Modern.az

Baş redaktorlardan MEDİA-nın müsabiqəsinə REAKSİYA: “Bu, qəzetlərə bir fürsətdir”

Baş redaktorlardan MEDİA-nın müsabiqəsinə REAKSİYA: “Bu, qəzetlərə bir fürsətdir”

1 İyun 2021, 15:04

Medianın İnkişafı Agentliyi (MEDİA) çap mediasına dəstək layihəsi elan edib. Müsabiqə ictimai-siyasi qəzetlər arasında keçirilir. Müsabiqədə iştirak etmək üçün müraciət etmiş qəzet redaksiyaları müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində hər ay üzrə 2 (iki) nömrə olmaqla, ümumilikdə 6 (altı) nömrələrini qaydalara uyğun olaraq Agentliyə təqdim edirlər. Müraciətlərin qəbulu 1 iyun 2021-ci il tarixindən 11 iyun 2021-ci il saat 18:00-dək həyata keçirilir.


Baş redaktorlar müsabiqə barədə fikirlərini Modern.az saytı ilə bölüşüblər.


“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal bildirib ki, müsabiqə media sahəsində aparılan islahatların məntiqi davamıdır:


“Medianın İnkişafı Agentliyinin qəzetlər üçün bu gün elan etdiyi dəstək layihəsi qurumun son bir ildə apardığı islahatların məntiqi davamıdır. KİVDF-nin əsasında yaradılmış Agentlik həm çap mediasının yeni inkişaf mərhələsinə qədəm qoyması, həm də tədricən internet mediasına keçidini təmin etmək üçün indiyədək bir neçə mərhələdə gərəkli addımlar atıb. İndi elan olunan layihə isə daha fərqli və bu sahədə effektivliyi təmin edə biləcək dəyişikliklərdən ibarətdir. Birincisi, Agentlik növbəti dəfə qəzetlərinn tirajına və abunə-satış vəziyyətinə yenidən baxıb. Agentlik qəzetlərin abunə-satış vəziyyətini daim monitorinq və təhlil edir. Bu təhlil nəticəsində ictimaiyyət üçün o qədər də bəlli olmayan reallıqlar üzə çıxır. Dövlətdən daimi maliyyə yardımı alan qəzetlərin real oxucu potensialı, real satış rəqəmləri qəzetlər haqqında təəssürat formalaşdıra bilir. Bu baxımdan, Agentlik elan olunan layihədə yeni standartlar irəli sürüb. Həmçinin, qəzetlərin internet variantının gücləndirilməsi üçün əhəmiyyətli maliyyə dəstəyi nəzərdə tutulur. Bu, qəzetlər üçün bir fürsət olmalıdır”.


Baş redaktorun sözlərinə görə, qəzetlər layihədə nəzərdə tutulan dəstəyi bir fürsətə çevirməlidir:


“Media məkanında rəqabət güclüdür, o cümlədən, dövlət dəstəyinə iddia edənlərin sırası da genişdir. Bu baxımdan, qəzetlər layihədə nəzərdə tutulan dəstəyi bir fürsətə çevirərək, dövrün tələbinə uyğun media qurumu yaratmağı bacarmalıdır. Hər bir yardımın, dəstəyin nəticəsi, bəhrəsi olmalıdır. İllərlə dövlətdən maliyyə yardımını dotasiya şəklində almaq və nəticə ortaya qoymamaq da insafsızlıqdır. Ümid edirəm ki, Agentlik qarşıdakı dövrdə maliyyə dəstəyi göstərilən qəzet saytlarının və digər saytların səviyyəsi, ictimai rəyə təsiri, oxucu çevrəsini öyrənmək üçün mexanizmlər də hazırlayacaq. Bu sahədə də monitorinq işi olmalıdır. Və gələcəkdə, Agentliyin layihələrində bu amillər nəzərə alınmalıdır”.


“525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin fikrincə, əsas məqsədlərdən biri böhran vəziyyətində olan çap mediasının qorunmasıdır:


“Medianın İnkişafı Agentliyi son aylarda gərgin çalışır və mediaya daha geniş dəstək barədə düşünür. Düzdü, burada əsas məqsədlərdən biri kritik vəziyyətdə olan çap mediasının qorunub  saxlanmasıdır. Eyni zamanda, elektron medianın, yeni yaranan saytların, audiovizual mətbuatın inkişafına dəstək proqramı nəzərdə tutulur. Bu baxımdan düşünürəm ki, elan olunan şərtlər bir addımdır. Yəni getdikcə medianın klassik formaları öz yerini yeni mediaya verməkdədir. Bu mənada elan olunan şərtləri keçid dövrü üçün məqbul hesab etmək olar”.


Fidan İlqar

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?