Arxiv
11 Yanvar 2021, 16:18 | MƏDƏNİYYƏT
Andına, sözünə Sahib - Torpağı vətənləşdirənlər: Xüsusi təyinatlı qrup KOMANDİRİ

“Arxayındım ki, oğlum istənilən ağır döyüşdən sağ çıxmağı bacaracaq...” 

 

“Azərbaycan Bayrağı” ordenli, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medallı şəhid baş leytenant Sahib Yusif oğlu Şirəliyev Masallı rayonunun Ərkivan qəsəbəsində (Ramazanlı küçəsində) anadan olub. Ötən payızda, oktyabrın 18-də 25 yaşı tamam olmuşdu. Subay idi...

S.Şirəliyev orta təhsilini Bakı şəhərində yerləşən Ağdam rayon 28 nömrəli tam orta məktəbində alıb. Əlaçı olub, nizam-intizamı, fərdi xüsusiyyətləri ilə həmyaşıdlarından seçilib. Məktəb illərində boks idman növünə, hərb sənətinə maraq göstərib. Səkkizinci sinifdən C.Naxçıvanski adına Hərbi Liseyinə sənəd verib, 202 bal toplasa da qəbul ola bilməyib. 2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2017-ci ildən Naxçıvan Muxtar Respublikasında, Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı zabiti kimi vətənə qulluq edirdi. Nümunəvi xidməti, xüsusi təyinatlı qruplar arasında keçirilən yarışlarda öncüllüyü ilə fərqlənib, dəfələrlə Fəxri fərman və diplomlarla mükafatlanıb.

 

Valideynləri onun hələ yeniyetməlik illərindən cəsurluğu, vətənpərvərliyi ilə seçildiyini vurğulayırlar. Atası Yusif deyir ki, açığı, əvvəllər nəslimizdə hərbçi olmamışdı. Sahib isə uşaqlıqdan, məktəb illərindən hərbi-vətənpərvərlik verilişlərini həvəslə izləyərdi. İllər ötdükcə oğlumda bu peşəyə maraq daha da artdı və qəti qərarını verdi. Savadına, biliyinə görə başqa ixtisas da seçə bilərdi. Etiraf edim ki, təkid eləsək də onu fikrindən daşındıra bilmədik. Peşə seçimində qəti olan Sahiblə razılaşmalı olduq. Kursant olduğu müddətdə dəfələrlə təşəkkürnaməyə layiq görülüb. Soruşanda cavab verərdi ki, çətin də olsa, şərəfli, əsl kişi sənətidir. Naxçıvanda olanda onunla əlaqə saxlayırdım. Elə müharibə başlayan ilk gündən  səbirsizlənirdi ki, tezliklə döyüşlərə qatılsın. Sanki məndə bir arxayınlıq yaranmışdı ki, Sahib istənilən ağır döyüşdən sağ çıxmağı bacaracaq. Lakin... 

 

Şölə ana üçün danışmaq çətin olsa da özünü toxdadır: “İstəyirdik ki, ailə qursun. Gözaltısı da vardı. Sahib cəbhəyə yollanandan həsrətim artdı, dua etməkdən savayı özgə əlacım qalmadı. Nələr arzulayırdıq, nələrlə qarşılaşdıq.”

Ananın son cümlələri isə axıtdığı göz yaşları ilə ifadə edilir. O, övladının yarımçıq bitən taleyinə acıyır...

Sahibin zəngin şəxsi kitabxanası varmış. Bədii ədəbiyyat, xüsusilə şeir həvəskarıymış. Ən çox Nizami Gəncəvinin əsərlərini mütaliə edərmiş. Təsadüf, yoxsa... 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilib.


Şəhidin 22 yaşlı qardaşı Əli də taleyini hərbə bağlayıb. Bakı Dəmir Yolu Nəqliyyatı  Texnikumunu bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Daxili Qoşunların tərkibində ilyarım xidmətdən sonra müddətdən artıq xidmət etməyə qərar verib. Əli döyüşlərdən öncə qardaşı ilə son danışığını belə xatırlayır: ”Dedi ki, ailədən muğayat ol! Çünki bilmək olmaz evə necə dönəcəm – qalib, qazi, yoxsa şəhid kimi. Qismətində şəhidlik varmış Sahibin. Həm qardaşım, həm də yaxın dostum idi. Bir-birimizə çox alışmışdıq. Elə bil, heç yox imiş.”

Yeganə qardaşının yoxluğu ilə barışa bilməyən Əlini qəhər boğur. Təsəlli tapır ki, Sahib Vətən uğrunda şəhid olub.

    

Bu gün şəhid zabitimiz Sahib Şirəliyevdən tarixə yazılacaq qəhrəmanlıq dastanı geridə qalıb. Bu şərəfli salnaməni yazmaqda bizə onunla çiyin-çiyinə vuruşan igid hərbçi, qazi yoldaşları yardımçı oldu.


Sahibin xidmət etdiyi hərbi hissənin qərargah rəisi, 
 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli mayor Nəsir Zeyniyev: “Əsgər və zabit heyətimiz cəbhəyə mərhələli şəkildə göndərilirdi. Oktyabrın 11-də, Hadrut istiqamətindən döyüşlərə qatıldıq. Qəsəbənin və ətraf yüksəkliklərin azad edilməsində Sahib və rəhbərlik etdiyi xüsusi təyinatlı qrup (12 nəfərlik heyətlə) xüsusi fədakarlıq göstərdi. Hadrut döyüşlərində bir neçə düşməni şəxsən özü məhv etdi. Şəhid və yaralılarımız olsa da, qarşı tərəfin sıx yerləşdiyi və güclü müdafiə olunduğu, eləcə də Hadrutu nəzarətdə saxlayan “Xaç” vacib yüksəkliyinin alınmasında S.Şirəliyevin xidməti əvəzsizdir. Onun rəhbərlik etdiyi bu uğurlu əməliyyatdan sonra qəsəbədə bölmələrimizin şəxsi heyət və döyüş texnikasının rahat hərəkəti təmin edildi...”    


Sahibin kursant yoldaşı və onunla eyni taborda xidmət edən qrup komandiri, “Hərbi xidmətlərə görə” medallı baş leytenant Minətulla Bayramov: 
“Qırmızı Bazar istiqamətində, dağlıq-meşəlik ərazilərlə 2 gecə, 1 gün yol getdik. Bu əməliyyatdakı ilk tapşırığımız yaşayış məntəqəsinin giriş və çıxış qapılarını bağlamaq oldu. Qəsəbəyə çatdıqda ətrafı mövqelədik, bərabər paylanaraq yol kənarı boyunca yerləşdik. Munamyot atəşinə tutulsaq da ordu birləşmələrimizlə birgə düşmənə sarsıdıcı zərbələr endirdik. Hədəf qəsəbənin tam alınması idi. Qrupumuzdan 4 nəfər yaralandı, mən sağ qolumdan güllə yarası aldım – hospitala təxliyə olundum. Bütün məsuliyyət və ağırlıq Şirəliyevin üzərində qaldı...”



“Döyüşdə fərqlənməyə görə” medallı baş gizir Kamran İbrahimov: 
“Tuğ kəndini aldıqdan sonra arama-tarama işlərini yekunlaşdırıb, ərazini təmizlədik. Sonra Qarabulaq kəndini, ərazidəki yüksəkliyi işğaldan azad etdik...Yeni tapşırığa əsasən Şuşa tərəfə irəlilədik. Bir neçə gün piyada yol getdik. Şuşa-Laçın yolunun 6-7 kilometrliyində döyüşə hazırlıq tədbirlərinə başladıq. Laçın dəhlizinə çatanda səhər saat 5-in yarısı idi...

Düşmənlə qızğın atışmalar zamanı yaralanan zabitimizə ilk tibbi yardımı Şirəliyev göstərdi. Saatyarımlıq şiddətli döyüşlərdə yaralı və şəhidlərimiz olsa da dəhlizi, dəhlizin üstündəki yüksəkliyi ələ keçirtdik. Ağır artilleriya atəşlərinə məruz qalsaq da irəliləyirdik. Hətta kimsə “Şirəliyev, irəli, yoxsa geri?” soruşduqda, o, “yalnız irəli getməliyik” deyə, əmr etdi. Hədəfimiz Şuşa şəhəri idi. O səmtə istiqamətləndik. Qarşıda bizi tələyə salacağını düşünən hiyləgər yağını yenə də peşiman etdik. Düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikasını məhv etdik. 2 ədəd BMP-ni yararsız hala salaraq qənimət götürdük. Lakin yarımsaatlıq ağır vuruşda cəsur və təmkinli qrup komandirimizi – baş leytenant Sahib Şirəliyevi itirdik.

Əvvəlcə elə bildim ki, qaya arxasında mövqe tutub. Çağırdım hay vermədi. Yaxınlaşanda arxası üstdə yerə uzanan cansız bədənini gördüm. Sol çiynindən yapışıb özümə tərəf çəkdim. Güllə baş nahiyəsindən dəymişdi. Titrəm-titrəm əsən əlimi uzadıb gözlərini basanda hansı hisslər keçirdiyimi bir Allah bilir...”

                                                             ***

Şuşa uğrunda döyüşlərdə canını qurban verən qəhrəman hərbçimiz noyabrın 14-də, doğulduğu Ərkivan qəsəbəsində torpağa tapşırılıb. Həmyerlisi, Tovuz döyüşlərində şəhid olmuş mayor Anar Novruzovun məzarının yanında dəfn edilib.
Dəfn mərasimində şəhidin tabutuna bükülmüş üçrəngli dövlət bayrağımız qardaşına təqdim edilib.

Şəhid baş leytenant Sahib Yusif oğlu Şirəliyev respublikamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə fədakarlığı, yüksək peşəkarlıqla rəhbərliyi, düşmənin canlı qüvvəsi və döyüş texnikasının məhv edilməsindəki rəşadəti və öz vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə, Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

                                                          ***

Övlad itirmək nə qədər ağır olsa da, zəfər sevinci Şirəliyevlər ailəsini ovundurur. Vətənin keşiyinə qorxmaz, bacarıqlı iki hərbçi oğul böyüdüb göndərən Yusif ata, Şölə ana, başınızı dik saxlayın, oğlunuz qəhrəmanlıq tarixi yazdı! Sizin timsalınızda bütün qəhrəman döyüşçü və şəhidlərimizin valideynləri qarşısında baş əyirik ki, belə vətənpərvər oğullar böyütmüsünüz. 

Vətəni canı bahasına bütöv edən Sahib kimi şəhidlərimizin sayəsində nəinki düşmənlərimiz, bütün dünya Azərbaycan dövlətinin və ordusunun gücünü bir daha gördü.

Ruhun şad olsun, şəhidim! Müqəddəs mübarizən Şanlı Qələbəmizlə yekunlaşdı. Uca məqamınla fəxr edirik! Fəxr edirik ki, andına sadiq, sözünə sahib çıxdın, müqəddəs qanını axıtdığın torpağı vətənləşdirdin.

 

Akif AĞAYEV,
Masallı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Naftalanda ŞİH-nin və DTA-nin layihələri həyata keçirilir 22 Yanvar 2021, 16:27 Zidan koronavirusa YOLUXDU 22 Yanvar 2021, 16:22 Zakir Həsənov Britaniyanın Azərbaycandakı səfiri ilə görüşdü 22 Yanvar 2021, 16:16 Həmkarlar Konfederasiyasından “Qarabağ Dirçəliş Fondu”na 100 min manat ianə 22 Yanvar 2021, 16:10 ABŞ-ın ermənipərəst konqresmenləri niyə fəallaşıblar? - ŞƏRH 22 Yanvar 2021, 16:04 Bakıda 6 evdən oğurluq edən şəxs saxlanıldı 22 Yanvar 2021, 16:00 Çingiz Qənizadə: “Leyla Yunus yenə də öz ampluasındadır” 22 Yanvar 2021, 15:55 Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb - XİN-dən Avropa Parlamentinə sərt CAVAB 22 Yanvar 2021, 15:50 “YAŞAT” Fonduna toplanan vəsaitin məbləği AÇIQLANDI 22 Yanvar 2021, 15:44 Metronun “8 Noyabr” stansiyasına rəis müavini də təyin edildi 22 Yanvar 2021, 15:38 Oğul şəhid oldu, atasının ürəyi dözmədi 22 Yanvar 2021, 15:32 Parlamentin komitəsinin yaz sessiyası üçün iş planı təsdiqləndi 22 Yanvar 2021, 15:27 Sənədlərin notarial təsdiqinə görə rüsum 3 dəfə azaldılır 22 Yanvar 2021, 15:22 Qaz sayğaclarından narazı olan abonentlərin NƏZƏRİNƏ 22 Yanvar 2021, 15:17 Rəsmi Yerevan Azərbaycan-Türkiyə təlimlərinə ETİRAZ ETDİ 22 Yanvar 2021, 15:11 Nazirdən Xudavəng monastırı ilə bağlı AÇIQLAMA 22 Yanvar 2021, 15:06 Birdəfəlik əkin subsidiyası üçün müraciətlərin qəbuluna başlanılır 22 Yanvar 2021, 15:00 Akif Nağı ömürlük məhbuslara ƏFV İSTƏDİ 22 Yanvar 2021, 14:57 Şahbaz Quliyevin anası vəfat etdi 22 Yanvar 2021, 14:52 Ailə, qadın və uşaq məsələləri komitəsinbin iclası keçiriləcək 22 Yanvar 2021, 14:46 Darıxmağın ləzzəti 22 Yanvar 2021, 14:41 Valideynlər bu halda övladlarını məktəbə göndərməyə bilər 22 Yanvar 2021, 14:40 Şuşa döyüşlərində şəhid olan çavuş 22 Yanvar 2021, 14:34 Distant təhsil, zamanı itirməyək 22 Yanvar 2021, 14:28 Bu yolda hərəkət məhdudlaşdırılır 22 Yanvar 2021, 14:22 Yük avtomobilindən 38 ədəd “Iphone 12” götürüldü - VİDEO 22 Yanvar 2021, 14:16 Narazı şagirdlərin yenidən qiymətləndirilməsi keçiriləcək - Şöbə müdiri 22 Yanvar 2021, 14:10 Xüsusi təhsil müəssisələrinin fəaliyyəti bərpa oluna bilər 22 Yanvar 2021, 14:05 Azərbaycanda yeni agentlik yaradıldı - FƏRMAN 22 Yanvar 2021, 14:00 Niyazi Bayramov şəhid və qazi ailələrinin problemləri ilə maraqlanıb 22 Yanvar 2021, 13:57 Co Bayden qazaxıstanlı xanıma vəzifə verdi - FOTO 22 Yanvar 2021, 13:53 İtkin düşən leytenantın şəhid xəbəri gəldi 22 Yanvar 2021, 13:52 Bu il müəllimlərin sertifikasiyası keçiriləcək? - Nazirdən cavab 22 Yanvar 2021, 13:50 Təbii sərvətlərə vurulmuş ziyanın qiymətləndirilməsinə Şura üzvləri də cəlb olunacaq 22 Yanvar 2021, 13:47 Müəllimlərin işə qəbulu müsabiqəsi bölgələrdə də keçiriləcək 22 Yanvar 2021, 13:42