Modern.az

Polad Həşimovun adı Həzi Aslanov küçəsinə verilməyib - Rəsmi AÇIQLAMA

Polad Həşimovun adı Həzi Aslanov küçəsinə verilməyib - Rəsmi AÇIQLAMA

Ölkə

6 Avqust 2020, 09:30

Xəbər verdiyimiz kimi, dünən Qəbələ rayonundakı mərkəzi küçələrdən birinə şəhid general-mayor Polad Həşimovun adı verilib.

“Polad Həşimov küçəsi” yazılan lövhə dünən küçədə yerləşdiriləndən sonra sosial şəbəkələrdə bir ajiotaj yaşanıb.

Modern.az-ın məlumatına görə, bu ajiotaja səbəb Qəbələdki general Həzi Aslanov küçəsinin adının dəyişdirilərək Polad Həşimov küçəsi edilməsi barədə xəbərin tirajlanması idi. Ardınca kimlərsə bunun yanlış olduğunu, əslində İsmayıl bəy Qutqaşınlı küçəsinə Polad Həşimovun adının verildiyini iddia etdi ki, bu da sosial şəbəkə izləyicilərində mənfi reaksiya doğurdu.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat katibi Ceyhun Əsgərov bu gün məsələyə dair açıqlama verib.

“Qəbələdə şəhid general-mayor Polad Həşimovun adının rayonun ikinci ən böyük küçəsinə verilməsi bir sıra KİV-lərdə yanlışlıqla işıqlandırılıb. Bir sıra KİV-lər məlumat yayıb ki, küçənin əvvəlki adı Həzi Aslanov olub. Bu səhv məlumatdır. Şəhid general-mayor Polad Həşimovun adı İsmayıl bəy Qutqaşınlı küşəsinin bir hissəsinə verilib. Səhvə yol verən KİV-lərdən məlumatı düzəltməyi xahiş edirəm”, - Agentlik rəsmisi bildirib.

Bu isə o deməkdir ki, hazırda Qəbələdə həm Həzi Aslanov, həm İsmayıl bəy Qutqaşınlı, həm də Polad Həşimov küçəsi var.

Qəbələ Rayon İcra Hakimiyyəti də məsələyə dair açıqlama verib.

"Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Qəbələ şəhərində şəhid general-mayor Polad Həşimov adının Həzi Aslanov küçəsinə verilməsi ilə bağlı əsassız məlumatlar yayılır. Qeyd edirik ki, Polad Həşimovun adı Qəbələ şəhərində Şəhidlər Xiyabanının yerləşdiyi küçəyə verilib. Polad Həşimov küçəsi başlanğıc nöqtəsi Həzi Aslanov küçəsi ilə kəsişmədən başlayaraq son nöqtəsi Arif Haqverdiyev küçəsi ilə kəsişməyədək davam edir.
Həzi Aslanov küçəsinin adı isə dəyişdirilməyib. Bu küçənin başlanğıc nöqtəsi Heydər Əliyev prospekti ilə kəsişmədən başlayaraq son nöqtəsi 1941-1945-ci illər Böyük Vətən müharibəsi zamanı həlak olmuş şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılmış abidə kompleksinədək uzanır.
Bir daha kütləvi informasiya vasitələrini, sosial media istifadəçilərini həqiqətə uyğun olmayan məlumatlar yaymamağa və ictimaiyyətdə çaşqınlıq yaratmaqdan yayınmağa çağırırıq", - deyə RİH-in amıqmasında bildirilib.



Xatırladaq ki, iyulun 30-da Qəbələ rayonuna səfəri çərçivəsində Prezident İlham Əliyev Qəbələnin Vəndam kəndində doğulmuş şəhid general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün rayonun küçələrinin birinə onun adının verilməsi və digər müvafiq tədbirlər görülməsi barədə İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevə tapşırıq vermişdi.

Əslən Qəbələnin Vəndam qəsəbəsindən olan general-mayor Polad Həşimov iyulun 13-dən 14-ə keçən gecə Ermənistan ordusunun Azərbaycanın Tovuz rayonunu şiddətli atəşə tutması zamanı səngərdə şəhid olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı