Modern.az

“Le Carrefour” qəzetinin fəaliyyəti bərpa edilə bilər

“Le Carrefour” qəzetinin fəaliyyəti bərpa edilə bilər

8 Sentyabr 2020, 15:10

Bir müddətdir ki, fəaliyyətini dayandıran Azərbaycanda fransız dilində nəşr olunan “Le Carrefour” (“Yol qovşağı”) qəzeti yenidən nəşr edilə bilər.

Modern.az xəbər verir ki, “Le Carrefour” qəzetinin təsisçisi, tanınmış jurnalist Zeynab Kazımova Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov görüşündə qəzetin fəaliyyətinin əhəmiyyətinə toxunub.

Keçirilən görüşlə bağlı fikirlərini bildirən S.Məmmədov qeyd edib ki, “Le Carrefour” qəzetinin baş redaktoru Zeynab Kazımova və Azərbaycan Fransa Məzunları İctimai Birliyinin sədri, peşəkar həkim Araz Bayramovla maraqlı görüşü olub.

"Azərbaycan-Fransa münasibətlərinin inkişafı üçün birlikdə görə biləcəyimiz işləri müzakirə etdik. Hər iki görüş olduqca xoş təəssürat yaradıb. Azərbaycanın maraqları naminə birlikdə işləmək üçün bu cür görüşlərin mühüm əhəmiyyəti var. Fransa ictimaiyyətinin Azərbaycan həqiqətləri haqqında daha dolğun məlumat alması üçün bütün imkanlarımızı səfərbər etməliyik. Bu işə töhfə verə biləcək insanlarımızın dəstəyi çox önəmlidir".

“Le Carrefour”un təsisçisi Zeynab Kazımova bildirib ki, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə qrupun rəhbəri, Milli Məclisin deputatı Soltan Məmmədovla görüş onu qəzetin fəaliyyətinin bərpası ilə bağlı ümidləndirib:

“Bu qəzeti mən təsis etsəm də, heç vaxt şəxsi hesab etməmişəm. Bu qəzeti ölkəmiz üçün yaşatmışam. Azərbaycan mediasının yeganə mətbu orqanı heç bir dəstəksiz 13 ildir bu cəbhədə tək vuruşub.
Çox inanıram ki, bundan sonrakı fəaliyyətində qəzetin qarşısına qoyduğu bu çətin, məsuliyyətli, amma çox vacib və əhəmiyyətli məqsədlər davam etdiriləcək.

Azərbaycan KİV-ləri arasında yeganə fransızdilli nəşr olan qəzet 2007-ci il may ayının 14-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Qəzetin yaradılmasında əsas məqsəd Azərbaycan-Fransa əlaqələrinin inkişafına töhfə vermək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycan haqqında fransızdilli oxuculara məlumat verməklə ölkəmizi tanıtmaq və xalqımızın milli və mənəvi dəyərlərinin, həmçinin mədəni irsinin təbliğidir. Qəzet özünün ilk sayından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri fransız dilində oxuculara çatdırıb.

“Le Carrefour” qəzeti Azərbaycan və Fransa, eyni zamanda fransızdilli ölkələr arasında mədəni, iqtisadi, elmi əlaqələri inkişaf etdirmək, fransızlari və ümumilikdə, əcnəbiləri ölkəmizdə baş verən sosial-ictimai, mədəni, iqtisadi hadisələr barədə məlumatlandırmaq, onlara öz dillərində informasiya verməklə Azərbaycanı Fransada və fransızdilli ölkələrdə tanıtmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək missiyasını öz üzərinə götürüb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...