Modern.az

14 fevral - Azərbaycanda televiziyanın yarandığı gün...

14 fevral - Azərbaycanda televiziyanın yarandığı gün...

14 Fevral 2021, 10:38

Bu gün Azərbaycanda televiziyanın yaranmasından 65 il ötür.

 

Modern.az xəbər verir ki, ölkəmizdə televiziya 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. Bakı televiziya mərkəzi üçün binanın inşasına 1954-cü ildə start verilib və telemərkəzin binasının açılışı 1955-ci ilin sonunda baş tutub.

 

1956-cı ilin fevralına qədər "Bakı studiyası"nın ara-sıra sınaq verilişləri yayımlanıb. İlk veriliş günü ekranda Nəcibə Məlikova görünüb və çıxışına "Göstərir Bakı!" kəlməsi ilə başlayıb. Bununla yanaşı, həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirilib. "Bakı studiyası" əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxıb. İlk mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından orada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət ediliblər.

 

Lakin 70-ci illərdən etibarən "Azərbaycan Televiziyası"nın gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırılıb. 2005-ci ilin yanvarından isə televiziya 24 saatlıq fasiləsiz yayıma keçib. Azərbaycanda televiziya yayıma başladığı 1956-cı ildə teleqüllənin inşası tam başa çatmamış olub. Ona görə də "Bakı studiyası"nın ötürücüsü 44 metrlik adi neft buruğunda quraşdırılıb. 1957-ci ildə hündürlüyü 180 metr olan teleqüllə istifadəyə verilib.

 

O zaman qüllənin vasitəsilə ötürülən verilişlərə yalnız paytaxtda və onun ətrafında baxmaq mümkün olub. Proqram saatının artırılması, qabaqcıl texnologiyanın rabitə və telekommunikasiya sistemində tətbiq olunması yeni teleqüllənin ucaldılmasını tələb edirdi. Ona görə də 1979-cu ildə Azərbaycan SSR Rabitə Nazirliyi Bakıda 310 metrlik teleqüllənin tikilməsi üçün fəaliyyətə başlayıb.

 

Təməli 1981-ci ildə qoyulan yeni televiziya qülləsi 1996-cı il iyunun 7-də istifadəyə verilib. 1971-ci il noyabrın 7-dən Azərbaycan televiziyası rəngli yayıma başlayıb. 2004-cü ilin fevralından başlayaraq AzTV-nin proqramlarının Avropa ölkələrində daha keyfiyyətli yayımı təmin edilib. Bu məqsədlə Teleradio İstehsalat Birliyinin mütəxəssisləri teleqüllə kompleksində yeni rəqəmsal TV – "Up-link” stansiyasını quraşdırıblar.

 

İndi Azərbaycan Televiziyasının verilişləri həmin stansiyadan Avropaya "Hot Bird" və "SESAT", Şimali Amerikaya "Galaxy 25", Asiyaya "Turksat 1C" peykləri vasitəsilə yayılır. 2007-ci ildə Avropaya yayımın texniki müvafiqliyinə görə Azərbaycan Televiziyası "Avropa keyfiyyəti" medalına layiq görülüb. Hazırda AzTV yüksək keyfiyyətli rəqəmsal (HD formatında) formatda yayımlanır.

 

Qeyd edək ki, bu gün həm də “Mədəniyyət TV” kanalının yaranma günüdür. 2011-ci ilin 14 fevralında saat 21:00-da fəaliyyət başlayan kanalın 10 yaşı tamam olur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi