Modern.az

Gəncəm mənim

Gəncəm mənim

Aktual

19 Oktyabr 2020, 00:10

Gəncəm mənim, Nizaminin, Cavad xanın, babalarımın şəhəri! Unudulmaz Ulu Öndər Heydər Əliyev Xan bağında Nigar Rəfibəylinin heykəlini açdığı şəhər!

 

Bu gün müzəffər ordumuz kənd-kənd, rayon-rayon, təpə-təpə doğma torpaqlarımızın hər qarışını, dağını, dərəsini düşmən tapdağından azad edərkən, qəhrəmanlar qəhrəmanı Prezidentimizin dilindən bu xoş xəbərləri eşidib qürur duyarkən, işğalçılar biyabırçı məğlubiyyətlərinin hayıfını dinc əhalidən, qadınlardan, uşaqlardan çıxır. Bir ovuc avantüristin hakimiyyətini qorumaq üçün döyüşə atılan erməni əsgərləri tankını, topunu atıb dovşan kimi qaçırlar. Onların bu panik fərariliyinin qarşısını almaqçün əsgərlərini səngərlərdə zəncirlə bağlayırlar, amma zəncirlərini qırıb qaçanlar, canını qurtaranlar da olur. Döyüşdə məğlubiyyətlərinin caniləri cəbhə xəttindən çox-çox uzaq olan şəhərlərimizdən, onların dinc əhalisindən çıxır. Tariximizin qeyrət qalası Gəncədən çıxır.

 

Rəsul Rzanın və bəstəkar Telman Hacıyevin məşhur mahnısında deyildiyi kimi:

 

Tarixlərdə var adın Gəncəm, a Gəncəm!

İldən ilə sən boy atdın, a Gəncəm!

Qarşısında əyməmisən başını

Ömrün boyu heç bir yadın, a Gəncəm!

 

Düşmən bu gün cəbhə boyu məğlubiyyətlərinin qisasını azqın çar generalı Sisiyanova boyun əyməyən, təslim olmayıb şəhid olan Cavad xanın Gəncəsindən, 1918-ci ilin mayında ilk müstəqil Cumhuriyyətimizin beşiyi Gəncədən, 1920-ci ilin bolşevik istilasından sonra qiyam etmiş və on minlərlə insanını qurban vermiş Gəncədən almağa çalışır. Açıq döyüşdə hücumlarımıza davam gətirməyib geri çəkilənlər hayıflarını ikiyaşlı Mədinə Şahnəzərlidən çıxır, uzaqdan uzağa şəhəri raket atəşinə tutur, abad evləri viranəyə çevirir, uşaqları yetim, böyükləri övladsız qoyur, ən quduz yırtıcı heyvanın belə edə bilməyəcəyi qəddarlıqla insanları məhv edirlər. Mərmilər şəhərin əhalisi sıx olan bölgələrinə, özü də oğru əməlləri kimi gecələr atılır. Qəlpələr Nizami məqbərəsinin həndəvərinə, tarixi və dini abidə - İmamzadəyə düşür.

 

Dünya ictimaiyyəti deyilən kar və kor kütlə sanki bütün bunları görmür, eşitmir, bilmir. Erməni milyarderləri "səxavətiylə" satın alınmış TV çıxışçıları isə hələ də təcavüzə məruz qalan Azərbaycanın yox, "müztərib" ermənilərin halına acıyır.

Dirilərimizə atəş açmaqla ürəkləri soyumur. Qəbirstanlığa, meyitlərə raket atırlar. Ermənistanın başını itirmiş rəhbərlərinin hərəkətləri mənə faşist Almaniyasının son günlərini, Hitlerin yeniyetmələri döyüşə-ölümə göndərdiyi günləri xatırladır. Dinc əhalini qıranları da elə Hitlerin aqibəti gözləyir.

 

18 Oktyabr bayramı ərəfəsində Füzulinin azad olunma sevincini ürək dolusu yaşamağa, Gəncənin xaincəsinə vurulması qoymadı. Cəbhə xəttindən çox uzaq olsa da bu gün Gəncə həmişəki kimi döyüş meydanındadır - öz əzmiylə və şəhidləriylə, qüruruyla və qurbanlarıyla, dağıdılmış evləri və qələbəmizə sarsılmaz inamıyla.

 

İnanıram ki, bütün işğal edilmiş torpaqlarımız azad olacağı yaxın günlərdə hörmətli Prezidentimizin fərmanıyla başqa şəhərlərimizlə bir sırada Gəncə də Qəhrəman şəhər adına layiq görüləcək.

 

Ona da inanıram ki, öz ad gününə bir gün qalmış və bir daha heç vaxt ad gününü özü qeyd edə bilməyəcək on beş yaşlı Nigarın - anamın adaşı Nigar Əziz qızı Əsgərovanın qanı da - bütün şəhidlərimizin qanı kimi - yerdə qalmayacaq.

 

ANAR

17.10.2020

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü