Modern.az

Jurnalistlər Azərbaycan-Türkiyə Media Platformasından nə GÖZLƏYİR…

Jurnalistlər Azərbaycan-Türkiyə Media Platformasından nə GÖZLƏYİR…

3 Fevral 2021, 15:36

Ötən gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” anlaşma Memorandumu təsdiqlənib.

Bu platforma Türkiyə-Azərbaycan jurnalistləri üçün böyük imkanlar açır və dünya səviyyəsində jurnalistlərimizin yetişməsi üçün böyük zəmin yardır.

Maraqlıdır, bu anlaşmadan sonra media sahəsində hansı dəyişikliklər olacaq?


Modern.az
bir neçə jurnalistə bu sorğu ilə müraciət edib.


Oxu.az saytının əməkdaşı Aqşin Kərimov
bildirib ki, sənəd iki ölkənin media sahəsindəki əməkdaşlıq dairəsinin çərçivəsini genişləndirir. Bu, hər iki ölkənin istər rəsmi media qurumları, istərsə də digər növ media qurumları arasında mühüm çağırışlar qoyur:


“Burada jurnalistika təhsilində mübadilə proqramları da, media orqanları arasında tərəfdaşlığın qurulması da nəzərdə tutulur. Bu, media sahəsindəki ikitərəfli əməkdaşlığın keyfiyyətcə yeni fazasıdır.

Düşünürəm ki, bu yeni mərhələdə bilik və təcrübələr, mənbələrin qarşılıqlı paylaşılması, dezinformasiyalara qarşı birgə mübarizə tədbirləri də yer alır”.

Jurnalistin fikrincə, sənəd Azərbaycanda medianın jurnalistika prinsipləri əsasında daha da inkişafına təkan verəcək, Bu isə Azərbaycanın media məkanında azad rəqabət mühitini formalaşdıra bilər.


Azvision.az saytının parlament müxbiri Anar Kəlbiyev
qeyd edib ki, Türkiyə-Azərbaycan Media Platformasının yaradılması çox təqdirəlayiq təşəbbüsdür:


“Bu, çox yaxşı və təqdirəlayiq təşəbbüsdür. Vətən müharibəsində qardaş Türkiyə mediası informasiya savaşında bizə böyük dəstək verdi. Bunu hər kəs gördü. Düşmən təxribatlarının dünya ictimaiyyətinə çatdırılmasında qardaş ölkənin televiziyalarının böyük rolu oldu. Bu baxımdan əməkdaşlıq çox vacibdir.

Bu gün informasiya savaşı davam edir. Türkiyənin burada dəstəyi mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, bu əməkdaşlıq Azərbaycan və Türkiyənin informasiya müharibəsindəki gücünü artıracaq. Həmçinin, bu əməkdaşlıq çərçivəsində media işçilərinin təcrübə üçün Türkiyəyə getməsi yaxşı olardı.

Gənc jurnalistlərin qardaş ölkənin media qurumlarında təcrübə keçməsi onların peşəkarlığının artırılmasına dəstək olar. Bununla yanaşı, jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin də bu imkanalardan yararlanması onların gələcək fəaliyyəti üçün uğurlu yol açar”.


Pravda.az saytının baş redaktoru İlkin Pirəlinin
sözlərinə görə, əsas məqsəd media sahəsində bilik və təcrübənin paylaşılmasıdır:


“Azərbaycan və Türkiyə arasında birgə media platformasının yaradılması ilə bağlı qərar yüksək qiymətləndirilməlidir. Bu cür platformanın yaradılması təklifi dəfələrlə səsləndirilib. Nəhayət, bu məsələ ilə bağlı qərar verildi. Burada əsas məqam media sahəsində bilik, təcrübənin paylaşılmasıdır.

Türkiyə böyük dövlətdir, orada media kifayət qədər inkişaf edib. Azərbaycan media nümayəndələrinin türkiyəli həmkarlarla əməkdaşlığı yalnız fayda verə bilər.
Önəmli məqamlardan biri də beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılmasıdır”.

İ.Pirəli qeyd edib ki, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Media Platforması mühüm rol oynayacaq:

“İki qardaş ölkənin birləşərək birgə mübarizə aparması əhəmiyyətli nəticələrə gətirib çıxaracaq. Çünki bilirsiniz ki, ermənilər Azərbaycanla bağlı yüzlərlə dezinformasiya xarakterli məlumatlar yayır. Haqq işimizin, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Media Platforması mühüm rol oynayacaq. Vətən müharibəsi döyüş meydanında başa çatsa da, diplomatik, informasiya müstəvisində davam edir. Türkiyə 44 günlük savaşda Azərbaycana həm mənəvi, həm də siyasi dəstək verib.

Düşünürəm, Azərbaycanda yeni yaradılan Medianın İnkişafı Agentliyi bu istiqamətdə töhfəsini verəcək. Ölkəmizdə media siyasəti tamamilə dəyişib, müsbət meyillər görünməkdədir. Bütün bunlar yalnız və yalnız inkişafa aparacaq. Arzu edərdik ki, nəticə gözlədiyimizdən də artıq olsun”.


Fidan İlqarqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir