Modern.az

Avropa Müsəlman Forumunun rəhbərliyi Prezident İlham Əliyevi təbrik edib

Avropa Müsəlman Forumunun rəhbərliyi Prezident İlham Əliyevi təbrik edib

Aktual

28 Noyabr 2020, 17:13

Avropa Müsəlman Forumunun prezidenti və İdarə Heyətinin üzvlərindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

 

Modern.az-ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycan müsəlmanlarının coğrafi cəhətdən dövlətinizin də daxil olduğu Avropanın müsəlman icmasının bir hissəsi olduğunu nəzərə alaraq, Avropadakı bütün müsəlmanların maraqlarını təmsil edən ümumavropa platforması olan Avropa Müsəlman Forumu adından Sizə dərin hörmətimizi bildiririk. Peyğəmbərimizin mübarək Rəbiul-Əvvəl ayında, eləcə də İslam əleyhinə hörmətsizliklərin edildiyi, Azərbaycan xalqının Qarabağ xanlığının ərazisi olmuş qanuni və tarixi torpaqları ilə bağlı legitim hüquqlarına qarşı qərəzli təbliğatların aparıldığı bir dövrdə Sizin rəhbərliyinizlə tarixi zəfər qazanan Azərbaycan xalqını və qardaş Azərbaycanı möhtəşəm Qələbə münasibətilə təbrik edirik.

Bu gün bütün İslam ümməti, yəni 1,7 milyard nəfər olan müsəlman qardaşlarımız ordunuzun və xalqınızın qazandığı bu Qələbədən qürur duyur. Ən müasir silahlarla təmin edilmiş ordunuzun peşəkarlığı, düşmənə qarşı nizamlı şəkildə göstərdiyi şücaət, eləcə də ölkənizdə yaşayan bütün xalqların və dinlərin nümayəndələrinin birliyi və hərtərəfli düşünülmüş strategiya sayəsində qazandığınız bu müvəffəqiyyət ən böyük alqışa və ən dərin hörmətə layiqdir.

Bildiyiniz kimi, təşkilatımız Qarabağ münaqişəsinin ədalətli həlli, işğal altında olmuş torpaqların azad edilməsi, eyni zamanda, acınacaqlı və təhqir edilmiş vəziyyətdə olan çoxsaylı abidələrin, müsəlmanlara məxsus dini və tarixi məkanların bərpası, məscidlərdə donuz və mal-qaranın saxlanılması, hamam kimi istifadə olunması ilə bağlı məsələləri dəfələrlə gündəmə gətirib. Biz qardaş Azərbaycan xalqına və onun haqlı mövqeyinə dəstək olaraq ümumavropa konfransının keçirilməsini bir neçə dəfə təklif etmişik. İndi Azərbaycan xalqının bir çox amillərə baxmayaraq, öz torpaqlarını özləri azad etməsi, şübhəsiz ki, baş vermiş ən yaxşı hadisədir və biz buna görə Uca Yaradana minnətdarıq və Peyğəmbərimizə (s.ə.v.) salavat göndəririk.

Təşkilatımızın təşəbbüslərini davam etdirərək Zati-alinizdən xahiş edirik ki, torpaqlarınızın 30 illik işğal nəticəsində nə qədər acınacaqlı bir vəziyyətə düşdüyünü və işğal altındakı ərazilərdə ümumiyyətlə dinimizə qarşı hansı vandalizm və təhqiramiz əməllərin həyata keçirildiyini öz gözlərimizlə görmək, eləcə də Azərbaycan xalqına mənəvi dəstək vermək, qardaş həmrəyliyimizi nümayiş etdirmək, həmçinin indi daha az əhəmiyyət kəsb etməyən məsələ, yəni Qarabağ münaqişəsi, onun tarixi və faciəvi nəticələri, uğurla başa çatması ilə bağlı real vəziyyət və münaqişəyə dair həqiqətlər barədə dünya ictimaiyyətini məlumatlandırmaq məqsədilə Avropa Müsəlman Forumu liderlərindən ibarət nümayəndə heyətinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərinə icazə verəsiniz.

Nümayəndə heyətimiz üçün əhəmiyyət kəsb edən əsas məsələ Şuşa və Ağdama səfər etmək, eləcə də Xocalı soyqırımının baş verdiyi Xocalı rayonunda namaz qılmaqdır. Biz inanırıq ki, “Qafqazın Srebrenitsası” kimi dəhşətli faciə olan Xocalı soyqırımı haqqında həqiqətləri gələcək nəsillərə çatdırmaq üçün müvafiq abidə ucaldılmalıdır.

Uca Allaha dua edirik ki, qardaş Azərbaycanın müqəddəs torpaqlarında bundan sonra heç bir hərbi əməliyyatlar aparılmasın və qardaş ölkəmiz Azərbaycan təkcə Avropanın bir çox ölkələri üçün deyil, bütün Avrasiya regionu ölkələri üçün nümunə olduğu kimi, Qarabağ da mərdliyin, firavanlığın və dostluğun rəmzinə çevrilsin.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizi, xalqınızı və gözəl ölkənizin bütün milli və dini icmalarının nümayəndələrini qürur duyduğumuz bu ümumi Qələbə münasibətilə bir daha təbrik edirik.

Hörmətlə,

Əbdül-Vahid Niyazov,

Avropa Müsəlman Forumunun prezidenti

Brüssel, Belçika

Migel Anxel Ruiz,

Barselona Məscidi Mədəni Fondunun prezidenti,

Avropa Müsəlman Forumunun İdarə Heyətinin üzvü,

Avropa Müsəlman Forumu Fondunun vitse-prezidenti,

Barselona, İspaniya Krallığı

İqbal Sakranay,

Böyük Britaniya Müsəlman Şurasının Baş katibi,

Avropa Müsəlman Forumunun İdarə Heyətinin üzvü,

London, Böyük Britaniya

Romas Jakubauskas,

Litva Respublikasının müftisi,

Avropa Müsəlman Forumunun İdarə Heyətinin üzvü,

Vilnüs, Litva

Dəmir Muxetdinov,

Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsi

sədrinin birinci müavini,

Avropa Müsəlman Forumunun İdarə Heyətinin üzvü,

Sankt-Peterburq / Moskva, Rusiya Federasiyası".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır