Modern.az

Qarabağ Dirçəliş Fondu ümumxalq dəstəyinə hesablanıb - DEPUTATLAR

Qarabağ Dirçəliş Fondu ümumxalq dəstəyinə hesablanıb - DEPUTATLAR

Parlament

6 Yanvar 2021, 15:34

İki gün öncə Prezident İlham Əliyevin sərəncamı ilə “Qarabağ Dirçəliş Fondu” yaradılıb. Dünən isə Fondun Müşahidə Şurasının ilk iclası keçirilib.

Fondun yaradılmasında məqsəd işğaldan azad edilmiş torpaqların yenidən bərpası, abadlıq-quruculuq işlərinin qısa zaman kəsiyində həyata keçirilməsinə dəstək verməkdir.


Milli Məclisin işğaldan azad edilmiş rayonlarının deputatları məsələ ilə bağlı fikirlərini Modern.az-la bölüşüblər.


Xocalıdan olan deputat Elman Məmmədov da belə bir fondun yaradılmasını müsbət qiymətləndirib:

“Bu Fondun yaradılması hamımıza bəllidir. Qurum işğaldan azad olunmuş əraziləmizin bərpası üçün fəaliyyət göstərəcək. Ərazilərin bərpası məsələsində birliyin önəmli olması çox vacibdir. Bu məsələdə dövlət qurumları ilə birgə Fondun da iştirakı olacaq. Fondun Müşahidə Şurası yaradılıb, tərkibi də zəngindir. Bundan əvvəl “YAŞAT” Fondu yaradılmışdı. O Fondda olduğu kimi, “Qarabağ Dirçəliş Fondu”nda da insanlarımız həmrəyliyini nümayiş etdirəcək. Həm hüquqi, həm fiziki şəxslər, həm ölkəmizdə, həm də xaricdə yaşayan insanlarımız bu Fonda dəstək olacaqlar. Fonda edilən maliyyə yardımı işğaldan azad edilmiş ərazilərimizin bərpasına sərf olunacaq. 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait ərazilərimizin bərpası üçün nəzərdə tutulub. Bu kifayət etməyən məbləğdir. Ona görə də biz hər birimiz məcburi köçkünlərimizin ərazilərə daha tez qayıtması üçün maliyyə dəstəyimizi göstərməliyik. Fondun yaradılmasında da əsas məqsəd odur ki, ümumxalq dəstəyi göstərilsin”.

 

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov bildirib ki, həmin ərazilərdə hər bir iş yenidən qurulacaq:


“Fondun yaradılmasının konkret məqsəd və hədəfləri var. Qarabağ savaşından sonra yeni mərhələyə qədəm qoymuşuq. Bu mərhələdə qarşıya qoyulan əsas vəzifələrdən biri Qarabağın yenidən dirçəldilməsidir. Məlumdur ki, ermənilər oradakı bütün infrastrukturu məhv ediblər. Tarixi abidələrimiz, eləcə də yüzlərlə kəndlərimiz tamamilə dağıdılıb. Qarşıda duran əsas vəzifə odur ki, tez bir zamanda bərpa işlərinə başlayaq. Fondun da adından göründüyü kimi, Qarabağı tez bir zamanda dirçəldək. Burada bir neçə istiqamətdə iş getməlidir. Nədən başlamağımız üçün konkret planlar hazırlanmalıdır. Bu zaman bütün işlər mərhələli formada həyata keçiriləcək. Bu işlərin həyata keçirilməsində dövlətin daxili vəsaiti ilə yanaşı, xarici investisiyaların cəlb olunması xüsusi əhəmiyyət daşıyır. Fondun tərkibi də zəngindir. Elm adamlarından tutmuş, iqtisadiyyat sahəsində tanınan şəxslər təmsil olunur. Təbii ki, iqtisadi baxımdan işlər gedir. Su, qaz və elektrik çəkilişi ilə bağlı tədbirlər görülür. Baş plan hazırlanır. Eyni zamanda, mədəni abidələrin də bərpasına xüsusi diqqət göstərilir. Tamamilə dağıdılmış dini abidələr yenidən bərpa olunacaq. Bütün bu işlərlə yanaşı turizm də inkişaf etdiriləcək”.


Kəlbəcərdən olan deputat Aqil Məmmədov deyir ki, torpaqlarımız işğaldan azad olunandan sonra biz etməni vandalizminin əyani şahidi olduq:


“Düşmən yurdumuzu xarabalığa çevirib. Ermənilər bilirdi ki, bu torpaqlar onların deyil. Ona görə də torpaqlarımızı viran qoymuşdular. Bu da onların xislətindən irəli gələn məsələdir. Azərbaycan dövləti öz torpaqlarına sahib çıxaraq, xarabalığa çevrilmiş ərazilərimizi, rayonlarımızı, kəndlərimizi, şəhərlərimizi abadlıq işləri sayəsində bərpa edəcək. Məcburi köçkünlərimiz üçün hər cür şərait qurulacaq. Tezliklə insanlarımız öz torpaqlarına qayıdıb orada öz yaşayışlarını davam etdirəcəklər. Cənab prezident infrastrukturun bərpası üçün bir çox sərəncamlar imzalayıb. İstər Suqovuşan, istər Füzuli-Şuşa yolu istiqamətində, istərsə də dəmir yolu ilə bağlı tapşırıqlar verib. Bunlarla yanaşı, “Qarabağ Dirçəliş Fondu”nun yaradılması bu işlərin daha da sürətlənməsinə təkan verəcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü