Modern.az

Lukaşenko Azərbaycandan nə “qoparmaq” istəyir?

Lukaşenko Azərbaycandan nə “qoparmaq” istəyir?

İqtisadiyyat

15 Aprel 2021, 10:26

Aleksandr Lukaşenkonun İlham Əliyevlə mətbuata birgə bəyanatları zamanı səsləndirdiyi bir fikri onun perspektiv arzularının ictimaiyyətə ötürülən rüşeymi hesab etmək olar.


Belə ki, Lukaşenko Azərbaycandan böyük hədəfə hesablanan öz “qiymətli” iqtisadi gözləntilərini dilə gətirib .


İlk baxışda bunun üzərindən sükutla keçmək olardı, bir cümləni sadəcə qarşı tərəfə simpatiya ifadə edən şablon tezis kimi dəyərləndirmək olar.


Ancaq rəqəmləri müqayisə etdikdə Lukaşenkonun səfərinin pərdəarxasında dayanan əsas məqamlara işıq tutmaq olar.


Bəs Lukaşenko nəyi hədəfləyir?


Azərbaycan Belarusu Qarabağın bərpası prosesində iştiraka təşviq edir, bunun müqabilində isə cənab Lukaşenko Azərbaycan qızılından pay almaq niyyətlərini açıq olmasa da, dilə gətirir.


Birinci rəqəmlərə nəzər yetirək: Azərbaycanın qızıl ehtiyatları 101 tondan çoxdur, 2020-ci il üzrə qızıl ixracı qeyri-neft sektorunda ilk yerdə qərarlaşıb. Qızıl bütünlüklə İsveçrəyə ixrac edilir.


Belarusun isə qızıl ehtiyatı 43 tondan artıqdır. Belarusun anbarlarında Rusiyanın qızıl ehtiyatlarına daxil olan qiymətli daşlar saxlanılır, lakin bu, Belarusun deyil. Bakının Minskə qızıl ixrac edəcəyi isə əslində şübhə altındadır, bunu iqtisadçılar təhlil edə bilər. Yəqin ki, bunun iqtisadi-maliyyə perspektivləri zəifdir.


Lukaşenko bəyanatında deyib: “Sən demə, Azərbaycanın dəmir filizi ehtiyatları, müxtəlif hesablamalara görə həcmi 15 milyard dollara qədər olan böyük qızıl filizi ehtiyatları da varmış”.


Onun açıqlamasındakı ritorikadan duymaq olur ki, “sən demə” deməklə əslində “mən də bundan pay almaq istəyirəm” arzusunu çatdırıb.


Nəticə: Lukaşenko Azərbaycandan qızıl idxalını reallaşdırılmasına çalışır və bunun çətin olduğunu başa düşür. Ona görə də, ikinci və daha real variantı gündəliyə gətirir ki, bu da Qarabağdakı qızıl yataqlarının istismarında Belarusun iştirakıdır.


Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...