Modern.az

Ukrayna-Rusiya müharibəsi olacaq? - Azərbaycanlı deputatların ŞƏRHİ

Ukrayna-Rusiya müharibəsi olacaq? - Azərbaycanlı deputatların ŞƏRHİ

Parlament

21 Aprel 2021, 16:14

Rusiya ilə Ukrayna arasındakı gərginlik artan xətlə davam edir. Bu gərginliyin sonu müharibə ilə bitə bilər?


Rusiya-Azərbaycan dostluq qrupunun üzvləri məsələ ilə bağlı Modern.az-a danışıblar.


Deputat Azər Badamov deyib ki, Rusiya-Ukrayna münasibətləri hazırkı dövrdə ən gərgin anını yaşayır:


“Rusiya Ukrayna sərhədinə böyük həcmdə hərbi qüvvə yığıb. Demək olar ki, müharibənin astanasındadırlar. Amma son günlərin vəziyyəti onu deməyə imkan verir ki, orada heç bir toqquşma baş verməyəcək, hansısa hərbi əməliyyatın olması gözlənilmir. Rusiya-Ukrayna münasibətləri çətin dövrünü yaşayır. Rusiya Ukraynanın qonşusudur və gərginlik müvəqqətidir. Çətinliyin yaşanmasının kökündə Ukraynanın Luqansk, Donbas vilayətlərinin separatçılar tərəfindən zəbt olunması, Krımın Rusiya tərəfindən ilhaq edilməsi durur. Zaman keçdikcə, münasibətlərin öz məcrasına qayıdacağını düşünürəm. Çünki Rusiya üçün ən maraqlı məqam Ukraynada NATO qoşunlarının yerləşdirilməməsidir. Əgər Ukraynada NATO qoşunları yerləşdirilsə, bunu Rusiya özü üçün böyük təhlükə mənbəyi sayacaq. Bütün baş verənlərin kökündə bunun dayandığını görürük.
Rusiya nə qədər can atsa da, NATO-ya üzv ola bilmir və bu,  baş tutmayacaq. Çünki NATO nizamnaməsində qeyd olunur ki, NATO-ya üzv olacaq ölkələrin ərazi bütövlüyü ilə bağlı hər hansı bir münaqişəsi olmamalıdır. Ukrayna bu gün münaqişəli günlər yaşadığına görə NATO-ya qəbul olunmadı”.


Azər Badamov bildirib ki, Rusiya və Ukrayna slavyan xalqlarıdır və bu gün münqaişənin gərginləşməsində kənar qüvvələrin də rolu var:


“Bu münasibət həmişə belə davam edə bilməz. Ortaq məxrəcə gələcəklər və diplomatik münasibətlər yenidən yaranacaq”.


Deputat Fəzail Ağamalı Rusiya və Ukrayna arasındakı qarşıdurmanın getdikcə gücləndiyini, ittihamların qarşılıqlı xarakter daşıdığını düşünür:


“Rusiya Ukrayna ilə sərhədə çox sayda canlı qüvvə gətirib,  hətta verilən məlumatlara görə, orada aviasiya da var. Ukrayna isə Luqansk və Donetskdə öz suverenliyini təmin etmək üçün israrlıdır.

Artıq bu qarşıdurma ilə bağlı Amerika Birləşmiş Ştatları da Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Rusiya Amerika ilə rəsmi münasibətdə gərgin notlar səsləndirib. Fransa  prezidentinin bu yaxınlardakı açıqlamaları da kifayət qədər ciddidir.

Bu gün Ukrayna uğrunda ciddi döyüş təhlükəsi var. Rusiya Ukraynada olan heç bir mövqeyini itirmək istəmir və Qərbin Ukraynaya daxil olmaması üçün ciddi müqavimət göstərir. Bu qarşıdurmada xüsusi olaraq ABŞ Ukraynanın yanındadır. Artıq NATO-ya məxsus olan gəmilərin Qara dənizə gəlişinə də start verilib.

Qarşıdurmanın nə ilə nəticələnəcəyini söyləmək çox çətindir. Tarixi hadisələrdən də göründüyü kimi, Rusiya bu məsələlərdə heç vaxt kompromisə və güzəştə getmir. Onun strateji hədəfləri gücə və zora söykənib. Bu səbəbdən inanmıram ki, Rusiya güzəştə getsin güman da yoxdur ki, Ukrayna bu missiya qarşısında ağ bayraq qaldırsın. Məsələ kifayət qədər ciddidir. Lokal xarakterli döyüşlər gedə bilər. Ukrayna Azərbaycanın Qarabağ uğrunda gedən əməliyyatlarından da kifayət qədər ruhlanıb. Ukrayna-Rusiya sərhəddini barıt iyi kəskin şəkildə bürüyüb, müharibə qaçılmazdır”.


Mehri QURBAN

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir