Milyonlarla azərbaycanlını təhlükə gözləyir - Bakı nə edəcək?