Modern.az

Kino var, tamaşaçı yoxdur: 12%-lik geriləmə

Kino var, tamaşaçı yoxdur: 12%-lik geriləmə

Mədəniyyət

Bu gün, 15:00

Azərbaycan kinoteatrlarında tamaşaçı axını zəifləyib. Rəsmi statistik göstəricilər və müşahidələr son illərdə ölkənin kino zallarında bilet satışlarının əhəmiyyətli dərəcədə azaldığını göstərir.

Modern.az-ın məlumatına görə, kinoseanslara tamaşaçı gəlişlərinin sayı bir ildə 241 min 100 nəfər azalıb. Belə ki, 2024-cü ildə kinoseanslara 1 milyon 952 min 500 tamaşaçı gəlişi qeydə alındığı halda, 2025-ci ildə bu göstərici 1 milyon 711 min 400-ə düşüb. Beləliklə, illik azalma təxminən 12,3 faiz təşkil edib.

Qeyd olunan müddətdə ölkədəki kinozalların və oturacaq yerlərinin sayı isə dəyişməyib. Hər iki ilin sonunda ölkə üzrə 84 kinozal və bu zallarda ümumilikdə 12 min 170 oturacaq yeri fəaliyyət göstərib.

Statistikaya əsasən, azalma yalnız qeyri-dövlət kinoteatrlarında qeydə alınıb. Bu zallara tamaşaçı gəlişləri 1 milyon 944 min 600-dən 1 milyon 703 minə enib. Dövlət kinoteatrlarında isə əksinə, azda olsa artım müşahid olunub — göstərici 7 800-dən 8 400-ə yüksəlib.

Məsələ ilə bağlı ölkənin aparıcı kinoteatr şəbəkələri olan "Park Cinema" və "CineMastercard"a sorğu ünvanladıq.

"CineMastercard" şəbəkəsindən bildirilib ki, kinoteatra gələn tamaşaçıların sayı bilavasitə nümayiş olunan filmlərin keyfiyyətindən və maraq səviyyəsindən asılıdır:

"Bizim tərəfimizdən bilet satışlarında azalma müşahidə olunmur. Kinoteatrlarımız normal və yüksək doluluqla fəaliyyət göstərir, filmlərə maraq və seanslara tələbat kifayət qədər yüksəkdir. Buna görə də hazırda tamaşaçı sayında və bilet satışlarında ciddi azalma olduğunu demək üçün əsas görmürük."

"Park Cinema" rəsmiləri də açıqlamalarında oxşar mövqe nümayiş etdirərək vurğulayıblar ki, tamaşaçı dinamikası nümayiş olunan filmlərin repertuarından asılıdır. Film auditoriya tərəfindən maraqla qarşılandıqda, ziyarət sayı da kifayət qədər yüksək olur.

Lamiyə Cənnətzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər