Modern.az

“Allaha şükür, “məcburi köçkünlük statusu”nu itirdik” - Keçmiş köçkün jurnalistlər

“Allaha şükür, “məcburi köçkünlük statusu”nu itirdik” - Keçmiş köçkün jurnalistlər

Media

12 Noyabr 2020, 11:24

Prezident İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə çıxışı zamanı məcburi köçkünlərə müraciət edib. Müraciətində “əziz keçmiş köçkünlər, siz artıq köçkün deyilsiz” deyib.

Modern.az saytı mövzu ilə bağlı keçmiş məcburi köçkün olan jurnalistlərin fikirlərini öyrənib.

Əslən Laçın rayonundan olan keçmiş məcburi köçkün, “Report” agentliyinin redaktoru İmdad Əlizadə:

“Dünyanın ən ağır dərdlərindən biri qaçqın və məcburi köçkünlükdür. Bunun bir səbəbi insanın öz doğma yurdundan zorla didərgin salınması, evinin, əmlakının əlindən alınmasıdırsa, digər yandan da öz vətənində miskin bir təbəqənin nümayəndəsinə çevrilməklə bağlıdır. Əgər bir insan məcburi köçkündürsə, neçə yaşından asılı olmayaraq, həyata yenidən başlamalıdır, sığınmaq üçün bir yer, ailəsini dolandırmaq üçün iş tapmalıdır. Bu da heç də asan deyil. Bunun üzərinə vətən həsrətini də gələndə, yaşamaq olmur, sadəcə günü yola verirsən.

Mənə görə dünyanın ən gözəl ifadəsi də keçmiş məcburi köçkünlərdir. Bəzi statuslar var ki, insan onu tez bir zamanda itirmək istəyir. Onun önündə gələnlərdən biri də qaçqın, məcburi köçkünlükdür. Allaha şükürlər olsun ki, biz də məcburi köçkünlük statusunu itirdik. Bu işdə əməyi olan hərkəsə ayrı-ayrılıqda təşəkkür edirəm. Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizi hörmət və ehtiramla yad edirəm, yaralı qəhrəmanlarımıza şəfalar diləyirəm.

Evlərin tikintisinə gəlincə, sözsüz ki, işğaldan azad olunan torpaqlarımızda yeni infrastruktur qurulmalıdır. Çünki düşmən orada hər şeyi dağıdıb, demək olar ki, salamat ev qalmayıb. Sosial obyektlər, kommunikasiya xəttləri sıradan çıxarılıb. Amma bu məsələlər məcburi köçkünləri o qədər də narahat etmir. Çünki düşmən tapdağından azad olunan ərazilərdə dövlətimizin bütün lazımi infrastrukturu yaradacağına, daha gözəl evlər tikəcəyinə əminik. Əgər dövlət bunu etməsə belə, insanlar doğma yurdlarına qayıdıb orada yaşamağa hazırdılar. Çünki 27-28 illik həsrət bitib”.

Keçmiş məcburi köçkün, “Avtosfer” saytının baş redaktoru Elməddin Muradlı:

 

“Zəngilan rayonu işğaldan azad olunan gündən artıq qaçqın olmadığımı elan etdim. Hətta “Qaçqınkom”un nümayəndəsi ilə görüşdə bildirdim ki, məcburi köçkünlərə ayrılan müavinətdən rəsmi olaraq imtina edirəm. Ailə üzvülərimdən bu yardımı böyük oğlum və mən alıram. Bu vəsaiti əsgər və şəhid ailələrinə verilməyini təklif edirəm. Əlbəttə, bunu ehtiyacı olanlar etməyə də bilər.  

Bu gün dövlətimizə bir manat belə çox önəmlidir. Həmin yardıma ehtiyacı olmayanlar bunu etsələr, çox yaxşı olar. İndi imkanlı şəxslər öz yardımlarını dövlətimizdən əsirgəməməlidir. 

Xalqımıza maddi dəstəyimizi əsirgəməli deyilik. Silahlı Qüvvələrə Yardım Fonduna da pul köçürmüşəm. İmkanı olub yardım etməyənlərdən deyiləm.
Dağlıq Qarabağda və digər işğal olunmuş bölgələrdə salamat yer qalmayıb. Çox böyük inamla bunu deyirəm ki, azad olunmuş ərazilərimiz mükəmməl şəkildə yenidən qurulacaq. Cocuq Mərcanlıda bunun şahidi olduq”.

 Fidan İlqarqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir