Modern.az

İsa Muğannanın nəvəsi: “Babam mənim ən yaxın sirdaşım idi” - MÜSAHİBƏ

İsa Muğannanın nəvəsi: “Babam mənim ən yaxın sirdaşım idi” - MÜSAHİBƏ

Ədəbi̇yyat

30 Aprel 2021, 09:36

“Ədəbiyyatda iddialı deyiləm, onun vurğunuyam”


Modern.az
saytında “Art Time” rubrikası davam edir. Qonağımız mərhum Xalq yazıçısı İsa Muğannanın nəvəsi Səma Muğannadır. 

 

- Sizi tanıyaq...


- Mən Səma Muğanna, 15 yaşım var. Hazırda 189-190 nömrəli məktəbdə oxuyuram. İki kitab müəllifiyəm. Yazarlıq mənim hobbimdir. Yaratdıqlarım mənim dünyamdır və gələcəyimi bilavasitə o dünyanın içində görürəm. Yaratdığım obrazlar arasında mistik obrazlarla yanaşı, real obrazlar da var. Ən böyük arzum isə rejissor olmaqdır. Ən əsası babam, Xalq yazıçımız İsa Muğannaya aid film çəkmək istərdim. İnsan  özünə inanmalıdır və xəyallarının qolundan tutub addımlamalıdır. İnanıram ki, mən bir gün ən böyük arzularıma çatıb öz kitabımı çap edə bildiyim kimi, gələcəkdə də uğurlu bir rejissor olub öz filmlərimi çəkməyi bacaracağam.


- Kitablarınızın mövzusu nədir?

- Ümumiyyətlə, mən əsərlərimi yazanda düşünərək yazmıram. Sanki o əsərləri qulağıma kimsə pıçıldayır və mən yazıram. Yəni səs eşidərək, onları yaradıram. Əsərlərimin demək olar ki, hamısı mistika ilə doludur. Kitablarımın çap olunmasında mənə ailəm, anam və qardaşım dəstək olublar. Atam isə vəfat edib. İlk kitabım hekayələr kitabıdır. “Mələk Səmanın sehirli dünyası” adı ilə çap olunub. İkinci kitabım isə kiçik bir povestdir: “Göyərçinin qəribə sevgi hekayəsi”. Əsəri ona görə belə adlandırmışam ki, onun sonluğu tam olaraq oxuculara bəlli deyil və  əsərdən nəticə çıxarmağı oxucuların öz üzərinə buraxmışam. Əsərdə sonuncu hadisələri oxuculara sual altında yaşatmışam və epiqrafda da qeyd etmişəm ki, oxucular rəy bildirsinlər. İnsanların maraq dairəsini artıracaq bir kitaba çevriləcəyini düşünürəm.


- Babanız İsa Muğannanı necə xatırlayırsınız?

- Babam indi haqq dünyasındadır. Mən deyərdim ki, o, cismani olaraq mənim yanımda yoxdur. Ruhən isə qəlbimdədir. Mən onunla daim söhbət edirəm. Yaşım kiçik olsa da, babamla bağlı maraqlı xatirələrim çox olub. Babam mənim ən yaxın sirdaşım idi. Deyərdim ki, mənim dünyamı anlayan tək və yeganə şəxs idi. O mənə çox böyük dəstək olurdu. Mənim bu günə gəlib çatmağımda da, onun böyük rolu olub. Zahirən zəhmli görünsə də, daxilən İsa Muğanna çox gözəl insan idi. Bəzən mənimlə oyun oynayardı. Bəzən bir-birimizə kitab oxuyardıq və sonra fikir mübadiləsi aparardıq. Mənim yanımda həmişə İsa Muğannanın üzündə təbəssüm olardı və heç bir ağrı-acısını bildirməzdi. Babamın mənə danışdığı nağıllarla böyüdüm. Babamla mənim aramda daha çox sirdaş və dost münasibətləri var idi.

Babamın “Kamilliyə qayıdın” ifadəsi mənim hələ də yadımdadır. O deyərdi ki, canlı və ya cansız olan bütün varlıqları sevmək lazımdır.
Həyatı kiçik körpə addımlarınızla addımlayın və bir zaman o addımlar böyüyəcək. Ən əsası isə o addımlar sizin sevginizlə böyüyəcək. Necə ki, dünyanı eşq xilas edəcək, sizin də sevginizlə xəyallarınız xilas olunacaq. Əgər siz xəyallarınızı bir yerdə gizlətmisinizsə onları aşkar edin və reallaşdırmaq üçün isə ən birinci qəlbinizdəki sevginizi böyütməyə başlayın və bu zaman özünüzə olan inamımınız da artacaq. Həyat körpünüzün istər başlanğıcında, istərsə də sonunda çırağınızın yanacağını unutmayın.


- Ədəbiyyata marağınızın oyanmasında da babanızın sizə təsiri olub?


- Ədəbiyyatı sevməyimdə təbii ki, babamın çox böyük rolu olub. Ədəbiyyatı mən bir fənn kimi qəbul etmirəm. Ədəbiyyat bir dünyadır. Ədəbiyyat insan ruhunun mənəvi qidasıdır .Ədəbiyyat çox mürəkkəbdir və bir o qədər də maraqlı və əyləncəlidir. Ədəbiyyatı bir ağaca bənzədərdim. Necə ki bir ağacın qollarında sevgi ümid və həyat var, ədəbiyyat da məhz belədir. Ədəbiyyat həmçinin var olmaq deməkdir. Necə ki biz içimizdə ümid işığı ilə yaşayıb inkişaf edirik, ədəbiyyat da belədir.


- İsa Muğannanın hansı əsərlərini oxumusunuz və sizcə bu əsərlərdə qeyri-adi nə var?


- “Kollu koşa”,  “Saz” və digər povestlərini, həmçinin onun dillər əzbəri olan “Tütək səsi” povestini oxumuşam. Romanlarını oxumuşam. Babamın əsərləri əsasında çəkilən filmləri izləmişəm. İsa Muğanna əsərləri insanı kamilliyə və haqqa doğru çağırır. Məhz insanı xilas edəcək ən böyük mükəmməllik də budur.


- Ədəbiyyatda gənc yazar kimi iddialısınız? Bəlkə ola bilər ki, indi yazdıqlarınız əsərlər keçici həvəsdir...


- Xeyr, ədəbiyyat mənim üçün keçici bir həvəs deyil. Ədəbiyyat bir dünyadır. Ədəbiyyat bir sirrdir və sən o sirri açmağa çalışdıqca, daim inkişaf edirsən. Ədəbiyyatı mürəkkəb edən onun sahələri deyil, öz yaratdığı dünyasıdır. Ədəbiyyatı sevməyə gəlincə isə necə ki kitabla dost olub onu öyrənirik, ədəbiyyatla da dost olmaq lazımdır ki, onu sevib dərinliklərinə doğru getməyi bacarasan. Ədəbiyyatda iddialı deyiləm, onun vurğunuyam, istər bir oxucu, istərsə də bir gənc yazar kimi. Ədəbiyyata olan bağlılığım onu sevməyimlə yaranıb. O mənim üçün nə keçici həvəs, nə də iddiadır. Ədəbiyyat mənim üçün kainatın özü boyda bir dünyadır.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü