Modern.az

Qaragöl ətrafındakı gərginlik ciddi bir səhvimizi üzə çıxardı - Laçınlı HÜQUQŞÜNAS

Qaragöl ətrafındakı gərginlik ciddi bir səhvimizi üzə çıxardı - Laçınlı HÜQUQŞÜNAS

Qarabağ

21 May 2021, 16:59

““Dağ mirvarisi” Qaragöl ətrafında son günlər yaşanan gərginlik yaxın tariximizdə yol verdiyimiz bir ümumi səhvimizi də üzə çıxardı. Düşmən tərəfin Qaragöl ətrafında dirəşib, “buralar bizimdir” deməsinin bir səbəbi də odur ki, onlar hələ 1950-1960-cı illərdən öz tərəflərindən gölün sahilinə qədər kifayət qədər rahat yol çəkmişdilər. Göl və ətrafı bizim ola-ola istədikləri vaxt oralara gəlib-gedə bilirdilər, göldən Gorusa boru ilə içməli su xətti çəkmişdilər, orada balıq yetişdirib yeyirdilər, arada bizə də balıq satırdılar və s…”.

Modern.az xəbər verir ki, bunu əslən Laçın rayonundan olan tanınmış hüquqşünas, nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov bildirib.


“Amma bizim olan Qaragölə biz tərəfdən yalnız yayda (yaylaq vaxtı) atla və ya piyada gedə bilirdik. Özü də nəinki sərhədə yaxın yerləşən Qaragölə, həm də Əhmədli və Minkənd kəndlərindən Qərbdə və Şimal-Qərbdə yerləşən yüzlərlə kvadrat kilometr (bəzi kiçik rayonlarımızın ərazisi qədər olan) yaylaq sahələrinə də yalnız yayda çox bərbad olan yollarla gedə bilirdik”,-Ə.Hüseynov əlavə edib.

Hüquqşünas deyib ki, həmin yalaqlara Beyləqan, Ağcabədi, Bərdə, İmişli, Füzuli, Ağdam, Cəbrayıl rayonlarından hər il 100 minlərlə mal-qara gətirilirdi:

“Lakin yol yox kimi idi. Həm Laçının, həm o dövr üçün kifayət qədər zəngin olan saydığım rayonların, həm də respublikanın səlahiyyətli şəxslərindən heç kim oralara normal yol çəkməyi düşünməmişdi. Oraları 1992-1993-də həm də ona görə asanlıqla itirmişdik…


Düşmən isə SSRİ büdcəsindən hər yolla vəsait qopararaq, az qala hər dağın başına yol çəkmiş, az qala hər qəsəbədə aeroport da tikdirmişdi.


Keçmişdən dərs çıxarmaqla bütün səhvlərimizi düzəltməli, öncə sərhəd boyu tam olaraq ərazi bütövlüyümüzü təmin etməli, daha sonra gözəl ifrastruktur yaratmalıyıq. Elə etməliyik ki, düşmən oralara necə “bitdiyimizi” yaxşıca görüb bir də o tərəflərə baxmasın”.

Qeyd edək ki, hazırda da davam edən sərhəd mübahisəsinin kökündə duran səbəb Ermənistanın 1992-ci ildə Laçını işğal edəndən sonra bu ərazidə dövlət sərhədini irəli çəkməsidir. Laçın bölgəsini 2020-ci ilin noyabrınadək işğal altında saxlayan Ermənistan son günlər Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etməsilə razılaşmır. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri mayın 12-də Laçınla Ermənistanın Gorus bölgəsi arasında yerləşən Qaragöl istiqamətində dövlət sərhədinin dəqiqləşdirilməsinə - delimitasiya və demarkasiyasına çalışır. 

Ermənistan tərəfi isə təxribat xarakterli bəyanatlar yaymaqla Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Guya, Azərbaycanın Silahlı Qüvvələri sərhədi keçərək bir neçə kilometr məsafədə Ermənistanın ərazisinə daxil olub. 

Mübahisə ətrafında Rusiyanın vasitəçiliyilə danışıqlar gedir. 


A.Qorxmaz

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü