Modern.az

Yevda Abramov: “Bakı Türkiyə-İsrail böhranına müdaxilə etməlidir”

Yevda Abramov: “Bakı Türkiyə-İsrail böhranına müdaxilə etməlidir”

21 Sentyabr 2012, 17:41

“Azərbaycan Türkiyə-İsrail münasibətlərinə müdaxilə etməlidir”. Bu fikiləri Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yevda Abramov Türkiyə ilə İsrail arasında uzun müddətdir davam edən “Mavi Mərmərə” gərginliyinin həlli yollarını Modern.az-a şərh edərkən bildirb. Deputatın sözlərinə görə, rəsmi Bakı Türkiyə-İsrail münasibətlərinin həllində vasitəçilik missiyasını öz üzərinə götürməlidir.

“Türkiyə-İsrail münasibətlərindəki gərginliyin aradan qaldırılmasında Azərbaycanın rolu danılmazdır. Bu haqda media vasitəsi ilə müxtəlif məlumatlar yayılsa da, rəsmi dairələrdə bununla bağlı hər hansı addım atılmayıb. Lakin biz Milli Məclisin üzvləri olaraq Türkiyə dostluq qrupunun deputatları ilə bununla bağlı görüşüb öz köməyimizi təklif etmişik. Amma Azərbaycan hökumətinin rəsmi şəkildə bu işdəki rolu hiss olunmur. Şad olardım ki, Azərbaycan Türkiyə-İsrail münasibətlərində vasitəçilik missiyasını öz üzərinə götürsün. Hesab edirəm ki, bu işdə Azərbaycan öz köməkliyini göstərməlidir. Türkiyə ilə İsrail arasındakı münasibətlərin normal məcrada davam etməsi Yaxın Şərq ölkələri üçün də əlverişli olacaq”, - deyə Y.Abramov vurğulayıb.

Deputat daha sonra bildirib ki, Azərbaycan qardaş Türkiyə ilə İsrail arasında yaranan gərginliyin daha da şiddətlənməməsi üçün tərəfləri danışığa səsləməlidir. Y.Abramovun sözlərinə görə, istər Türkiyə olsun, istərsə də İsrail. Azərbaycanın qaldıracağı təşəbbüsə müsbət reaksiya verəcək:

“Qeyd etmək istərdim ki, əgər Azərbaycan öz misiyasını ortaya qoysa, müsbət nəticə əldə etmək olar. Bu gün ictimaiyyətin bilmədiyi çox şeylər var. Ən pis ehtimalda belə, bu üç ölkə səviyyəsində bir masa arxasında oturub bu işi çözmək olar. Ortaq məxrəcə gəlmək lazımdır. Mən dəfələrlə olub ki, İsrail nümayəndələri ilə görüşdə onlara bildirmişəm ki, siz Türkiyənin ünvanına sərt çıxışlar etməklə Azərbaycanı tənqid etmiş olursuz. Biz bir dövlət, iki millətik. Hətta qeyd etmişəm ki, siz bu hərəkətinizlə iki dostunuzu itirirsiniz”.

Qeyd edək ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bir neçə gün bundan öncə Ukraynaya rəsmi səfəri zamanı “Mavi Mərmərə” ilə bağlı yenidən İsrailə qarşı sərt çıxış edib. Baş nazir bildirib ki, yaranan gərginliyin aradan qaldırılmasında vasitəçilik etməyə çalışan ölkələr müsbət nəticəyə nail ola bilməyəcəklər. R.T.Ərdoğan həmçinin bildirib ki, İsrail baş verən olaylara görə, üzr istəməsə,  münasibətlərdə müsbət heç nə dəyişməyəcək. Türkiyə rəsmisi İsrailin kompensasiya da verməli olduğunu istisna etməyib.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir