Modern.az

Kəlbəcərin işğal xəbəri necə rəsmiləşdirilib yayılmışdı? - TARİX

Kəlbəcərin işğal xəbəri necə rəsmiləşdirilib yayılmışdı? - TARİX

Media

15 Noyabr 2020, 23:16

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov gündəmi zəbt edən Kəlbəcər rayonu ilə bağlı maraqlı xatirəsini bölüşüb.

Modern.az-ın məlumatına görə, bu xatirədə Kəlbəcər rayonunun işğal xəbərinin necə rəsmiləşdirildiyi və yayıldığına aydınlıq gətirilib.

Ə.Amaşov həmin günləri belə xatırlayıb:

“Kəlbəcər gözləntili bu günlərdə rayonun işğal edildiyi günü xatırladım. 1993-cü ilin apreli. Həmin vaxt AZƏRTAC-ın baş direktorunun birinci müavini idim. Xəbərlər dolaşırdı ki, Kəlbəcər tərəflərdə vəziyyət o qədər də yaxşı deyil. Müxbirimiz Natiq Abdullayevi rayona göndərdim. Natiq oraya çatdı və mənə zəng edib gözü ilə gördüyü səhnəni danışdı. Səhnə isə bu idi - Kəlbəcər helikopterlə boşaldılır, sakinlər çıxarılır. Dediyim kimi, bununla bağlı söz-söhbətlər yayılırdı və ilk baxışdan Natiqin telefonda söylədikləri mənə təəccüblü gəlməməliydi. Rayon rəhbərliyi də yerində yox idi. Nə telefona cavab verdi, nə də Natiq onu tapdı. Baş verənlərdən nəinki təəccübləndim, hətta sarsıldım da. Müxbirə qayıtmasını tapşırdım. Onsuz da orada daha görüləcək bir iş də yox idi. Səhv etmirəmsə, helikopter Yevlaxa gəldi. Natiq oradan Bakıya təxminən 4-5 saata çatdı. Gördüklərini bir dəfə də üzbəüz anlatdı. Dərhal o zamankı müdafiə naziri Dadaş Rzayevə zəng etdim. Məni diqqətlə dinlədi və müxbiri yanına göndərməyi xahiş etdi. Natiqi xidməti avtomobilimlə Müdafiə Nazirliyinə yolladım.


Dadaş müəllim müxbiri şəxsən qəbul etmiş, dinləmiş və sonra ondan danışdıqlarını yazmağı xahiş etmişdi. Beləcə həmin gün, yəni 1993-cü il aprelin 2-də Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğuna dair Müdafiə Nazirliyinin rəsmi məlumatı yayılmış, AZƏRTAC da öz müxbirinin yazdıqlarını dövlət qurumunun rəsmi məlumatı kimi yaymışdı. Təsəvvür edin ki, müxbirin verdiyi bilgiyə əsasən dövlət qurumu öz məlumatını yayır. Özü də Müdafiə Nazirliyi, müharibədən. Yəqin ki, vəziyyətin acınacaqlılığını başqa sözlə ifadə etməyə ehtiyac qalmadı.


Mən hər il aprelin 2-də bu danışdıqlarımı ağrı ilə xatırlamışam. Həmişə də xatırlayacam. Elə bilirəm ki, hər kəs 30 ilə yaxın davam edən belə demək mümkünsə, işğallı günləri də yada salmalıdır, çətinlikləri, məhrumiyyətləri əsla yaddan çıxarmamalıdır.

İnşallah Vətən torpağımızın hər guşəsi azadlığına qovuşmaqdadır. Kəlbəcər də başda olmaqla. Bunun üçün bir xalq olaraq bütün işləri görmüşük.

Allah haqq davamızda yar və yardımçımız olsun.

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır