Modern.az

“Ermənistan artıq ağlını başına yığmalıdır!” - Türkiyəli professor Şuşa Bəyannaməsini ŞƏRH ETDİ

“Ermənistan artıq ağlını başına yığmalıdır!” - Türkiyəli professor Şuşa Bəyannaməsini ŞƏRH ETDİ

16 İyun 2021, 11:38

İyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb.

 

Türkiyəli professor, politoloq Okan Yeşilot Bəyannamənin əhəmiyyəti, sənədin hər iki ölkəyə gətirəcək yeniliklərlə bağlı Modern.az-a danışıb.  


Onun fikrincə, Bəyannamə ilə Türkiyə-Azərbaycan qardaşlığı bir daha beynəlxalq aləmdə təsdiq olundu: 


“Azərbaycan və Türkiyə arasında imzalanan bu Bəyannamənin ən önəmli nəticəsi münasibətlərin gələcəyinə  təminat verməsidir. Düzünü desək, qardaşlıq hüququnun Bəyannamə ilə tarixə həkk olunmasıdır. Azərbaycan və Türkiyə dosta da, düşmənə də göstərdi ki, hər iki ölkənin gələcəyi bir-birinə bağlıdır. Bu gündən sonra Azərbaycana və ya Türkiyəyə qarşı baş verə biləcək hansısa cəhd hər iki ölkəyə yönəlmiş olacaq. Bu baxımdan Bəyannamədəki təhlükəsizliklə bağlı məsələ çox önəmlidir. Beynəlxalq aləmdə də bu Bəyannamə ciddi qəbul edilir. 

 

Bu Bəyannamə ilə Türkiyənin Azərbaycan ordusuna işğaldan azad olunmuş ərazilərlə bağlı görüləcək bütün işlərdə kömək edəcəyi bir daha da təsdiqləndi”. 


O.Yeşilot bildirib ki, Prezidentlərin görüşünün məhz Şuşada keçirilməsi bir daha şəhərin Azərbaycan üçün əhəmiyyətini nümayiş etdirdi: 


“Bu görüşdə birinci siyasi əlaqələr, ikinci təhlükəsizlik  məsələsi gündəmdə oldu, üçüncü isə iqtisadi əlaqələrdən  danışıldı. 

 

Türkiyənin Şuşada Baş konsulluq açmaq planı da təqdir ediləcək addımdır. Türkiyə-Azərbaycan qardaşlığının gələcəyi bir daha bütün dünyaya bəyan edildi. 

 

Ermənilər bunlardan dərs çıxarıb, Azərbaycan torpaqlarından çıxmalı, mina xəritələrini təhvil verməlidir. Əks halda,  Azərbaycan və Türkiyə bu məsələ ilə bağlı hansısa ortaq tədbirlər görəcək. Ermənistan ağlını başına yığmalıdır”.   



Politoloq bildirib ki, bundan sonra ən vacib məsuliyyət media nümayəndələri və siyasətçilərin üzərinə düşür:

 

“Bu məsələlərdə ən vacib məsuliyyət siyasətçilər və media işçilərinin üzərinə düşür. Jurnalistlər baş verən yenilikləri, gerçəkləri Türk dünyası və bütün dünya ilə paylaşmağa diqqət etməlidir. Əks-təqdirdə, erməni diasporu yalan xəbərlərlə dünyanı səhv məlumatlandıracaq. Ona görə Türk mediası birləşib birgə doğru məlumatları yaymağa çalışmalıdır.

 

Bölgədəki siyasi və təhlükəsizlik işbirliyi ilə yanaşı, iqtisadi məsələlərdə də işbirliyi önəmlidir. Həm qaz, həm dəmir yolunun, həm də digər kommunikasiyaların açılması Azərbaycanın inkişafı baxımından önəmlidir. 

Digər əsas məsələ isə ərazilərin yenidən bərpa olunub, doğma torpaqlarından didərgin düşmüş insanların öz evlərinə  qayıtmasıdır. Bu məsələdə də Türkiyə Azərbaycanla bərabər addımlayacaq”. 


Onun sözlərinə görə, ermənilər ağıllarını başlarına yığmasalar,  hər şeydən məhrum olacaq, yoxsulluğa yuvarlanacaqlar: 


“Türkiyə-Azərbaycan arasındakı qardaşlığa Pakistan, Macarıstan və digər Türk cümhuriyyətlərinin qatılması ilə böyük bir ailə olub, problemləri birgə həll edəcəyimizi ilk addım olaraq düşünürəm. Türk dünyası həm siyasi və iqtisadi, həm də təhsil, media sahəsində bir yerdə addımlamağa başlaya bilər.
Ermənilər saxta soyqırımı davasından əl çəkməlidir. Əks halda, onlar hər şeydən məhrum olacaq və yoxsulluğa məhkumlanacaqlar”.

O.Yeşilot bildirib ki, Azərbaycan və Türkiyənin qardaşlıq təməlidə haqq və hüquq vardır, ona görə bu, heç kimi narahat etməməlidir:


“Türkiyə haqq savaşı aparan Azərbaycanın yanındadır. 

30 il işğal altında olan torpaqların məsələsi beynəlxalq qurumlar tərəfindən nə qədər müzakirə olunsa da, öz həllini tapmadı. Azərbaycan əzəli torpaqlarını öz silahı gücünə işğaldan azad etdi. Qardaş Türkiyə də Azərbaycanın ən böyük dəstəkçisi oldu. Bu haqq və hüquq müharibəsidi.

Türkiyə Şuşa Bəyannaməsi ilə bundan sonra da Azərbaycana dəstək olacağını bildirdi.  

Azərbaycan və Türkiyə qardaşlığı hər iki ölkənin mənfəətindən başqa, digər dövlətlərin də mənfəətinə təsir edir”.

 

Fidan İlqar

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?